Azərbaycan musiqisinin kədərli səsi - Tərlanə Yaqubqızı yazır
Ağlım kəsəndən xalq nağıllarımızı sevmişəm, bu nağılların içərisində ögey ananın zülmünə məruz qalmış və sonda xoşbəxtliyinə qovuşmuş göyçək Fatmanı tanımışam. Sonradan sənət dünyasında çox Fatmalar tanıdım: Fatma Muxtarova, Fatma Qədri və Fatma Mehrəliyeva. Hər birinin öz taleyi, öz sənət yolu. Amma Fatma Mehrəliyevanı cəmi 54 il yaşamış babamın xəstə yatağında ikən etdiyi vəsiyyətdən tanıdım və sonra da sevdim. «Mənə bir şey olsa, Fatmanın “Kəsmə şikəstəsi”ni oxutsanız, yenə yanınıza qayıdaram».
Əfsuslar olsun ki, o vaxt nə internet vardı, nə mobil telefon, nə də YouTube platforması.Əlimizdən nə gələrdi ki?
O vaxt sonralar mənim həyatımda ən ağrılı il kimi qalacaq 1976-cı il idi, cəmi yeddi yaşım vardı və uşaq ağlı ilə babamın dediklərinə inanmışdım.
İndi mən babamdan iki yaş böyüyəm və onun yaşaya bilmədiyi ömrü yaşamaqdayam. Fikirləşirəm ki, babamı “Kəsmə şikəstə” bu dünyada saxlaya bilməsə də, mənim yaddaşımda Fatma Mehrəliyeva böyük, çəkilməz bir kədərin səsi kimi qaldı. Babam o kədərli səsi bir də eşitmək arzusu ilə haqq dünyasına qovuşdu və elə o gündən məni də bu səsin cazibə qüvvəsinə saldı.
Fatma mənim uşaqlığımın və gəncliyimin kədəridir. Fatma Azərbaycan musiqisinin kədərli səsidir. Onun “Kəsmə şikəstəsi” Allah bilir neçə adamı agladıb və ağladacaq. Çünki ürəkdən oxuyub və elə birbaşa da ürəklərə nüfuz edir.
Bəlkə də Allah özü Fatma Mehrəliyevaya belə bir səs bəxş edib ki, ürəyi dərddən partlamasın, öz ecazkar səsi ilə dərdlərini dilə gətirsin və özü kimi dərdliləri də ağlatsın. Çünki başqa yol yoxdur. Ya Allahın sənə verdiyi o istedadla oxuyacaqsan, yazıb-pozacaqsan, ya da susub kədərinlə barışacaqsan. Qoy susmaq qızıldır deyən atalarımız məni qınamasın, hər şeyə susmaq olmur axı! Mənə elə gəlir ki, sükut ölümə bərabərdir, özünü birbaşa ölümün ağuşuna atmaqdır.
Dilimin ucunda köz olan sözü
Desəm öldürərlər, deməsəm ölləm...
M. Yaqub.
Körpə yaşlarından ana qayğısından məhrum olan Fatmanın o zərif ürəyi dərdlə, qəm-kədərlə dolu idi və dolan bulud da hökmən boşalmalı idi.
Arizi qəmlər əlindən ürəyim şişmiş idi...
M.Ə. Sabir.
Anasını əlindən alan Allah ona əvəzində ecazkar bir səs vermişdi.
Fatma oxudu, dərdli-dərdli, yanıqlı-yanıqlı oxudu. Elə oxudu ki, dahi Üzeyir Hacıbəylinin də diqqətini özünə cəlb etdi. Bir yandan bağlayan fələk digər yandan öz qapılarını Fatmanın üzünə açdı. Göyçək Fatma əzazil anadan qurtulub sənət dünyasına qədəmlərini atdı. Azərbaycan musiqisi onun simasında gözəl səsli bir sənətkar qazandı.
Ötən əsrin ortalarına məxsus köhnə konsert afişalarını nəzərdən keçirirəm. Onun konsertlərinin necə anşlaqla keçdiyini, tamaşaçıların onu alqışlarla necə qarşıladıqlarını, yola saldıqlarını, hətta səhnədən getməyə qoymayıb bir daha təkrar-təkrar oxumasını xahiş etdiklərini təsəvvür edirəm. Bizə onun yalnız köhnə lent yazılarını dinləmək qismət olub, amma onun müasirləri, o cümlədən babam, demək olar ki, yaşıdı olan Fatma xanımı canlı görüb və canlı ifasını dinləyib. Bəlkə də fərq etməz, çünki bu səs qızıl kimidir, illər, əsrlər keçsə də öz qiymətini itirən deyil.
Qızılı udsa da qara torpaqlar...
