“Dənizdən güc alan şairin ilhamı tükənməz”…
Ömrünün yarım əsrdən çoxunu dənizin bəzən ana qucağı kimi məhrəm və mülayim, bəzən də qəzəbli, fırtınalı, sərt qoynunda keçirmiş, dalğaların dilini bilən dənizçi şair...
Yüzlərlə mahnının (mötərizə arasında təvazökarlıq çərçivəsindən çıxıb, fəxrlə diqqətinizə çatdırmaq istəyirəm ki, bunların içində mənim də sözlərimə yazılan mahnılar var) müəllifi, mahnıları dildə-ağızda dolaşan, sərhədlər aşan, möhtəşəm konsert salonlarında, şadlıq məclislərində səslənən bəstəkar şair...
“Hələ bunlar nədir ki!..”
XXI əsrdə “Divan” nəşr etdirərək sözümüzün keçmişini geri qaytarmağa çalışan, Füzulimizin ənənələrini yaşadan zərif qəzəllər, incə gözəllər şairi...
Hüseyn Sözlünün yaradıcılığından və şəxsiyyətindən söz düşəndə bunlar onu tanıtmaq, onun kimliyini təqdim etmək üçün işlədilən sözlərdir və mən bütün məsuliyyətimlə qol çəkə bilərəm ki, o, bu sözlərin hamısına artıqlaması ilə layiqdir.
İndi ədəbi prosesdə müəyyən yeri və iştirakı olan bir zümrənin yaddaşında isə o həm də Hüseyn Dədədir. Kimlər üçünsə sadəcə Dədədir...
...1990-cı illərdə, çətin keçid dövründə, bir çox dəyərlərin zirvədən öz-özünə endiyi və bir çox dəyərlərin də zorla endirildiyi bir zamanda qarşısına ədəbiyyatın yeni zirvələrini fəth etmək məqsədi qoyan bir neçə şair dostlarla aradabir onun rəhbərlik etdiyi gəmiçilik müəssisəsinə aid qocaman gəmilərdən birində toplaşır, dalğalar üstündə ləngərlənə-ləngərlənə yazdıqlarını müzakirə edir, ədəbiyyat və sənət haqqında düşüncələrini bölüşür, xəyallarını qururdu. Bəzən gələcəyə uçan xəyallar da gəmi suyun üzərində ləngərləndiyi kimi, zamanın üstündə ləngərlənirdi. Mübahisə qızışır, söhbət uzanır, şeirlər bir-birini əvəz edirdi.
İndi o illəri xatırlayanda, başqalarını deyə bilmərəm, mənim gözümün önünə hər şeydən öncə Hüseyn Dədənin təmənnasız qayğıkeşliyi, canıyananlığı, böyüklüyü gəlir. Hər insana qismət olmayan bu cür böyüklük də, görünür, şairlik, bəstəkarlıq kimi Allah vergisidir.
Mənə münasibətdə o vaxt bəlkə də tam fərqində olmadığım, aydın dərk edə bilmədiyim bir incəlik var idi: iştirak elədiyim bütün məclislərdə, söz dediyim, şeir oxuduğum bütün yığıncaqlarda insanlar məni canlı bir obraz kimi görürdülər, mənə tarixin amansız əsəri olan qanlı müharibənin yaratdığı ədəbi qəhrəman kimi yanaşırdılar. Söz nədən və haradan başlayır-başlasın, sonda həyat yoldaşım Yusifin qəhrəmanlıqla döyüşərək Vətən göylərindən əbədiyyətə yola düşdüyünün və mənim, şəhid balası böyüdən qadının taleyinin üzərinə gəlirdi.
Unudulmaz şairimiz, bizi vaxtsız tərk etmiş Fərqanə Mehdiyevanın üzünü göylərə tutub sonsuz ənginlikləri soraqlayan gənc qadına təsəlli üçün yazdığı “Ağla, gəlin” şeiri də elə o illərdə yaranmışdı.
Şeir konkret mənim ünvanıma yazılsa da, əslində, torpağı bağrına basan bütün şəhid ailələrinin, taleyi param-parça olmuş cavan gəlinlərin dərdinə güzgü tutuan kədərli bir ağı idi.
Hüseyn Dədənin həmin şeirə yazdığı, müğənni Təranə Əlixanlının duyğu dolu səslə oxuduğu mahnı isə mənim aləmimdə o illərin ən yanıqlı musiqi əsəri oldu. Dərdlilərin dərdinə ortaq olan bu mahnının həm musiqisində, həm sözlərində, həm də ifasında şəhidlərimizə oxşama deyən gözləri yaşlı, boynubükük tariximiz var...
Mahnını dinləyəndə musiqinin müəllifi Hüseyn Sözlünün bir insan kimi ürəyindəki Vətən, torpaq sevgisinin böyüklüyünü görməmək, duymamaq mümkün deyil və əminəm ki, onun həm şeir və musiqi yaradıcılığı, həm də insan kimi ona böyüklük gətirən yüksək keyfiyyətləri həmin ülvi hissdən qaynaqlanır.
