adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2026 00:12
64
GÜNDƏM
A- A+

Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir

Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" hesabında paylaşım edib.

"ABŞ-yə səfərimiz çərçivəsində Oklahoma Dövlət Universiteti, Langston Universiteti və Maryland Universitetinin heyəti ilə görüşlər keçirdik. Görüş zamanı Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında imzalanmış ikili diplom proqramının icrası məsələlərini, növbəti ildən etibarən ilk tələbə mübadiləsinin həyata keçiriləcəyini diqqətə çatdırdıq. Eyni zamanda, universitetlər arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin, ikili diplom proqramı üzrə ixtisasların sayının artırılmasının, elmi-tədqiqat və akademik əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğuladıq.

Səfər çərçivəsində, həmçinin Langston Universitetinin nəzdində fəaliyyət göstərən Amerika Keçiçilik İnstitutunun fəaliyyəti və bu sahədə həyata keçirdiyi elmi-tədqiqat işləri ilə tanış olduq. Keçiçilik sahəsində əldə edilmiş elmi və praktiki nailiyyətlərin qarşılıqlı paylaşılması, təcrübə mübadiləsinin təşkili və birgə tədqiqat layihələrinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi apardıq.

Maryland Universitetinin Kənd Təsərrüfatı və Təbii Ehtiyatlar Kollecinə səfərimiz çərçivəsində isə Rəqəmsal və Dəqiq Kənd Təsərrüfatı Laboratoriyasında aparılan elmi-tədqiqat işləri və əldə edilmiş nəticələrlə tanış olduq. Təqdimat zamanı süni intellekt texnologiyalarının kənd təsərrüfatında tətbiqi, xüsusilə suvarma qrafiklərinin optimal şəkildə müəyyənləşdirilməsi, bitki xəstəliklərinin erkən mərhələdə aşkarlanması və diaqnostikası istiqamətində həyata keçirilən tədqiqatlar və əldə olunan innovativ nəticələr barədə ətraflı məlumat verildi.

Əminik ki, bu əməkdaşlıq istiqamətləri Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, aqrar təhsildə müasir yanaşmaların tətbiqinə və kənd təsərrüfatının prioritet sahələri üzrə elmi potensialın gücləndirilməsinə mühüm töhfə verəcəkdir", - paylaşımda qeyd edilib.