17 Iyul 2024 18:33
402
ƏDƏBİYYAT

Arı ovu - Aqşin Dadaşoğlundan HEKAYƏ

Avqust ayının qorabişirən günlərindən biri idi.

Həyətdəki albalı ağacının altında oturub Bill Qeytsin “Bizim yaratdığımız yeni texnologiyalar müasir insandan 50 il öndədir” fikrini düşünə-düşünə yeni aldığım telefonu qurdalayırdım.

Bu vaxt həyət qapısı açıldı və bibioğlum Ziya kişi həyətə girdi. Mən qonağı qarşılamaq üçün ayağa qalxdım. Salamlaşdıqdan sonra Ziya kişi özünü mütəkkəli stulda rahlayıb dərhal mətləbə keçdi.

-Dayıoğlu, sən heç arı ovuna getmisən?

-Arı ovu nədir, ay bibioğlu, - deyə gülümsədim. – Arı ovu sözünü birinci dəfədir ki, eşidirəm.

-Hə, dayıoğlu arı ovu bizim ata nəslinin hamıdan gizlədiyi sirli bir ovdur. Kənddə bu ovu məndən başqa kimsə bilməz. Bu sirri sənə ona görə deyirəm ki, həm dayımın nəvəsisən, həm də ovla çox maraqlanırsan. Vaxt gələr, bu arı ovu sənə də lazım olar, istifadə edərsən.

-Necə məsləhətdir elə də olsun, bibioğlu. Danış görək, bu arı ovu necə olur?

-Sən heç bizim meşələrdə yaşayan vəhşi bal arıları haqqında eşitmisən?

-Eşitmişəm.

-Bəs hər səhər yediyin balın haradan gəldiyini bilirsən?

-Bilirəm, sən göndərmisən.

-Bax, o yediyin balı verən arı ailəsini mən 3 il bundan qabaq meşədən tutub evə gətirmişəm. Artıb-örüyüb, indi beş pətək olub. Pətəkləri də ki, özün görmüsən.

-Hə, görmüşəm.

-Lap yaxşı. Onda hazırlaş, bu gün səni arı ovuna aparacağam. Meşədə təzə arı ailəsi tapmışam.

-Necə tapmısan, ay bibioğlu. Bu böyüklükdə meşədə hər ağacı güdmüsən?

-Ay rəhmətliyin oğlu, min hektar böyüklüyü olan meşənin ağaclarını bir-bir yoxlamaq olar? Özü də ki, arı ailəsi ağacların ən hündür, yoğun və meşə böyürtkəni sarılmış gövdəsində yuva qurur.

-Bəs sən necə tapırsan?

-Axşamüstü gedərik, səni başa salaram. İndi istidir, bu istidə meşəyə girmək olmaz. Axşamüstü saat altıya hazır ol, özünlə balta, su və uzunqol köynək də götür. Mən at-arabamla gəlib səni götürəcəyəm.

-Yaxşı, bibioğlu, gələrsən. Hansı meşəyə gedəcəyik?

-Aşağı meşəyə..

Aşağı meşə adını eşidib qanım qaraldı..

Bizim kəndin meşələri iki hissəyə bölünür. Aşağı və yuxarı meşələr.

Camaatımız Böyük Qafqaz sıra dağları səmtində olan meşələri “yuxarı meşə” adlandırır. Yuxarı meşədə qədim kurqanlar və məzarlıqlar yerləşsə də və bu tarixi abidələr dövlət tərəfindən qorunsa da kəndlərdə təbii qazın olmadığı illərdə tamamilə məhv olmaq üzrə idi. Kəndlərə təbi qaz çəkildikdən sonra yuxarı meşə özünə gəlməyə başlayıb. Yuxarı meşədə yüzlərlə təbii bulaq var ki, hər an susuzluğunu yatırmağa su tapa bilərsən. Ona görə də yayın istisində yuxarı meşəyə getmək problem sayılmır. Suyu bol, ağcaqanadı az, havası sərin meşədir yuxarı meşə.

