Azərbaycan dövləti bu cəhdlərin qarşısını almalıdır - Elxan Şükürlü yazır
Əsrlər boyu xristianların və yəhudilərin dini-siyasi mərkəzlərinin müsəlman ölkələrində əsas araşdırma və tədqiqat predmetlərindən biri seyid ailələri olub. Çünki seyidlər müsəlman əhali arasında, necə deyərlər, seçilmiş soy - aristokrat təbəqə, zadəgan sinfi sayılıblar, soy-gen təmizliyini qoruyub saxlamağa üstünlük veriblər və müqəddəs bir missiyanın daşıyıcıları kimi qəbul ediliblər. Onların sözü kütlələri hərəkətə gətirən əsas çağırış olub...
“Əhli-beyt” ardıcılları və tərəfdarlarının sığındığı Azərbaycan da bu mərkəzlərin hədəf coğrafiyaları sırasında yer alıb.
Çoxları bilmir ki, xristian Çar Rusiyasının müsəlman Azərbaycanı işğal etdikdən sonra öyrənməyə çalışdığı və ciddi tədqiq etdiyi ilk məsələlərdən biri məhz Azərbaycan ərazisindəki seyid ailələri olub. Özü də bunu olduqca peşəkar şəkildə həyata keçiriblər.
Məsələn, aşağıda fotosunu təqdim etdiyimiz və düz 182 il əvvəl yazılmış sənədlərdən birində - Xəzər Vilayəti Birinci Şöbəsinin II Bölməsinin 895 saylı məktubunda Azərbaycan ərazisində yaşayan seyidlərlə bağlı Xəzər Vilayətinin rəisi general-mayor Apollos İvanovun imzasıyla hədsiz dərəcədə maraqlı bir raporta rast gəlinir.
Biz bu raport və ümumiyyətlə, seyidlərin kimliyi haqqında hələ 2014-cü ildə yazdığımız, elmi çevrələrin geniş istinad etdiyi “Mədinədən başlanan yol: Azərbaycan seyidləri” adlı məqaləmizdə geniş bəhs etmişik. Ancaq son günlər sosial şəbəkələrdə seyidlərlə bağlı qeyri-etik və qeyri-obyektiv, bir qədər də təxribatçı və diletant müzakirələri nəzərə alaraq, həmin sənədi bir daha ictimaiyyətin diqqətinə çatdırmağı özümüzə borc bilirik.
Bilməyənlərin nəzərinə çatdırırıq ki, hazırda orijinalları Gürcüstan və Sankt-Peterburq arxivlərində saxlanan bu sənədlər bir daha sübut edir ki, hələ 1843-cü ildə bütün Azərbaycan ərazisində yaşayan seyid ailələrinin dəqiq uçotu aparılıb və vahid siyahıda bölgələr üzrə təsnifatlaşdırılaraq, mərkəzə göndərilib.
Bu sənəddən aydın olur ki, 1841-ci ilin yanvarında yaradılan Xəzər Vilayətinin (vilayətə Şamaxı, Şuşa, Nuxa, Talış, Bakı, Quba və Dərbənd qəzaları daxil idi) başçısı vəzifəsini icra edən və 1836-cı ildən Şirvan əyalətinin komendantı olan polkovnik Nikolay Fyodoroviç fon Aşeberq 1842-ci il fevralın 10-da Vilayət İdarəsinə seyidlərin vergidən və biyardan azad edilməsi təklifini verib. Eyni zamanda bildirib ki, bu imtiyazlardan sui-istifadə halları olduğundan, onun qarşısı mütləq alınmalıdıdr.
Zaqafqaziya Diyarının Baş Komandanı general Qolovin isə fon Aşeberqin təkliflərini nəzərə alaraq, 421 saylı məktubla göstəriş verib ki, iki il müddətinə özünü “seyid” və “ağamir” sayanların hamısı vergidən azad edilsin, bu iki il müddətində isə seyidlərin sənədləri yoxlanılsın və seyidliyi təsdiqlənməyənlər vergi və biyara cəlb edilsinlər. Hətta Dövlət Əmlakının Xəzər Palatasına da tapşırılıb ki, özünü “Seyid” və “Ağamir” adlandıran bütün şəxslərə sənədlərini göstərilən müddətdə qəza rəhbərlərinə təqdim etmək xəbərdarlığı olunsun.
İvanovun məktubundan aydın olur ki, bu göstərişdən sonra Vilayət İdarəsinə özünü seyid sayanların çoxsaylı müraciətləri daxil olub, ancaq sənədlərini, yəni hansı İmamın soyuna gedib çatdığını təsdiqləyən şəcərələrini təqdim edənlərlə yanaşı, bu şəcərələrini 1826-cı ilin müharibəsində itirdiklərini söyləyənlər də olub. Belələrinin isə istintaqı aparılsa da, ziddiyyətli ifadələrə rast gəlinməyib.
Nəhayət, vilayət rəhbərliyi başa düşüb ki, bu cür sübutsuzluq şəraitində yalandan özünü seyid kimi qələmə verməyin kökünü kəsmək asan deyil və daha ciddi addımlar atılmalıdır. Ona görə də, Xəzər vilayəti rəisinin imzası ilə seyidlər haqqında və atılacaq növbəti addımlar barədə geniş bir raport hazırlanıb.
