24 Oktyabr 2022 14:39
739
ƏDƏBİYYAT

Ayaz Arabaçı - 55

Bu gün 55 yaşını tamamlayan gözəl şair Ayaz Arabaçını təbrik edirik. 

 

Anasına yazdı ki, müharibə qurtarır,
Fikir-zad dərd eləməsin gələr beş-altı günə.
Atlanacaq birinə maşına, ya qatara,
Bəzənib getsin daha o da toya-düyünə.

Anasına yazdı ki, gözaltı da eləsin,
Öz ürəyi istəyən gözəllərdən birini.
Anasına yazdı ki, özü istəmir desin,
Baxsın görsün kimdi də qızların ən şirini..

Anasına yazdı ki, yaraları sağalıb,
Qayıdıbdı cəbhəyə Tər-tər qospitalından.
Qarabağda uzağı bir ovuc yağı qalıb,
Onun da bu gün sabah, dəyəcəyik dalından..

Ölüm-itim azalıb burda dünəndən bəri,
Qoy o da qurulasın gözlərindəki sisi.
Düşür öz qaydasına əkin-biçin yerləri,
Raketlərin, tankların yatıb tüstüsü-hisi.

Toplanıb başlarında bərəkətli buludlar,
Rəngi-ruhu qayıdıb yerinə çöl-çəmənin.
Dəli küləklər kimi cövlan eləyir atlar,
Ulduzlar şölələnir mundirində vətənin.

Döyüş təlimlərində nəfəsləri təngimir,
Havalar da düzəlib, ara verib yağış-qar.
Adamların cəbhəyə yardımları səngimir,
Bu qədər ərzaq hələ gələn qışa da çatar.

Üfüqlərdə qalayıb Tanrı gözəl bir ocaq,
Açılıbdı nəfəsi çöllərin-yamacların.
Anasına yazdı ki, yaxşı maaş alacaq,
Doyuzdursun qarnını yetimlərin, acların.

Əsgər yoldaşlarından Bilal yaxşı ustadır,
Gəlib başlayacaqlar evlərini təmirə.
Bizim hər birimizin axı gözü üstədir, 
Hökumət əsirgəməz yardım, daşa-dəmirə. 

O qədər inam ilə, o qədər ümid ilə, 
Anasına yazdı ki, dərd etməsin heç nəyi,
Dedi heç gətirməsin, qayğılarını dilə 
Tələsməsin satmağa yelinləmiş inəyi. 

Gecədən uğulduyan mərmi bağrını sökdü,
Ağlı kəsdirəmmədi, qəfil birdən nəydi bu..
Balaca səntirləyib dizləri üstə çökdü..
Külək alıb apardı əlindəki məktubu.

 

 

*** 

 

Bütün çilçıraqların fövqündə sən durursan..

Qəlbmizdə dövr edib, nəbzimizdə vurursan.

Hər gün ürəyimizdə hakimiyyət qurursan..

Atam.

 

Keçib gəldin vüqarla, min obadan, min eldən,

Barıt qoxusu gəlir əynindəki şineldən.

Milyon kərə üstündü bu cod qoxu ,"Şanel" dən,

Atam.

 

Böyük türk torpağında çevirdin yaza, qışı,

Halallıqla qazandın, məhəbbəti, alqışı,

Öpürəm alnındakı çatılan hər qırışı.

Atam.

 

Dünyanı bir həmlədə gətirdin ayağına,

Məlhəm buldun təbibtək könlümüzün dağına,

İki dünya bir olsa toz qonmaz bayrağına,

Atam..

 

Buludlara baş vurur, uca zirvədə kürsün,

Adın, qoy dövranını həmişə belə sürsün,

Neynirsən, ünvanına ,kim harda hürür, hürsün..

Atam..

 

Neçə ki, nizamdadı bu həyat, qalacaqsan,

Sənə olan bu eşqə, daim mat qalacaqsan,

Tarixdə son günəcən salamat qalacaqsan,

Atam..

 

*** 

 

Harda baş kəsilir,harda qan batır,
Bəllidi hər gizli sir sənə Tanrım.
Bu ağır zamanda-çətin dövrdə,
Sənə güvənirik, bir sənə,Tanrım.

Ağızlar-qulaqlar "pıç" olur hər gün
Elə o əvvəlki suç olur hər gün,
Yüz arzu,yüz xəyal puç olur hər gün,
Min-min ümid ölür hər sənə,Tanrım..

Sənə sevgimizdə eşqi dərinik,
Könül qabarınıq,alın tərinik.
Bə biz də özünün yetimlərinik.
Bir kərə bizi də görsənə,Tanrım.

Yürütdün yezidin bayrağı altda.
Çürütdün şeytanın barmağı altda.
Bir sürü eşşəyin ayağı altda,
Tapdanıb dönmüşük kərsənə,Tanrım.

İşə sal gücünü, qəzavətini,
Topla məşvərətə vəzarətini.
Niyə itiribsən nəzarətini..
Çoxmu uzaq gəlir Yer sənə Tanrım..

Zalımlar,cəlladlar ərk eləsin qoy,
Bu zülmü bundan da bərk eləsin qoy,
Qoy ruhum canımı tərk eləsin,qoy,
Gör nələr deyəcəm,gör sənə,Tanrım.