ŞƏRƏFLİ ÖMÜR, UNUDULMAZ İNSAN
Tale ona cəmi 63 illik ömür payı ayırdı. Həyatının 40 ilini hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışdı. Azərbaycanın prokurorluq orqanlarında işlədiyi 33 il ərzində yüksək işgüzarlıq, fədakarlıq, əsil peşəkarlıq nümunəsi göstərdi. Milli prokurorluğumuzun inkişafı, hər sahədə qanunçuluğun və qanunların aliliyinin təmin olunmasından ötrü var qüvvəsini, bacarığını əsirgəmədi.
Söhbət böyük istedada malik tanınmış hüquqşünas, təcrübəli, tələbkar, ləyaqətli prokurorluq işçisi, Respublikamızın Əməkdar hüquqşünası, müstəqillik dövründə Azərbaycanın birinci Fəxri Hüquqşünası adına layiq görülmüş baş ədliyyə müşaviri Tələt Balakişi oğlu Qənbərovdan gedir. Sarsılmaz, möhkəm əqidəli, ədalətli prokuror, görkəmli hüquqşünas kimi tanınıb, peşəsinin şərəfini həmişə uca tutub və onu yüksək səviyyədə qoruyub. Həmkarları, onu yaxından tanıyanlar Tələt müəllimin təkcə qanuna və hüquqa aid deyil, eyni zamanda ədəbiyyat, tarix, incəsənət və digər elmlərə dair hərtərəfli, zəngin biliyə malik olduğunu yaxşı bilirlər.
Tələt Qənbərov 1932-ci il avqustun 10-da Qarabağın zümrüd tacı-Şuşa şəhərində dünyaya göz açıb. İxtisasca iqtisadçı olan atası Balakişi və anası evdar qadın Sona xanımın ailəsində 7 uşaq böyüyüb, ərsəyə çatıb. Tələt Şuşada dövrünün tanınmış maarifçisi Mirzə Xosrov Axundzadənin məktəbində mükəmməl orta təhsil alıb.
Məktəb illərindən hüquqşünas olmaq, qanunların aliliyini qorumaq, insanların hüquq və azadlıqlarının keşiyində durmaq arzusu ilə yaşayıb. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək iki il təyinatla Rusiya Federasiyasının Çelyabinsk vilayətində milis idarəsində işləyib. Sonralar Naxçıvan şəhər, Saatlı və Kürdəmir rayonlarında daxili işlər orqanlarında nümunəvi milis zabiti kimi xidmət edib.
1962-ci ildə dərin biliyi, bacarığı, yüksək peşəkarlığı nəzərə alınaraq prokurorluq orqanlarına işə qəbul olunub. Şəmkir rayon prokurorunun köməkçisi, Respublika Prokurorluğunda mühüm işlər üzrə müstəntiq vəzifələrində peşə borcunu şərəflə, ləyaqətlə yerinə yetirib. Qabaqcıl, nümunəvi işinə, səmərəli fəaliyyətinə görə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılıb.
Prokurorluq orqanlarında qısa müddətdə böyük hörmət və nüfuz qazanan Tələt Qənbərov 1971-ci ildə Cəlilabad rayon prokuroru vəzifəsinə irəli çəkilib. Beş il Cəlilabadda, 1976-1987-cı illərdə Lənkəranda, 1987-1992-ci illərdə Göyçayda rayon prokuroru vəzifəsində çalışıb, sonra isə 1995-ci ilədək Baş Prokurorluqda şöbə prokuroru kimi fəaliyyətini davam etdirib. Qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti quruculuğu prosesində prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.
Mən onu yaxından tanıyandan görürdüm ki, Tələt müəllim işgüzar, məsuliyyətli, peşəkar fəaliyyəti ilə daim ön cərgədədir. Amma bu, nə şöhrət, nə də vəzifə sevdasından irəli gəlmirdi. Bu, onun xarakterindən, iç dünyasından, əqidə saflığından və ədalət hissindən qaynaqlanırdı.