Həmin raportda seyidlərin kimlikləri haqqında ətraflı məlumat verildikdən sonra atılacaq addımlar barədə deyilir:
“… Seyidlik mənşəyinin zəruri şərti məşhur imamlara qədər fasiləsiz nəsil şəcərəsinin olmasıdır. Beləliklə, təklif edirəm ki, yerli polis güclərinin və Vilayət İdarəsinin bütün seyid nəsillərini xüsusi bir çətinlik çəkmədən dəqiq şəkildə ortalığa çıxartması üçün qarşıdakı mərhələdə növbəti üsullar həyata keçirilməlidir:
- Seyid adının təsdiqini axtaran şəxslərin ərizəsini alan kimi, həmin şəxslərin adlı siyahısını hər bir qəzanın əsas ruhani simalarına təlimatla göndərmək lazımdır. Ki, onlardan 5 və yaxud 6 nəfər şəhərdə və ya qəzada hörməti olan məşhur seyidlərlə birlikdə ərizəçinin həqiqətən seyid nəslindən olmasının təsdiqini və nəsil şəcərəsini əlavə etməklə eyni ailənin, ya nəslin bütün şəxslərinin ətraflı siyahısını – hansı şəhərdə, kənddə və yaxud düşərgədə yaşadıqlarını və ya hansı məntəqəyə aid edildiklərini bildirməklə – Vilayət İdarəsinə təqdim etsinlər;
- Seyid ailələri haqda dövlət sənədləri ruhani şəxslərin və dəvət edilmiş seyidlərin imzası və möhürü ilə əsaslandırılsın;
- Seyid mənşəyi barədə şəhadətnamənin verilməsi üzrə yerli ruhani şəxslərin sui-istifadə cəhdlərini önləmək üçünsə daha yaxşı üsul var: şəhadətnamənin verilməsində Vilayət və Qəza şəhərlərinin ən hörmətli seyidlərinin iştirakı zəruri sayılmalıdır;
- Vurulmuş möhürləri və hər br şəxsin mənsubluğunu Qəza Rəisləri və Qalabəyilərin imzaları təsdiq etməlidir. Bu qayda ilə təsdiqlənmiş siyahılar Vilayət İdarəsi tərəfindən əldə edilərkən, onlar hazırda İdarədə olan müxtəlif qəzalardakı seyidlərin sayı barədəki siyahılarla tutuşdurulsun və hər bir məntəqə və ya şəhər üzrə ayrıca, xüsusi formada siyahı tərtib edilsin;
- Bu siyahılar Qəza Rəisləri vasitəsilə Qalabəyilərə və Məntəqə iclasçılarına çatdırılsın ki, onlar da siyahıları seyidlərin yaşadığı kəndlərin böyüklərinə və ağsaqqallarına göstərərək, ərizəçilərin həqiqətən də seyid adından istifadə etmək haqqının olduğunu bilsinlər;
- Bundan başqa, gözlənilməyən fikir ayrılıqları ortaya çıxasa, İdarənin xüsusi sərəncamı ilə istintaq qaydasında şəhadətlərin təhqiqatı və ümumi böyük axtarış aparılmalıdır;
- İrandan və yaxud digər müsəlman ölkələrindən gəlmə əcnəbi seyidlər üçün Seyid mənşəyi barədə İranın məşhur müctəhidlərindən birinin verdiyi şəhadətnamə lazımdır; Verilmiş belə bir şəhadətnamənin təminatı isə şəhərin ruhani şəxslərindən və əsas seyidlərindən tələb edilməlidir;
- Nəhayət, Məntəqə iclasçılarından şəxsi siyahıları alarkən və onları son dəfə nəzərdən keçirərkən:
1. Bütün Xəzər Vilayəti üzrə soy-köklərini təsdiqləyə biləcəyi təxmin edilən cəmi Seyidlər, Ağamirlər, Mirlər barədə ümumi siyahı tərtib edilsin;
2. İdarə seyid adını almaqda kələk işlədən şəxsləri müəyyənləşdirdikdən sonra onları vergi verməyə məcbur etsin.
İdarənin yuxarıda göstərilən rütbəni təsdiqlədiyi və yaxud rədd etdiyi siyahılar Zaqafqaziya Diyarının Baş İdarəsinin Şurasının icazəsinə təqdim edilsin.
Bu zaman siyahılara üç forma da əlavə edilsin:
1. Onların Vilayət İdarəsinə, Vilayət və Qəza şəhərlərinin ruhani şəxslərinə göndərilməsi üçün;
2. Ruhani şəxslərdən məlumatın İdarəyə təqdimatı üçün;
3. Məntəqə iclasçılarına və qalabəyilərə yoxlama üçün.
Hazırda qoyulan vaxtın başa çatmasına az qaldığından, seyid mənşəyinə dair sənədlərin təqdim edilməsi və Vilayətin Qəzalarından bu cür xahişlərin bir daha daxil olmaması üçün bütün aşağı instansiyalara məktublar yazılsın və seyid rütbəsindən istifadəni arzulayan şəxslərin hamısı polisə dəvət edilib qarşıdakı 1844-cü ilin yanvar ayına qədər öz xahişləri ilə Vilayət İdarəsinə müraciət etmələri bildirilsin…
Xəzər Vilayətinin rəisi Apollos Alekseyeviç İvanov, 12 oktyabr 1843-cü il”.
Beləliklə, təkcə bu sənəd sübut edir ki, hazırda seyidlik mövzusunu gətirib 1979-cu ildən sonrakı İran siyasətinə bağlamaq və bu dalğa üzərində seyidləri, “Əhli-Beyt”ə hörmətini saxlayanları gözdən salmaq məkrli və fitnəkar bir niyyətin ifadəsi olmaqla, həm də Azərbaycanın tarixi keçmişinə açıq hörmətsizlik, Azərbaycanın İslam dəyərlərinin qorunmasındakı rolu və xidmətlərini itirmək, silmək və ipi İslam düşmənlərinin əlində olan yad cərəyanların ölkəyə ayaq açmasına zəmin yaratmaq cəhdləridir.
Azərbaycan dövləti bu cəhdlərin qarşısını almağı və öz tarixi irsinə sahib çıxmağı bacarmalıdır!