Vətənimizin dar günündə, torpaqlarımız yağı düşmənin işğalı altında olanda Hüseyn Sözlü doğma övladına müraciətlə yazdığı şeirdə Vətən uğrunda şəhid olmağın böyük şərəf olduğunu yazmışdı. O, hər bir Azərbaycan oğlunun həyatının mənasını Vətənin azadlığı uğrunda sonadək döyüşməkdə, məğlubiyyətlə barışmamaqda görürdü.
Dünyagörmüş şair Vətənin ağrılarını və zamanın çağırışlarını əks etdirən əsərlər yazmaqla kifayətlənmədi, insanlarda ruh yüksəkliyi yaradan, bizi qələbəyə səsləyən, hər kəsin içində ümid işıqları yandırmağa xidmət edən silsilə əsərlər ortaya qoydu. Ulu öndərimiz Heydər Əliyevə həsr etdiyi şeirdə millətimizin “Vətən sevgisilə günəştək parlayan”, “xoşbəxt gələcəyi sabahda görən” liderinə sonsuz xalq sevgisi tərənnüm olunur, sabaha inam, qələbəyə ümid təlqin edilir. Heydər Əliyevin millət lideri kimi böyüklüyünün bir cəhətini də şair onun səngərdə, şanlı Azərbaycan əsgərinin yanında olmasında görür. Tərənnüm ruhunda yazılmış “Yaşadı, yaşayır Ulu Öndərim” şeiri Hüseyn Sözlünün bir şair, bir vətəndaş kimi tarixə düzgün qiymət verə bildiyini təsdiqləyir.
Əsgər libasında səngər dolaşan, daim xalqın yanında olan, xalqa arxalanan Ulu Öndərin vəsiyyətini onun layiqli davamçısı, şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyev böyük siyasi qətiyyətlə, tarixi fürsəti düzgün qiymətləndirən müdrik dövlət rəhbəri və mahir sərkərdə əzmi ilə yerinə yetirdi. Şəhidlərimizin müqəddəs qanı yerdə qalmadı...
Birinci Qarabağ müharibəsində taleyindən yaralanmış bir insan kimi, belə düşünürəm ki, ən çətin anlarda insanlarımızın qəlbindəki qələbə atəşini sönməyə, zəfər əzmini qırılmağa qoymayan mənəvi dayaqlarımızdan biri də şeirin, sənətin danılmaz qüdrəti oldu. Həm 44 günlük şanlı Zəfərdən əvvəl – tarixin ən ağır sınaqlarından keçdiyimiz illərdə, həm də xalqın Dəmir Yumruğa çevrilib öz Ali Baş Komandanı ətrafında səfərbər olduğu, Dəmir Yumruğun düşmən başına endirildiyi Vətən Müharibəsi günlərində Hüseyn Sözlünün yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutub. Təbiətinə görə lirikaya daha çox meyil göstərən şairin əsərlərindən Qarabağ ayrıca xətt kimi keçir. Şairin Zəfərdən sonrakı yaradıcılığında, xüsusən də “Divan”ında isə Qarabağa qayıdışın yeni rənglərini görməkdəyik. “Deyirəm heç vədə ta olmaya zar məmləkətim” arzusu ilə yaşayan şairin qəzəllərində Qarabağ Azərbaycan övladlarının uğrunda şəhid olmağa şərəflə baş qoyduqları müqəddəs ziyarətgah olmaqla yanaşı, bənzərsiz gözəlliklər məskəni, sözün, musiqinin, şeirin, mahnının ilham mənbəyidir.
Qarabağ düzləri açmış qucağın bizlərə gəl,
Çəməni gülşən edən bağü baharımdı mənim...
Bu misraların müəllifinin sevincinin və qürurunun təməlində duran əsas fikir budur ki, qanımız-canımız bahasına azadlığına nail olduğumuz, düşmənin işğalından xilas etdiyimiz Qarabağ artıq öz əllərimizin qayğısı ilə yenidən canlanır, gündən-günə gözəlləşir, ucalır. İndi biz Qarabağı abadlaşan Vətənimizin ucalıq rəmzinə çevirir, dünyaya görk edirik. Bu, uzun müddət bizə qarşı ədalət duyğusunu itirmiş dünyaya bizim ən gözəl cavabımızdır. Yeri gəlmişkən, onu da qeyd etməyi vacib sayıram ki, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz şanlı Zəfər, tarixi düzüb-qoşanların üzünə bir sərt həqiqəti çırpdı. Məlum oldu ki, vaxtilə “Qarabağ bizimdir” qara-qışqırığı ilə dünyanı ayağa qaldıran yağı düşmən otuz illik işğal dövründə Qarabağda daş üstə bir daş qoymayıb, əksinə, arxasında duran məkrli qüvvələrlə birləşib, öz gücünü dünyanın ən abad bir diyarını dağıtmağa, xarabaya çevirməyə, viran qoymağa sərf eləyib. Allaha şükürlər olsun ki, haqq nazilsə də, üzülmədi və Qarabağ öz azadlığına, Azərbaycan da öz Qarabağına qovuşdu. Bu da taleyin xoş qismətidir ki, Hüseyn Sözlü indi azad Qarabağımızın ucalmasını tərənnüm eləyir:
Günü-gündən ucalan bir vətənin övladıyam,
Mənə candan da əziz, sevgili yar məmləkətim...