Aşağı meşə isə kəndin Şərqində yerləşən və düz dəniz sahilinə qədər uzanan geniş və ucsuz-bucaqsız meşə sahəsidir. Bu meşədə yayda istidən, necə deyərlər, ilan mələyir. Gündüzü boğanaq, gecəsi isə ağcaqanad dolu olan bu meşəyə yay ayında girmək özünəqəsd kimi bir şeydir.

-Ay bibioğlu, bu istidə aşağı meşəyə girərlər? - deyə narazılığımı bildirdim. - Adam istidən ölər ki? Bəlkə bir ay da gözləyək, sentyabrda gedərik?

-Yox, olmaz. O kolluqdakı gəndalaşlara bax. Hamısının meyvəsi yetişib. Deməli arı ovunun əsl vaxtıdır. Getməsək, arının avqust balı zay olacaq. Bu gün getmək lazımdır. Hazır ol, saat 6-da gələcəyəm. İndi gedim, atı tapım. Görüm, çər dəymiş kəhər yenə harada avaralanır?

“Gəndalaşın yetişmiş giləmeyvəsi ilə meşə arısının balı arasında nə əlaqə var” deyə soruşmaq istəyirdim ki, Ziya kişi, “hələlik” deyib sürətli addımlarla uzaqlaşdı.

Ziya kişinin məşhur kəhəri yaxınlıqdan keçən hər hansı bir madyanı görən kimi örüyünün ipini qırıb arxasınca düşərdi. Əgər madyan arabaya qoşulu olsa idi, həngamə ondan sonra başlayardı. Mütləq araba aşmalı, arabadakı adam əlinə sınmaz bir çomaq alıb kəhəri döyüb qovmalı idi. Ona görə də öz madyanlarını arabaya qoşub sahəyə getməli olan kəndlilər atı arabaya qoşmazdan əvvəl Ziya kişinin kəhərinin kəndin hansı səmtində örükləndiyini soruşub dəqiqləşdirərdilər ki, yolda kəhərlə problem olmasın.

Həmin gün düz saat 6-da Ziya kişinin at-arabası artıq bizim qapıda dayanmışdı. Ziya kişi öz kəhər atını Vələsli bulağın üstündə bir sürü madyanla bir yerdə tuturmuş. Kəhər Ziya kişini görüb aradan çıxmaq istəmiş, lakin Ziya kişi kəhər onu görənə qədər atın uzun örük ipini ağaca bağlamış, kəhərin ətrafındakı madyanları isə qovub uzaqlaşdırmışdı. Sonra Ziya kişi kəhəri minib evə çapmış, həmin arabaya qoşmuşdu. İndi dörd təkərli arabaya qoşulmuş kəhər bizim qapıda asta-asta fınxırır, ağzındakı dəmir cilovbəndi gəmirirdi.

Arabaya iki nəfərlik uzun mişar, balta, bir kisə köhnə paş-paltar, iki litrlik butulkalarda su və bir də un kisəsindən hazırlanmış bir çanta qoyulmuşdu. Arabaya oturduqdan sonra Ziya kişi un kisəsindən tikilmiş çantanı mənim qucağıma verdi ki, “bu çantanı möhkəm saxla, dağılmasın”. Çantanın içində iki üç litrlik balonda qatıq, şor-çörək, pomidor-xiyar, bir butulka da ayran vardı. Mən çantanı qucağıma alandan sonra dedim.

-Bibioğlu, nə yaxşı balonlarda qatıq da almısan. Bu istidə qatıq əla gedər.

-Qatıq balonlarını yemək üçün almamışam. Lazımdır.

-Nəyə lazımdır, ay bibioğlu?

-Vaxtı çatanda biləcəksən.

