Normal sayılan qeyri-normal hallar - Pərvanə Bayramqızı yazır
"Atanı çox istəyirsən, yoxsa ananı?"
Bu yersiz, təhlükəli sualı uşaqlardan ziyalı da soruşur, savadsız da. Bunun uşağın şüurunda ayrı-seçkilik oyatdığını heç kəs nəzərə almır. Məncə, bu sualı eşidən uşaq düşünə bilər ki, deməli, bunlardan hansınısa az istəyə, yaxud da heç birini istəməyə bilərəm. Artıq o ata-anasını fərqləndirməyə başlayacaq.
"Balalarının hansı ağıllıdır?” Sözünə hansı baxır?"
Bu da valideynə verilən pis suallardır. Heç kəsi övladından giley etməyə təhrik etmək olmaz. Görəsən, bunu öyrənmək adamlara nə verir?
Bu sualın başqa variantını qayınanadan soruşurlar: "Gəlinlərinin hansı yaxşıdır?"
Belə şeylər heç kəsi maraqlandırmamalıdır. Bu, başqa bir ailənin sirridir, bu marağı beyindən çıxarmaq lazımdır.
Nə qədər maaş alırsan?
Bunu soruşmaq bir yana, bu barədə düşünmək də düzgün deyil. Evində oturub başqasının pulunu hesablamaq olduqca pis xüsusiyyətdir. Hər evin büdcəsi təkcə ona aiddir, başqasına hesabat verməli deyil. Vergi orqanı deyilsiniz ki, adamların maliyyə vəsaitinin haqq-hesabını tələb edəsiniz. Maaşını hesabladığınız adamın çəkdiyi zəhmət gözünüzə görünmür, sizə maraqlı olan onun qazancıdır. Utanmasanız, hamısını istəyərsiniz.
Əlində gül gördüyünüz adamdan gülü kimin verdiyini soruşmaq qeyri-etikdir. Bir az da sərt desək, həyasızlıqdır. Birincisi, gül verənlə gül alanın arasında mütləq nəsə olduğu fikrini başınızdan atın. Gül təşəkkür əvəzi də, üzrxahlıq da, yalnız dostluq münasibətindən də verilə bilər. Lap tutaq ki, sevdiyi şəxs verib, bunu sən bilməlisən? Mütləq sənə deyilməlidir?
Görəsən, başqalarını güdməyin nəyi zövqlüdür? Müəssisədən çıxanın arxasınca pəncərədən baxıb kimlə getdiyini izləməkdə nə var?
Gördüyü mənzərəni öz xüsusiyyətinizə uyğun təhlil etmək, üstəlik bunu hər yerdə danışmaq təhlükəlidir, bundan kimlərəsə ziyan görə bilər.
Bir də salon işçilərinin bəzədikləri qadınlardan hara getdiklərini soruşması qəbahətdir. Bəzəyin necə edilməli olduğunu bəzənməyə gələn özü deyir, toya gedirsə, parıltılı, gündəlik bəzəyidirsə, sadə olacağını bildirir. Bundan artıq nəsə soruşmaq yersizdi. "Sənə nə?" cavabı eşidəcəyinizdən ehtiyat edin. Əgər düşünürsünüzsə ki, kimləsə görüşməyə, yaxud daha da pis yerə gedir bunu niyə soruşursunuz, onsuz da deməyəcək. Pis yerə getməyəcəyindən əmin olduğunuz qadın olsa belə yenə soruşmayın. Bəlkə, onun da elə problemi var ki, kimsənin bilməyini istəmir.
Bunları özünüz bilməlisiniz, əgər başqası sizə belə vacib tövsiyələr edirsə, demək, Avropaya getməyi arzulamaqla oraları korlamaq niyyətindəsiniz.


Bakı -°C

