AY QARDAŞLAR, HƏZRƏT ABBAS HAQQI BELƏ OLMAZ!
Dövlət deyir, Müdafiə Nazirliyi deyir, ziyalılar deyir, yenə də öhd olmur. Həzrət Abbas haqqı, belə olmaz! Rəsmi mənbələrə əsaslanmadan hansısa bir məlumatı yaymaq, tirajlamaq, dezinformasiyaları ictimailəşdirmək, hətta erməni mətbuatına istinad etmək ayıbdı, məsuliyyətdi.
Belə bir məlumatı saytlar, sosial şəbəkələr yaydılar ki, Füzuli şəhəri azad olunanda 27 ildi zəncirlənmiş bir əsir aşkar ediblər və həmin əsir də Qax rayonundan olan İmran Şamxalovdur, 1992-ci ildə döyüşlərdə əsir düşüb. Bu yalan məlumatla gör neçə ailənin ürəyini qırdınız, yaralarının qərtməyini, közünü qopartdınız. Gözü yollarda qalan nə qədər ananın ümidini gözlərində qoydunuz.
Dövlət Təhlükəsizlik Xidməti həmin məlumatı təkzib elədi.
İndi heç olmasa bu yalan məlumatı saytlarınızın səhifələrindən və sosial şəbəkə profillərinizdən silin.
Və yaxşı olar ki, hüquq-mühafizə orqanları bu yalan məlumatı yayan ilk şəbəkə istifadəçisini və ya saytı aşkar edib cəzalandırsın ki, başqalarına görk olsun.