Düşündüm ki, qatıq balonları arabaya Ziya kişinin həyat yoldaşı - bibigəlininin təkidi ilə qoyulub ki, araba getdikcə qatıq balonları yırğalanacaq, yırğalandıqca da yağ qatıqdan ayrılacaq. Ürəyimdə bibigəlininə “əhsən” deyib susdum.

Bibioğlum Ziya kişi 75 yaşlı hündür, arıq və çox çevik bir adamdır. Gəncliyini polis orqanlarında işləmiş, 42 yaşında baş çavuş rütbəsi və “polkovnik” ləqəbi ilə təqaüdə çıxmışdı. İlk baxışdan sərt və qəzəbli görünən Ziya kişi qısa, konkret və ucadan danışmağı sevərdi. Amma nə desəydi, nə söyləsəydi sözünü adamın üzünə qışqıra-qışqıra deyərdi. Ziya kişinin kefinin kef olduğu vaxtlarda ona “dava dayı” deyə müraciət edirdim. Bax, onda Ziya kişi gülümsəyər, yenə qışqıra-qışqıra “şair, sən bilirsən ki, mənim ürəyimdə heç nə yoxdur, qışqırmağıma baxma” deyirdi. Ziya kişi mənim uzaq, lap uzaq qohumum idi. Amma bizim nəsil ona “bibioğlu” deyə müraciət edirdi.

Ziya kişi bizim tərəfin ən məşhur ovçularından biri kimi ad qazanmışdı. Onun haqqında hətta əfsanələr, rəvayətlər də danışırdılar. Ziya kişi haqqında gəzən bu söhbətlərə diqqətlə qulaq asar, ancaq ucadan, ”yalan danışmayın, belə hadisə olmayıb” deyər və özü də heç vaxt yalan danışmazdı. Hərdən Ziya kişi söhbət əsnasında mənim üçün ov sərgüzəştlərindən danışardı. Aramızdakı 20 yaş fərqə baxmayaraq Ziya kişi ilə oturub yeyib-içmək, söhbətləşmək adama ləzzət eləyirdi. Bir dəfə belə məclislərin birində mən ondan çöl toyuğu, yəni qırqovul haqqında soruşdum:

-Ziya kişi, heç qırqovul ovuna getmisən?

-Getmisən nədir, bu meşələrdə qırqovulun kökünü kəsən mən deyiləm? - deyib gülümsədi. Günə 15-20 çöl toyuğu, çöl xoruzu vururdum. Sonra bir hadisə oldu, ondan sonra qırqovul ovunun başını buraxdım. Buraxdım deyəndə ki, quş ovuna az-az getdim, gedəndə də bir-iki quş vurub qayıdırdım.

-Danış görüm, nə hadisə olmuşdu?

-Bir dəfə həmişəki kimi itlərimi də götürüb qırqovul ovuna getmişdim. Sentyabr ayı idi. İtlər kolluqlara girib qırqovulları göyə uçurur, mən də qoşalülə tüfəngimlə quşları bir- bir vurub yerə salırdım. Kolluq sahənin yanı kiçik bir tala idi. Talada traktorçu ”Şestoy”lu molokan Carsun DT-75 traktorunu təmir edirdi. Artıq 15 qırqovul vurmuşdum. İtlərin hürkütdüyü yeni qırqovul dəstəsinə güllə atmaq istəyirdim ki, yaxamdan bir əl yapışıb dedi:

-Xvatit, tvoyu mat, xvatit. Sən buralarda bir uçan quş qoymadın. Səndən Moskvaya - mavzoleyə şikayət edəcəyəm. Heç nə deməyib evə gəldim və bir də quş ovuna getmədim. Gedəndə də gizlin-gizlin gedirdim ki, “Şestoy”lu Carsun görməsin. Qorxurdum, çünki “səndən Moskvaya - mavzoleyə şikayət edəcəyəm” demişdi Carsun.