Yenə qiymətini özündə saxlar.
S. Vurğun
Bilmirəm, bəlkə də dünyadan bixəbər uşaq olmuşam, sanmışam ki, qurd quzu ilə otlayır, dünyanın düz vaxtıdır, əcəl gəlib aramızdan yaşca böyük olanları-babaları aparır. Bəlkə elə həqiqətən dünyanın düz vaxtları idi. Böyük bacım bir dəfə uşaq intuisiyası ilə demişdi ki, Brejnev ölsə, müharibə olar. Bu sözdən çox qorxmuşduq. Müharibəni gözümüzlə görməsək də, filmlərdən, kitablardan dəhşətini hiss edən nəsil idik. Çox qəribədir ki, bacımın fərziyyəsi düz çıxdı. Brejnev öləndən bir müddət sonra həqiqətən də ölkə çalxalandı, rus imperiyası dağıldı, keçmiş qardaş respublikaların çoxu bir-birinə düşmən kəsildi, müharibə başladı. Artıq böyümüşdük və bu dəfə əcəlin təkcə babaları yox, balaları da amansızcasına caynağına alıb aparmasını gördük. O balalar nə ata, nə də baba ola bilmədilər.
Bu gah yay, gah da qış libasına bürünüb əsl simasını hələlik gizləyən, babamın doğulduğu payız fəslində həm də müharibəni xatırlayıram. Ömrü 44 günlük olsa da ürəklərə bir ömür boyu sağalmaz yara vuran müharibə qurbanlarını , onların analarını, sevgililərini ... Bir Allah şahiddir ki, o 44 gündə mən əsgərlərimizlə bərabər onlara da dualar etmişəm. Fatmanın ifasında o yanıqlı şikəstəni dönə-dönə dinləmişəm. Hər dəfə o şikəstəni dinləyəndə mənə elə gəlib ki, Fatma Mehrəliyeva onların dilindən bunu da oxuyur:
Hamının balası gəldi,
Bəs mənim balam hanı?
Çox kədərlidir, çox düşündürücüdür. Bayatılardakı kədər muğamla birləşib ağıya çevrilib. Fatma oxumur, Fatma ağı deyir.
Çox qəribədir, adamlar bu dünyadan köçüb gedirlər, amma izləri, sözləri, səsləri qalır. Səsi yaşından uzunömürlü olan Fatma Mehrəliyeva kimi...
Əgər Üzeyir bəyin uvertürası qanımızı vətənpərvərlik, döyüş, cəsarət əzmi ilə coşdurursa, Fatma xanımın şikəstəsi o döyüşlərdən qayıda bilməyənlər üçün bir elegiya, bir ağıdır.
Neçə yüzilliklər keçsə də Fatma xanım o yanıqlı, həzin səsi ilə daim xatırlanacaq.
O səsdə uşaqlığımız, gəncliyimiz var, o səs bizim içimizdədir, o səs damarımıza, qanımıza işləyib. Biz kədərimizi onun səsi ilə ovuduruq.
İndi mən özüm nənəyəm. Bir dəfə üç yaşlı nəvəmin yanında FatmaMehrəliyevanın “Kəsmə şikəstəsi”nə qulaq asırdım. Birdən nəvəmin ağladığını gördüm. Üç yaşlı bir uşağın bu yanıqlı səsə niyə kövrəldiyini düşündüm. Görəsən, o balaca ürək nəyi duyurdu? Bəlkə də musiqinin elə bir dili var ki, onu anlamaq üçün nə yaş, nə də söz lazımdır. Bəlkə də kədər insanın ruhuna yaşından əvvəl toxunur...
O an babam yadıma düşdü. Bir vaxtlar onun xəstə yatağının yanında yeddi yaşlı bir uşaq idim, indi isə öz nəvəmin göz yaşlarını görən nənəyəm. İllər keçib, nəsillər dəyişib, amma Fatmanın səsi dəyişməyib. O səs yenə ürəklərə yol tapır, yenə insanı kövrəldir, yenə keçmişlə bu günü birləşdirir.
Deməli, Fatma Mehrəliyevanın səsi təkcə mənim uşaqlığımın, babamın xatirəsinin deyil. Bəlkə də bu səs bizim hamımızın yaddaşına hopub, nəsildən-nəslə ötürülən bir kədər nəğməsidir.
Mənim üçün Fatma Mehrəliyeva da nağıldakı o göyçək Fatma kimi nağıllaşıb, babalı-nənəli nağıllar dünyamızın unudulmaz, yaddaqalan personajı olub.
Ruhun dünya qədər şad olsun, qara gözlərinə qurban olduğum, səsi nağıllarımız kimi şirin və uzunömürlü olan gözəl Fatmamız !


Bakı -°C