Tələt Qənbərov həyatı boyu birinci olmağa deyil, doğru olmağa çalışırdı. Onun məsuliyyətliliyinə, obyektivliyinə, dürüstlüyünə söz ola bilməzdi. Haqqı müdafiə etməkdə birinci idi, çünki ədaləti həyatının əsas prinsipi sayırdı. Yaxşılıq etməkdən, köməksizlərə həyan olmaqdan, ehtiyacı olana əl tutmaqdan zövq alırdı.
1992-ci ildə Göyçayda prokuror işləyərkən erməni vəhşiliyi nəticəsində Qarabağın dağlıq hissəsindən məcburi köçkün düşmüş altı ailəni himayəyə götürərək onlar üçün fərdi evlər tikdirib, məişət avadanlıqları hədiyyə edib. O illərdə qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həllinə kifayət qədər köməklik göstərib.
Rəhbərlik etdiyi kollektivə, onu yaxından tanıyanlara dəyərli məsləhətlər verib, düzgün yol, ağsaqqal nümunəsi göstərib. Bəzən səbirsiz görünsə də əslində səbirsiz deyildi. Səbrin nə olduğunu çox yaxşı bilirdi. Haqsızlıqla üz-üzə gələndə dözə bilmirdi. Heç nədən çəkinmədən mövqeyini ortaya qoyurdu. Obyektivliyi, qətiyyətliliyi bəzən onun üçün maneələr, hətta təhlükə də yaradırdı. Amma prinsipiallığından, ədalətli mövqeyindən əl çəkmirdi.
Xaraktercə mərd, cəsarətli və qorxmaz insan idi. Haqqı deməkdən, ədaləti bərpa etməkdən ötrü vəzifəsini itirəcəyindən qorxmurdu. Əgər bir yerdə ədalətsizlik olsaydı, susmurdu. Kimsə haqsızlığa məruz qalırdısa, köməyini əsirgəmirdi. Bəli, Tələt Qənbərov adi prokuror deyildi. Zamanın səsi, vicdanı və rəmzi idi.
Vətənə, dövlətçiliyə sonsuz məhəbbətlə bağlı, xalqına, dostlarına, ailəsinə sadiq, sədaqətli bir insan idi. İşə münasibəti, peşəsinə sədaqəti xüsusi bir məktəb idi. Neçə gənc nəsil hüquqşünaslar bu məktəbdən dərs alıb. Bu gün o gənclər Tələt Qənbərov məktəbinin müdavimləri olduqları üçün qürur duyur, respublikamızın hüquq-mühafizə orqanlarında vicdanla, ləyaqətlə, xidmət edir, ustadın etimadını doğrultmağa çalışırlar.
Tarixin bəzi anlarında elə şəxsiyyətlər meydana çıxır ki, onların bircə addımı, bircə sözü bütöv bir xalqın mövqeyini, vicdan səsini ifadə edir. Onlar qorxu-hürkünün hökm sürdüyü, haqqın susdurulduğu, təzyiq və təhdidlərin adi hala çevrildiyi zamanda belə haqqın tərəfində dayanmağı bacarırlar. Onlar üçün ədalət sadə anlayış deyil, həyat fəlsəfəsidir. Tələt Qənbərov məhz bu cür insanların sırasındadır. Ləyaqəti, prinsipiallığı, cəsarəti, vətənpərvərliyi ilə Azərbaycanın hüquq tarixinə adını qızıl hərflərlə yazmış qüdrətli bir şəxsiyyətdir.
Lənkəranın prokuroru vəzifəsində işlədiyi zaman atdığı bir addım, bəlkə də çoxlarına kiçik, lokal hadisə kimi görünürdü. Ancaq illər keçdikcə anlayırsan ki, bu, adi xidməti qərar deyildi. Bütöv bir xalqın mərdliyini, iradəsini, qeyrətini və ədalətə sonsuz inamını təcəssüm etdirən misilsiz tarixi qərar idi.