1820-ci illərdə bizim kəndin ətrafında Rusiya imperiyası koloniyalarını yaradıb üsyankar molokanları o koloniyalara köçürübmüş. Necə ki, bizim igid, qorxmaz kişiləri cəzalandırmaq üçün Sibirə sürgün edərdilər, molokanları da o dövrdə bizim tərəflərdə tüğyan edən malyariya xəstəliyinin düz mərkəzinə yerləşdiriblər. Koloniyaları rus rəqəmləri ilə adlandırırmışlar: Pervıy, Vtoroy, Tretiy, Çetvyortıy, Pyatıy və Şestoy kolon. İndi koloniyaların yerində müasir tipli kəndlər tikilib, amma xalqın dilində bu kəndlərin adları dəyişməyib. Ağsaqqallar danışırdılar ki, ətraf koloniyalarda yaşayan molokanlar çox qəribə və qəddar adamlar olublarmış. Milliyyətləri rus olan bu insanların təriqətlərinin adı molokan imiş. Onlar da müsəlmanlar kimi hər il oruc tuturmuşlar, amma oruclarını süd ilə açar, orucluq vaxtı ancaq süd içirmişlər. İbadət etdikləri təriqətin adı da rus dilində “moloko” sözündən götürülübmüş molokanların. Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı etdikləri mart qırğınlarında molokanların birləşmiş quldur dəstələri ermənilər ilə müttəfiq olub, Qubanın, Şamaxının bir neçə kəndində kütləvi qətliamlar törədiblərmiş. Sovetlər dövründə əksər molokanlar yenidən öz dədə-baba yurdlarına – Rusiyaya qayıdıblar. Amma Azərbaycanda qalıb yaşayan molokanlar da az deyil.

...Aşağı meşəyə gedən torpaq yol tozlu, torpaqlı və dərin çuxurlardan ibarətdir. Bu dərin çuxurlar payızda və qışda meşədən odun daşıyan texnikanın palçığa batıb qaldığı yerlərin nişanələridir. Əgər doğranmış odunla dolu bir maşın meşə yolunda palçığa batıb qalırsa, maşını çıxarmağa mütləq maşından daha güclü bir texnika gəlməli idi. Elə vaxtlar olur ki, batmış maşını çıxarmağa gələn traktor da palçığa batıb qalırdı. O zaman daha güclü, daha ağır texnika tapmaq lazımdır ki, batan texnikanı dartıb palçığın içindən çıxarsın.

...Axşamüstü saat 7-yə işləsə də havada dəhşətli isti və bürkü vardı. Arabamız bir saata yaxın idi ki, meşə yolu ilə hərəkət edirdi. Meşə yolunu yemişanların və cır əzgillərin hörümçək toru basmış nazik budaqları tutmuşdu. Kəhər çala-çuxurla dolu olan yolda yavaş-yavaş irəliləyir, bibioğlum isə əli ilə bizə toxunmalı olan nazik ağac budaqlarını geriyə ötürürdü.

...Meşənin içərisindən kiçik bir talaya çıxdıq. Qucağımdakı çantanı arabaya qoyub yerə düşdüm. Bir siqaret yandırıb talanın ətrafında bitmiş nəhəng qovaq ağaclarına baxmağa başladım. Bürkü olsa da qovaq ağaclarının yarpaqları öz-özlərinə tərpənir, xışıldayırdılar. Tərdən suya dönmüş köynəyimi çıxarıb sıxdım və yenidən əynimə geyindim. Bədənimi xoş bir sərinlik bürüdü. Bibioğlum kəhəri arabadan açıb örüklədi.

Yanıma gəlib xışıldayan qovaq yarpaqlarını göstərib dedi:

-İngilis bayrağı kimi hansı səmtə yelləndiyi bilinmir qovaq yarpaqlarının. Amma yaxşı sərinliyi var.

-Hə, elədir.

-Vəhşi arı ailəsini necə tapmısan?

-Heç kimə deməyəcəksən ki?

Gülümsəyərək, “heç kimə deməyəcəyəm” dedim.

