Azərbaycan böyük uğurlara imza atacaq
Azərbaycan Prezidenti cənab İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi dövlət başçımızın müstəqil, güclü Azərbaycan uğrunda 20 illik yorulmaz mübarizəsinin ən yüksək təntənəsi oldu. Öz çıxışında ölkə Başçısı Azərbaycanın daxili və xarici siyasətinin hazırkı durumu və gələcək istiqamətləri, perspektivləri ilə bağlı qarşıya qoyduğu məsələlər dövlətçiliyimizin inkişafında yeni mərhələnin başlanması kimi dəyərləndirilməlidir.
Bunu əminliklə deyə bilərik ki, qarşıdakı illər Azərbaycan tarixinə inqilabi yenidənqurma, bərpa-quruculuq dövrü kimi düşəcək.. Sözsüz ki, bunu şərtləndirən əsas amil də xalq-iqtidar birliyidir. İlham Əliyevin 2003-cü ildə Prezident kimi and içəndə verdiyi vədləri yerinə yetirməsi də bu qənaəti gücləndirir. Dövlət başçısı proqram xarakterli tarixi çıxışında daxili və xarici siyasətlə bağlı mühüm mesajlar verdi, azad olunan ərazilərdə yenidənqurma işlərindən tutmuş, kommunikasiya xətlərinin açılması və s. kimi məsələlərə toxundu.
Prezident İlham Əliyevin dövlətimizin daxili və xarici siyasətindəki hədəfləri aydın göstərən çıxışının ana leytmotivini gözlənildiyi kimi 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin ölkənin bütün ərazisində təmin edilməsi, ordu quruculuğu, dayanıqlı sülhün və təhlükəsizliyin formalaşdırılması üçün yeganə qarantorun silahlı qüvvələrimizin olması təşkil etdi.
Prezidentin andiçmə mərasimindəki çıxışı xarici siyasətimizin əsas prioritet istiqamətinin elan edilməsi baxımından da olduqca mühüm hadisə idi. Belə ki, çıxışdan məlum oldu ki, bundan sonra xarici siyasətdə əsas proritetimiz məhz türk ölkələri arasında inteqrasiyanın sürətləndirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi üçün birgə səylərin genişləndirilməsi olacaq.
Ölkə Prezidentinin çıxışı ümumilikdə hazırkı gərgin dövrdə ideoloji işin, milli həmrəyliyin, silahlı qüvvələrimizin və iqtisadiyyatın daha da gücləndirilməsi, ailə dəyərlərinin, milli ənənələrin qorunmasının əhəmiyyətini xüsusi olaraq vurğuladı. Cənab Prezident çıxışında xalqımızın bir yumruq kimi birləşdiyini qeyd etdi və gələcəkdə qarşılaşa biləcəyimiz ideoloji təhlükələrin, risklərin neytrallaşdırılması üçün milli birliyimizi qoruyub saxlamağımızın vacibliyini vurğuladı. Əgər bu günə qədər məhz Qarabağı azad etməyimiz üçün milli birliyimizə ehtiyac vardısa, bundan sonrakı dövrdə isə milli dəyərlərimizi qorumaq və gənc nəsli düzgün tərbiyə etmək üçün həmişə həmrəy olmalıyıq.
Həm dərin məzmunu ilə, həm də emosional baxımdan yüksək ovqatı ilə seçilən bu çıxışında Cənab Prezident qarşıdakı illər üçün yeni siyasi gündəmimizin bir sıra mühüm detallarını açıqladı və strateji “yol xəritəmiz”i cızdı, yaxın və uzaq perspektivdə dövlət siyasətimizin əsas istiqamətlərini müəyyənləşdirdi.
Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Prezidentin də vurğuladığı kimi, bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir.
Fevralın 14-də keçirilən andiçmə mərasimi Azərbaycan tarixinə ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa olunandan sonra baş tutan ilk inauqurasiya kimi düşdü. Dövlət başçısı çıxışında yeni dövr üzrə hədəfləri müəyyənləşdirdi, buna keçidin əsasını qoydu və prosesi mükəmməl siyasi hadisəyə çevirdi. Prezidentin andiçmə mərasimindəki çıxışı Qalib Liderin Qalib Xalqa ünvanladığı Zəfər hesabatı və yeni fəaliyyət proqramıdır.
Biz hamımız əminik ki, fevralın 7-də keçirilən prezident seçkiləri ilə öz inkişafının keyfiyyətcə yeni bir dövrünə qədəm qoyan Azərbaycanı irəlidə cənab İlham Əliyevin liderliyi ilə daha böyük nailiyyətlər və uğurlar gözləyir.
Əminə Ağazadə
Milli Məclisin deputatı