1980-ci illərin sonlarında M. Qorbaçovun bədnam "yenidənqurma" siyasəti nəticəsində sovet imperiyası süquta uğrayır, müttəfiq respublikalarda çox ağır vəziyyət hökm sürürdü. Xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi Heydər Əliyev Moskvada bütün vəzifələrdən uzaqlaşdırılmış, Moskva ətrafında ailəsi ilə birlikdə təqib və təzyiq altında yaşayırdı. Qorbaçovun ölkəmizə qarşı kini o həddə çatmışdı ki, Azərbaycana xüsusi istintaq qrupları göndərərək Heydər Əliyevin rəhbərlik dövrünü araşdırmağı tapşırmışdı. Bu qruplarından biri də Lənkərana göndərilmişdi.
Tələt müəllim istintaq qrupunun məqsədini yaxşı anlayırdı. Bu qrupun “araşdırma” adı altında həyata keçirdiyi missiya əslində Heydər Əliyevə qarşı hazırlanan növbəti siyasi təxribat idi. O zaman Lənkəran rayon prokuroru Tələt Qənbərov elə bir addım atdı ki, bu hadisə Azərbaycanın hüquq tarixində müstəsna nümunə olaraq həmişə xatırlanır. O, Moskvadan gəlmiş istintaq qrupununun fəaliyyətini çox cəsarətli addımla qarşısını aldı. Bu, o dövrün ən qorxmaz, cəsarətli addımlardan biri idi. Özlərini mərkəzin səlahiyyətli nümayəndəsi sayanlar ilk dəfə idi ki, qarşılarında xalqın iradəsini təcəssüm etdirən mərd, qətiyyətli bir azərbaycanlı prokuror görürdülər.
Hadisə dərhal keçmiş ittifaqın mərkəzində böyük rezonans doğurdu. Bakı, Moskva bir-birinə qarışdı. Telefonlar susmurdu, təzyiqlər bir-birini əvəz edirdi. Qorbaçovun tərəfdarları hiddətlə soruşurdular: “Bu kimdir ki, Moskvadan gələnlərə müqavimət göstərir?” Ancaq Tələt Qənbərov bütün təzyiqlərə dözərək geri çəkilmədi. Cavabı qısa oldu: “Siz Qorbaçovun sifarişini yerinə yetirirsiniz. Özbəkistanda xalqı incitdiyiniz kimi, Azərbaycanda edə bilməzsiniz. Heydər Əliyev bu xalqın sevdiyi, dəstəklədiyi ədalətli rəhbərdir. Ona qarşı təxribat burada keçməz.” Bu sözlər, təkcə bir əyalət prokurorunun mövqeyi deyildi, qeyrətli, qəhrəman bir xalqın ürək səsi idi. Tələt Qənbərovun atdığı addım göstərdi ki, ədalətə sadiqlik bəzən qanundan da güclü olur. Çünki qanun yazılır, vicdan isə doğulur. O, bununla vəzifəsini, həyatını riskə atdı. Lakin bu riskin arxasında milli qeyrət, şərəf dayanırdı. Yaxşı bilirdi ki, xalq susmayacaq və ədalətin səsi yaxından mütləq eşidiləcək.
İllər keçdi. Sovet imperiyası dağıldı. Qorbaçov və onun kimilər tarixin zibilliyinə atıldı. Ümummilli lider Heydər Əliyev isə xalqın böyük sevgisi və təkidi ilə yenidən hakimiyyətə qayıtdı. O, Azərbaycanı dağılmaqdan, məhv olmaqdan xilas etdi. Dövlətçiliyə sadiq, təcrübəli, peşəkar prokuror Tələt Qənbərovun mövqeyi isə Azərbaycan xalqının iradəsinin, qətiyyətinin təntənəsi kimi tarixin yaddaşına yazıldı. Xalqın vicdan səsi olan insanlar isə heç vaxt unudulmur.
Lənkəranda çalışdığı illərdə mərhum yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyin Əliyevin onun zəngin həyat və fəaliyyəti haqqında qələmə aldığı "Prokuror" pyesi əsasında Lənkəran Dövlət Dram Teatrında tamaşa hazırlanmış və uzun müddət teatrın repertuarından düşməmişdir. Tamaşa dəfələrlə Lerik, Biləsuvar, Hacıqabul və Şirvan şəhərlərində, paytaxtda Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuşdur.