Vətənə olan səmimi sevgi Hüseyn Sözlünün insana, təbiətə, bizi boya-başa çatdıran yurda münasibətində də özünü göstərməkdədir. Dağlar diyarı Naxçıvanda, Şərurda dünyaya gələn Hüseyn müəllimin mənalı ömrünün böyük bir hissəsi dənizlə bağlıdır. Onun dəniz sevgisi, dənizə bağlılığı “Dənizçilər marşı”nın həm sözlərində, həm də musiqisində gözəl ifadə olunub. Burada təntənə ilə yanaşı, dəniz həyatınının, dənizçi ömrünün romantikası diqqətdən yayınmır:
Oxşayıb xəzri sizi,
Gilavar layla çalıb.
Beşiyiniz - dalğalar,
Ananız dəniz olub...
Bu yazının əvvəlində qeyd etdiyim kimi, Hüseyn Sözlünün yaradıcılığının bir qanadını musiqi əsərləri təşkil edir. Onun yaradıcılığında çeir və musiqi bir-biri ilə sıx bağlıdır və bunları bir-birindən ayırmaq, bir-birindən təcrid olunmuş halda nəzərdən keçirmək çətindir. Xüsusilə son vaxtlar tamamlayıb nəşr etdirdiyi “Divan”ına daxil olan şeirlərin həm məzmunu, həm də səslənməsi tükənməz hikmət xəzinəmiz olan muğam sənəti ilə doğma ana-bala kimi yaxından səsləşir...
Türkiyəli musiqiçi, müğənni-bəstəkar Tuncay Yalınla Hüseyn Sözlünün əməkdaşlığının əhatə dairəsi isə sadəcə sənətlə bağlı dostluq münasibətləri çərçivəsində qalmır, daha geniş məna və məzmun daşıyır. Ulu Öndərimizin müəyyənləşdirdiyi “bir millət, iki dövlət” təməlinə dayanan bu dostluq Türkiyədə Azərbaycan mədəniyyətinin təbliği və tanıdılması üçün müstəsna əhəmiyyət kəsb etməkdədir...
Bir müddət bundan əvvəl sosial mediada qarşıma maraqlı bir paylaşım çıxmışdı. Payaşılan videoda Türkiyənin məşhur kurort şəhəri Antalyada, çoxlu insanların bir araya gəldiyi konsert salonunda Tuncay Yalın Hüseyn Sözlünün bəstələdiyi mahnını oxuyur:
Azərbaycan, ata yurdum,
Həp seni arayıb durdum.
Bilsən nə xəyallar qurdum,
Həp adını ana-ana...
Tuncay Yalın mahnını oxuyarkən səhnəyə bir qadın çıxıb, səhnədə Azərbaycanın bayrağını açır. Tamaşaçılar Türkiyə ilə Azərbaycanın qoşa bayraqlarını və mahnının ifaçısısını alqışlayırlar.
Bu səhnə özümdən ixtiyarsız gözlərimin qarşısına sonu şanlı Zəfərlə bitən 44 günlük Vətən müharibəsi günlərində ölkəmizin hər yerində bir millətin, iki dövlətin bayraqlarının yan-yana dalğalandığını gətirdi...
Bu gün Türkiyə Cümhuriyyətinin konsert salonlarında Hüseyn Sözlünün dostluğu, qardaşlığı, birliyi tərənnüm edən mahnılarının səsləndirilməsi və sevilməsi möhtəşəm birliyimizin necə dərin mənəvi köklərdən gəldiyini dünyaya bir daha nümayiş etdirir...
... Şair bəzən başqalarının yanında üzə vura bilmədiyi, ürəyində gəzdirdiyi sirlərini, məhrəm hesab etdiyi duyğularını şeirdən gizləyə bilmir. Özünün həyat haqqında düşüncələrini, sevincini, kədərini, sevgisini, nifrətini şeirlə bölüşür. Bu mənada, Hüseyn Sözlünün “Şeirim” rədifli qoşması onun şeirə də, oxucuya da münasibətinin səmimiyyətini ifadə edir:
Tənhalıqda öz-özümlə qalanda,
Keçmişləri bir-bir yada salanda,
Fikrə gedib xəyallara dalanda
Ürəyimdən keçən “eh”di şeirim...
Sözlüyəm, nə yazdım izimdə qaldı,
Misralarım dözdü, dözümdə qaldı,
Hələ yazılmamış sözüm də qaldı
Gələcəyə olan behdi şeirim...
İndiyə qədər yazdıqları ilə ədəbiyyatın və sənətin yaddaşında iz qoyduğunu, misralarının zamanın sınağına dözdüyünü, yazdıqlarının “beh” olduğunu əminliklə deməyə Hüseyn Dədənin haqqı var. İndi o, ömrünün zirvə dövrünü yaşayır və bu zirvədən keçmiş də, gələcək də daha aydın görünür...


Bakı -°C

