12 Fevral 2024 13:00
365
GÜNDƏM

Aqil Abbas:" Ermənistan nəqliyyat dəhlizinin yaradılmasını qəsdən uzadırsa..." 

Xəbər verdiyimiz kimi Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək quru və dəmir yolu marşrutlarının açılmasına razılıq verən bəyannamə imzalayıb.

Hətta ötən həftə “TRT World” məlumat yaydı ki, Azərbaycan qərb rayonlarını Naxçıvanla birləşdirəcək və Çindən Mərkəzi Asiyaya, Xəzər dənizinə, Qafqaza, eləcə də Türkiyəyə uzanan Orta Dəhliz üçün marşrut rolunu oynayacaq Zəngəzur dəhlizi avtomobil və dəmir yollarının tikintisini davam etdirir.
Buna baxmayaraq, Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzadır.
Milli Məclisin deputatı Aqil Abbas saytımıza Ermənistanın nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzatmasının səbəbləri ilə bağlı geniş bir açıqlama verib.


Millət vəkili bildirib ki, 44 günlük müharibədən məğlub çıxan Ermənistan Azərbaycan ordusunun zərbələrindən yayınmaq üçün 10 noyabr sazişinə tələsik imza atdı, öhdəliklər götürdü, amma hələki, imza atdığı məsələlərin həllini yubatmaqda davam edir: "Belə bir mövqedə qalmaq isə növbəti bir qarşıdurmaya zəmin yarada bilər. Bunu əlbəttə ki, şüurlu şəkildə Ermənistan hakimiyyəti də anlayır.

Bilir ki,  Ermənistan 2020-ci ildə də, ondan sonrakı lokal döyüşlərdə də, antiterror əməliyyatı zamanı da ciddi uğursuzluğa uğrayıb. Ordusu da, cəbbəxanası da,  separatizmin qeyri-qanuni hökmranlığı da darmadağın olub.

Ermənistan Baş naziri N.Paşinyan da onun hakimiyyəti də bunu anlayır ki, Azərbaycan növbəti dəfə haqqı olanı almaq üçün güçdən istifadə etsə, Ermənistan ordusu 2020-ci ilin noyabrındakı duruma düşəcək. Amma Ermənistana "ürək-dirək" verən qüvvələr var. Məsələn son 5-6 ayda Fransanın , Hindistanın Ermənistanla bağladığı silah müqavilələri və Ermənistanın cəbbəxanasının zənginləşdirlməsi, müasir silahlarla təmin olunması bu ölkədə eyforiya abu-havası yaradıb.

Xüsusən revanşist ermənilərin qənaəti budur ki, Qarabağ yenidən işğal olunmalıdır. Azərbaycan ordusunun qəti qələbəsindən sonra hələ də Ermənistanda böyük qism Qarabağın yenidən ermənilərə məxsus olacağını düşünür. Bu düşüncəni isə ermənilərə yaşadan Ermənistanın silahlandırılması, Fransa və ABŞ kimi hegemon ölkələri Azərbaycana qərəzli münasibəti dayanır. Ermənistanın hərbiləşdirilməsi proqramına başlayan ölkələr Ermənistanı yeni müharibəyə həvəsləndirməkdə davam edir.

Fransa mediası da açıq şəkildə bildirir ki, Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır. İddiaya görə, “Fontevrault L'Abbedəki” təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur. Əlbəttə ki, bu faktlar Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək quru və dəmir yolu marşrutlarının açılmasına mənfi təsir göstərir, proses qəsdən uzadılır.
Prosesin uzadılması isə marşurutun açılmasında marağı olan nəinki region ölkələrinin, eləcə də dünya ölkələrinin planlarına ziddir. Ermənistan bunun bədəlini ağır ödəmək məcburiyyətində qala bilər" deyə millət vəkili bildirib.

Əntiqə Rəşid