Tanınmış yazıçısı Georqi Qordinin Moskvada fransız dilində çap etdirdiyi "Qanun keşiyində" kitabının bir fəsli də Tələt Qənbərovun mənalı ömür yoluna həsr olunub. Həmin əsər Moskvada o dövrün məşhur "İnsan və qanun" jurnalında dərc edilib.
Tələt müəllim ömür-gün yoldaşı Surə xanımla dörd övlad böyüdərək, ərsəyə çatdırıblar. Övladlarından Natiq Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib, ixtisası üzrə işləyib. Sərxan Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur, hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Qızı Aidə Tibb Universitetini bitirib, həkim-pediatr işləyir. Ailənin sonbeşiyi Kəramət Qənbərov isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Moskva Dövlət Hüquq Akademiyasının hüquq fakültələrini bitirib. Bir müddət Respublika Baş Prokurorluğunda işləyib, hazırda dövlət qurumunda məsul vəzifə daşıyır.
Respublikamızda təcrübəli, peşəkar prokuror, səmimi, xeyirxah, gözəl insan kimi böyük hörmət və nüfuz qazanmış Tələt Qənbərov 18 dekabr 1995-ci ildə 63 yaşında haqq dünyasına qovuşub. Ömrünün sonuna kimi Qarabağ həsrəti ilə yaşayıb. Doğma Şuşanı, Qarabağı və Şərqi Zəngəzuru azad görmək, bir qarış Şuşa torpağına dönmək arzusuna qovuşa bilməyib. Lakin mən inanıram ki, bu gün Haqq Dünyasında olan mərhum prokuror Tələt Qənbərovun ruhu şaddır. Şaddır ona görə ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin dəmir iradəsi, sarsılmaz qətiyyəti və tarixi liderliyi ilə 44 günə - hər anı bir dastan, hər günü bir tarix olan Vətən müharibəsində Qarabağ torpaqlarını mənfur düşmən tapdağından azad edildi. Bu qələbə yarımçıq qalan ömürlərin tamamlandığı, gözünü Qarabağ həsrəti ilə yumanların ruhunun rahatlıq tapdığı bir Zəfər idi.
Hərdən Mətbuat prospektinə yolum düşəndə Yaşamal qəbiristanlığına baş çəkirəm. Gözüm qəbiristanlığın girişindəki qoşa məzara sataşır. Burada Tələt Qənbərov və həyat yoldaşı Surə xanım Rəhimova əbədiyyətə qovuşub. Bəlkə də təsadüfi deyil, Tələt müəllim həyatda dostluqda da, mərdlikdə də birinci idi, ölümündən sonra da qəbiristanlığın başlanğıcında birinci məzar ona qismət oldu. Artıq onun ölümündən 30 il keçir. İnanıram ki, illər keçsə də Tələt müəllim həmişə xatırlanacaq, zəngin irsi nümunə göstəriləcək, onu tanıyanların ürəyində əbədi yaşayacaqdır.
İbrahim Quliyev,
Hüquq elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi, Azərbaycan Respublikası Ağsaqqallar Şurası idarə heyətinin üzvü, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki.
Digər Xəbərlər
16 Dekabr 2025 17:34
Tələt Qənbərov ədalətin və vicdanın simvolu
16 Dekabr 2025 15:28
Şəfəq Vilayətqızının ŞEİRLƏRİ
16 Dekabr 2025 09:36
Anar Ələkbərov Xalq yazıçısını evində TƏBRİK ETDİ
15 Dekabr 2025 14:46
“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı
15 Dekabr 2025 11:16
Gülzar Vahabzadə: “Bu sevgi tamaşaçılarla ifaçıları birləşdirərək, hamını ifaçıya çevirmişdi”
15 Dekabr 2025 10:36
“Ədəbiyyatımızda da qadına hörmət və mərhəmət motivləri geniş yayılıb...”
12 Dekabr 2025 19:18
Mətbuatın ən gözəl alın yazısı - Mehman Cavadoğlu
12 Dekabr 2025 12:51


Bakı -°C