-Onda tərpən, gedək.

Taladan çıxıb yenidən meşə yoluna girdik. Bir az getdikdən sonra bibioğlum yolun içindəki dərin bir çuxurun yanında dayandı. Çuxurun dibində lap az miqdarda su vardı. Yaz yağışları çuxuru su ilə doldursa da yayın istisi suyu buxarlandırmış, çuxurun içində bir-iki ovuc su qalmışdı.

Ziya kişi amiranə səslə, “yanımda otur” dedi.

Çuxurun ətrafında oturduq.

-Diqqətlə çuxura bax. Nə görürsən?

-Arıları görürəm.

-Arılar nə edir?

-Özlərini suya vurub uçub gedirlər.

-Diqqətlə bax, hansı səmtə uçurlar

-Şərq tərəfə.

-Dənizə tərəf.

-Hə, dənizə tərəf.

-Deməli meşənin Şərq tərəfində arı ailəsi yaşayır. Axtarıb tapım gərək.

-Necə tapacaqsan?

-Arılar yay aylarında yuvalarına su daşıyırlar. Suyu yuvalarına ən yaxın yerdən götürürlər. Su aparmağa gələn arı suyu o qədər götürür ki, onların gücü ancaq heç bir səmtə uçmadan yuvasına yetişməyə çatır. Suyu götürdü, düz yuvaya uçur. Bir metr də o yana, bu yana uça bilməz. Yolundan çıxsa, gücü tükənər və yolda ölər.

-Maraqlıdır.

-Hə, maraqlıdır. Mən indi ovuna gəldiyimiz arı ailəsini yeddi km o tərəfdən izləyərək tapmışam. Arının səmtini tutub düz yeddi km meşənin ağaclarını bir-bir yoxlayıb tapmışam.

-Bütün meşəni axtarmısan?

-Yox, ancaq arılar uçan səmtdəki ağacları axtarmışam.

-Yeddi km o tərəfdə su götürən arını izləmisən, axtarmısan, arı yuvasını burada tapmısan?

-Hə, elədir.

-Bəs hanı arı yuvası?

-Bayaq altında dayandığın hündür qovaq ağacının yarıqurumuş yoğun budağında.

-Bəs bura niyə gəldik?

-Sənə arıların necə su aldıqlarını, hansı səmtə uçduqlarını göstərirdim. Gedək at arabasının yanına.

Geri dönüb yenə həmin talaya çıxdıq. Əzəmətli qovaq ağaclarının yanına gəldik.

Ziya kişi üzünü uca qovaq ağacına tutub dilləndi: “Boy-buxunun var, yaraşığın var, amma için boşdur, ay qovaq. Ancaq yarpaqlarını əsdirməyi bilirsən”.

-Bəs arı pətəyi haradadır?

-Qovağın yana çıxmış yoğun, qurumuş və tikanlı şirgil dırmaşmış budağını görürsən?

-Hə, görürəm.

-Diqqətlə həmin budaqdakı deşiyə bax..

-Aha, gördüm.

-Biz o budağı kəsməliyik.

-O yoğunluqdakı tikan basmış budağı necə kəsəcəyik?

-Bax, bu yarı qurumuş vələs ağacını kəsib qovağın gövdəsinin üstünə yıxacağıq. Vələs ağacından nərdivan kimi istifadə edib qovaq ağacına çıxacağıq. Arı yuvası çox hündürdə deyil. 4-5 metr hündürlüyü ancaq olar.

-Birdən yıxılarıq.

-Yıxılsaq qovağın dibindəki, şirgil kolunun üstünə düşəcəyik. Kol bizi saxlayacaq.

-A kişi, kol tikanlıdır axı.

-Heç nə olmaz.

Qurumuş vələs ağacını dibindən mişarlayıb qovağın gövdəsinin üstünə yıxdıq. Balta ilə vələsi budayıb nərdivan kimi bir şey düzəltdik.

