AZADLIQ SÖZDƏN BAŞLAYIR

İnsan dünyaya gələndən ölənə qədər çox şey haqqında düşünür, fikirləşir. Amma düşündüklərinin heç də hamısını həyata keçirə bilmir. Ən azından ona görə ki, o arzuları gerçəkləşdirmək üçün insan ömrü bir o qədər də vəfalı olmur. Şübhəsiz ki, hər bir insanın, hər bir vətəndaşın azad, demokratik və rahat yaşamaq hüququ mövcuddur. Ancaq bu hüququ heç də bütün ölkələrdə insanlara bəxş etmirlər.
Çünki hər quruluşun, hər ölkənin bu və ya digər dərəcədə qanunları var, bu ölkə də həmin qanunlarla idarə olunur. Gərək bu qanunlar demokratik, sivil və hüquqi olsun ki, insanlar həmin cəmiyyətdə normal yaşasınlar, fəaliyyət göstərsinlər və inteqrasiya olunsunlar. Heç kim deyə bilməz ki, biz çox asanlıqla demokratik hüquqlara və prinsiplərə sahib çıxmışıq. O ölkədəki insanlar öz hüquqlarını bilirlər və bu yolda heç nədən qorxmadan, hətta ölümdən çəkinmədən mübarizə aparırlır, əlbəttə, onlar gec-tez öz istəklərinə, məqsədlərinə və məramlarına qovuşmağı bacarırlar.
Deyirlər ki, Avropa ölkələri və eləcə də Amerika çox demokratik, hüquqi və sivil bir məmləkətdir. Amma bu məmləkətlərdə də demokratiya anlayışı həmin ölkələrin maraqlarına və inkişafına uyğun olaraq hesablanır. Hansı ölkədəki çevriliş eləmək istəyirlər və orda mövcud quruluşu devirməyə cəhd eləyirlər, deyirlər ki, insanların hüquq və azadlıqları pozulub və bu şüarla da onlar həmin ölkələri işğal edir, öz siyasətlərini həyata keçirir, maraqlarını təmin edirlər.
Azərbaycanın dünya siyasətində və iqtisadiyyatında öz yeri, öz mövqeyi olub. Düzdür, Sovet dönəmində də Azərbaycan bu və ya digər dərəcədə müəyyən prinsiplərə uyğun həyat qurmuşdu və ona da uyğun fəaliyyət göstərirdi. Başqa sözlə demiş olsaq Sovet rejiminin bütün qayda-qanunları Azərbaycanda da reallaşırdı. O dövrdə də mətbuat, televiziya və o cümlədən müxtəlif kütləvi informasiya vasitələri fəaliyyət göstərirdi. Ancaq birmənalı olaraq deyə bilərik ki, KİV-lərin fəaliyyəti senzura şəraitində mövcud idi. Senzuranın, daha doğrusu, «qlavlit»in mütəxəssislərinin razılığı, yoxlanışı və möhürü olmadan heç bir qəzet çap oluna bilməzdi. Guya həmin materiallar oxunmasa, nəzarət edilməsə dövlət sirləri mətbuatda yayılar, ölkənin ideoloji iş sahəsindəki fəaliyyətinə kölgə düşərdi. Həmin dövrdə həm də Mərkəzi Komitədə ideoloji katib və eyni zamanda ideoloji şöbə fəaliyyət göstərirdi və hər şey də onların nəzarətində idi.
Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, mətbuat, televiziya və qəzet sahəsində də böyük islahatlar həyata keçirilməyə başladı. Müstəqil ölkənin öz ideoloji xətti, öz tutduğu uğurlu yol əsas prioritet vəzifə oldu. Və burda da birmənalı olaraq ölkənin daxilində azad sözə, müstəqil mətbuata, düşüncə və fikir azadlığına , plüralizmə xüsusi önəm verildi. Qısa zaman kəsiyində ölkədə iqtidar mətbuatı ilə yanaşı, müxalifət mətbuatına da «yaşıl» işıq yandırıldı. Təbii ki, demokratiya havası, onun ruhu insanlarda xoş ovqat yaratmaqla yanaşı, bəzi problemləri də bizə yaşatdı. Yəni bir çoxları elə təsəvvür elədi ki, demokratiya pərdəsi altında istənilən oyundan çıxmaq mümkündür, nə istəsən etmək olar. Bəzən insanlara həddindən çox azadlığın və demokratiyanın şamil edilməsi bir çox hallarda insani dəyərlərə, dövlətə və dövlətçiliyə bu və ya digər dərəcədə xələl gətirir. Amma bütün bunlara baxmayaraq, ölkəmizdə yaradılmış sağlam mühit, sağlam düşüncə, fikir və plüralizm azadlığı insanların daha sərbəst və rahat fəaliyyət göstərməsinə münbit şərait yaratdı.