Ziya kişi kəsilmiş vələs ağacı ilə düz arı yuvasının yanına çıxıb qovağın başqa budağının üstündə oturdu. Sonra amiranə səslə, “uzunqol köynəyini geyin, mişarı və arabadan əski parçaları olan kisəni götür, bura qalx” dedi.

Dediklərini götürüb mən də ağaca çıxdım. Ziya kişi arı yuvasına baxa-baxa gileyləndi:

-Bu yuvadakı arıların hamısı “kələsər”lərdir.

-Kələsər nədir?

-Kələsərlər erkək arılardır. İşləri-gücləri ana arını mayalandırmaq və qorumaqdır. Arı yuvasının deşiyinə bax. Hər qış gələndə deşiyi “vərəmum”luyub bağlayırlar. Özü də deşiyin ağzında 7 vərəmum dairəsi olduğundan, deməli bu arıların 7 yaşı var. 7 yaşlı arılar isə çox zalım olurlar.

-İndi bizi sancacaqlar?

-Toxunmasaq sancmayacaqlar. Toxunsaq, bizi bədbəxt edəcəklər.

-Necə edək bizə toxunmasınlar?

-Heç nə, gün əyilib, gözləyək, axırıncı arı da yuvaya girsin, yuvanın ağzını əski ilə bağlayıb qovaq budağının gövdəsini də iki metr uzunluğunda kəsib ehmallıca yerə buraxarıq.

-Hə, yaxşı.

Ziya kişi arıların hamısının içəri girdiyinə əmin olandan sonra yuvanın ağzına kiçik əski parçası soxub bağladı.

İlk olaraq arı yuvası olan budağın uc tərəfini kəsməyə başladıq. Mişarla bir az işləmişdik ki, Ziya kişi əlini saxladı. Mişar budağın içində boşluğa düşmüşdü.

-Dayanmaq lazımdır. Bir az da yuxarıdan kəsək. Mişar budağın içindəki boşluğa düşməsin. Boşluğun içi balla və arı ilə doludur.

...Çətin də olsa budağın içində boşluq olmayan hissəsini kəsib yerə atdıq.

-Tələsmək lazımdır. Bu dəqiqə ağcaqanad sürüsü bizə hücum edəcək.

...İndi isə əsas məsələyə keçirik. Ucunu kəsdiyimiz budağı qovaq ağacına birləşən yerdən kəsmək lazımdır. Mişar boşluğa düşsə də, düşməsə də.

-Mişar boşluğa düşsə necə olacaq?

-Heç nə olmayacaq, kəsəcəyik. Amma arılar da, bal da zay olacaq. Həm də kəsilmiş ağacın ortasındakı boşluqdan arılar çıxıb bizə hücum edəcək. Əgər hadisələr mən deyən kimi olsa, budağı kəsdikdən sonra mən ağacdan düşüb qaçacağam. Sən isə ağacda qalarsan.

-Niyə?

-Sən cavansan. Qoy arılar səni sancsın. Məni arı sancanda “oğurğan” oluram.

-“Oğurğan” nə deməkdir?

-O xarici kinolarda var e, adamı bir həşərat sancan kimi bütün bədəni şişir. Bax, məni də arı sancanda bütün bədənim şişir.

-Bəlkə qayıdaq kəndə, budağı kəsməyək?

Ziya kişi yenə amiranə səslə, “ovçu Ziya heç vaxt ovdan əliboş qayıtmayıb” dedi.

Susdum.

...Budağı kəsməyə başladıq. Bir az kəsmişdik ki, mişar budağın içindəki boşluğa düşdü. Mişarın dişlərindən bal süzülməyə başladı. Ziya kişi, “başqa yolumuz yoxdur, budağı kəsməliyik” dedi.

Üstümüzdə bəlkə minlərlə ağcaqanad qanımızı içir, tər-suyun içində budağı kəsirdik. Budaq kəsilən kimi tappıltıyla şirgil kolunun üstünə düşdü. Kəsilmiş budağın içindən yüzlərlə arı göyə qalxdı və üstümə cumdu. İlk hücumda bir neçə arı məni sancdı və mən özümü şappıltıyla aşağı – şirgil kolunun üstünə tulladım.

Ziya kişi məndən qabaqda qaçır və qaça-qaça da şişirdi. Hərdən də geri çevrilib, “sən dayan, sən qaçma” deyirdi.

Başımda fırlanan arı sürüsü məni sancdıqca beynimdə ancaq bir fikir dolaşırdı: “qaçmaq, daha uzağa qaçmaq, var gücümlə qaçmaq”.

Mən artıq Ziya kişinin yanından da yel kimi ötüb özümü budaqlı meşə yoluna salmışdım. Deyəsən arılar məndən əl çəkmişdilər. Bir dəqiqə keçmədi ki, Ziya kişi də mənim yanıma çatdı. Məni tərs-tərs süzüb soruşdu:

-Bax, gör çox şişmişəm?

-Hə, əlin, ayağın, üzün əməlli-başlı şişib.

-Tez ol, hava qaralır, kötüyü arabaya qoyub getmək lazımdır.

-Bəlkə lazım deyil? Budağın başı açıqdı, arılar bizi yenə sancacaq.

-Bu dəqiqə gedib kötüyün açıq yerini də əskilərlə bağlayacağam. Amma birinci mənim bədənimə qatıq sürtmək lazımdır.

...Qorxa-qorxa arabanın yanına qayıdıb qatıq balonlarını Ziya kişinin yanına gətirdim. Ziya kişi köynəyini çıxarıb deyinə-deyinə bütün bədəninə qatıq sürtməyə başladı. Artıq mən məni sancan ağcaqanadları hiss etmirdim. Haradasa 5-6 yerdən məni arı sancmışdı. Ağcaqanad sancması isə bədənim üçün adiləşmişdi.

...Artıq hava tam qaralmaq üzrə idi.

Yerə düşmüş budağın yanına gəldik. Kötüyün açıq tərəfində arılar hirslə vızıldayırdı. Ziya kişi yenə amiranə səslə, “al, bu əski düyünçəsini sox deşiyə” deyə buyurdu.

-Bəs bayırda qalan arılar?

-Bayırda qalanlar kələsərlərdir. Onlar yuvaya girməyəcəklər, ana arını qoruyacaqlar.

-Kimdən?

-Bizdən...

-Gedək evə, arı sancmasından ölə bilərik.

-Sənə heç nə olmaz, sən cavansan, mən də artıq şişdiyimi şişmişəm.

“Ağaca məndən yaxşı dırmaşırdın, sən məndən daha cavansan” deyib acı-acı güldüm.

Əski düyünçəsini kötüyün kəsilmiş yerinə soxanda arılar mənə yenə hücum elədilər. Artıq arılardan qaçmırdım, ağrı adiləşmişdi.

Səhərə yaxın evə çatdıq. Bibigəlinim tez təcili yardım maşını çağırdı. Həkimlər hər ikimizə bir neçə iynə vurub getdilər. Vurulan iynələri heç hiss etmədim...

Səhər bir az özünə gəlmiş və arıçı paltarını geyinmiş Ziya kişi hind quşunun lələyi ilə ana arını kötüyün içindən çıxarıb şirgildən toxuyub üstünü suvaqladığı təzə pətəyin içinə qoydu. Ziya kişinin başına hərlənən arı dəstəsi isə ana arının qoyulduğu pətəyə doluşdu...

Kəsilmiş qovaq budağının içində yaxşı bal var idi. Ziya kişi ağacın içindəki bal şanılarını qazana tökə-tökə dedi: Şair, sən evə get, balı süzüb payını göndərəcəyəm. Amma bir də səninlə arı ovuna getməyəcəyəm.

-Dovşan ovuna necə?

-Payızda gedərik...