Hətta ölkə daxilində belə demək mümkünsə, tamamilə fərqli düşünən və bir az da dövlətçiliyə xələl gətirə bilən mətbu orqanlar da fəaliyyət göstərməyə başladı. Amma demokratiya və azadlıq o demək deyil ki, ölkənin imicinə , dövlətçiliyinə müəyyən zərbələr vurulsun. Bütün bu məsələlər diqqət mərkəzindən yayınmadı, sağa-sola və nala-mıxa vuran bəzi mətbuat orqanları heç şübhəsiz məhkəmə məsuliyyətinə cəlb edildilər.
Bütün bunlara rəğmən ölkəmizdə çoxlu sayda müxtəlif nəşrlər, saytlar, qəzetlər və hətta sosial şəbəkələr fəaliyyətini sürətlə davam etdirdi. Və bu gün də deyə bilərik ki, Azərbaycan elə bir demokratik mühitdir ki, burda bütün xalqların və millətlərin birgə yaşaması, fəaliyyət göstərməsi, eləcə də işgüzar mühit yaradılması üçün hər cür şərait mövcuddur. Təbii ki, bu mövcudluğu bir çox hallarda daxildəki və xaricdəki qara qüvvələr görmək istəmir, ölkəmizin əleyhinə təbliğatlar aparır, məmləkətimizdə mövcud olan demokratik prinsiplərə, hüquqi azadlıqlara və fikir plüralizminə kölgə salmaq istəyirlər. Hətta bu cür qara qüvvələr, daha doğrusu, sapı özümüzdən olan baltalar xaricdəki düşmən qüvvələrlə birləşərək ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirirlər. Həmin zərərli ünsürlər hətta İkinci Qarabağ savaşında və eləcə də 24 saatlıq lokal antiterror əməliyyatının keçirildiyi gündə də yenə düşmənin dəyirmanına su tökdülər və onlardan heç nələri ilə fərqlənmədilər. Amma Azərbaycansa bir daha dünyaya sübut etdi ki, bizim xalq bəşəri dəyərlərə və demokratik prinsiplərə yüksək qiymət verir, ən ağır müharibə şəraitində belə düşmənin mülki əhalisinin bir nəfərinin ölümünə imkan vermir. Amerika kimi qüdrətli dövlət İraqda hərbi əməliyyat apararkən nə qədər mülki əhalinin ölümünə rəvac verdi, ancaq Azərbaycan bir daha dünyaya sübut etdi ki, o demokratik bir dövlətdir, beynəlxalq hüquqa çox böyük hörmətlə yanaşır.
Söz və mətbuat azadlığından, fikir plüralizmindən söhbət düşəndə Mədəniyyət və İncəsənət Universitetinin professoru, kulturologiya elmləri doktoru İlqar Hüseynov deyir ki, biz Sovet dönəmində də yaşamışıq və müstəqillik dövründə də yaşayırıq. Onda elə bir mühit var idi ki, adi auditoriyada mühazirə oxuyanda çox diqqətli olurduq. Əgər tələbəyə Məhəmməd Əmin Rəsulzadə və eləcə də digər Müsavatla bağlı olan insanlar haqqında fikirlər çatdırılsaydı istər-istəməz həmin müəllimin vəziyyəti yaxşı olmayacaqdı. Ən azından deyəcəkdilər ki, sən Sovet hökumətinin əleyhinə təbliğat aparmısan və buna görə o müəllimləri çək-çevirə salacaqdılar. Ancaq müstəqillik dövrünə qədəm qoyandan sonra nə auditoriyada, nə də cəmiyyətdə heç bir məhdudiyyətlər qoyulmadı, yəni biz hər şeyi, həqiqəti, hətta acı həqiqəti belə tələbələrə çatdıra bilirik. Bu da ölkəmizdə söz və mətbuat azadlığının inkişafı, çiçəklənməsi və eyni zamanda fikir plüralizminin genişlənməsi deməkdir. Düşünürük ki, biz müstəqilliyin şirinliyini zaman-zaman daha dərindən hiss edəcək və buna görə dövlətimizə, hökumətimizə minnətdar olacağıq.
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər

DÜNYA AZƏRBAYCANÇILIQ İDEYASINI SEVGİ İLƏ QARŞILAYIR

İnsan alverindən bəhs olunan “Uçuruma aparan yol!” layihəsinə start verilib

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR
