adalet.az header logo
  • Bakı 21°C
03 Iyun 2022 08:46
2837
LAYİHƏ

Azərbaycan-Türkiyə səmimi qardaşlıq münasibəti region üçün yeni imkanlardan xəbər verir

Qarabağ müharibəsindən sonrakı dövr regionda yeni əməkdaşlıqların formalaşmasını zəruri edib. Bu münasibətlərdə təkcə ölkələr deyil, regionun iqtisadi imkanları artmaqla yanaşı, yeni perspektivlərin meydana gəlməsi, sülh və təhlükəsizliyin bərqərar olmasına zəmin yaradır. Beynəlxalq təşkilatların hazırladığı hesabatlardan da aydın görünür ki, regionun taleyüklü məsələlərində Azərbaycanın yeri və rolu artmaqdadır. Bütün bunlar isə təbii ki, Cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasətin nəticəsində baş verir. Azərbaycanın əldə etdiyi uğurlarda dost, qardaş Türkiyənin rolu danılmazdır. Hər zaman səmimi dostluq, qardaşlıq münasibətlərindən çıxış edən Azərbaycan və Türkiyə birliyi yeni imkanların bazisini təşkil edir.

Tarixə nəzər salsaq görərik ki, Cümhuriyyət dövründə iki ölkə arasında olan münasibətlərin fonunda düşmənlər layiqli cavabını alıb. Bakının işğaldan azad olunması, o zaman erməni daşnaqları tərəfindən ayrı-ayrı regionlarda törədilməsi planlaşdırılan soyqırımların qarşısının alınmasında mühüm rol oynayan Türk Ordusu 44 günlük müharibədə də Azərbaycana göstərdiyi dəstəklə səmimi qardaşlıq münasibətlərini düynaya tərənnüm etdirdi.

Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq tribunalardan Qarabağla bağlı verdiyi bəyanatlar ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” fikirlərinin bariz nümunəsidir.

Azərbaycan-Türkiyə əlaqələri daim yüksəlişdədir. Türkiyə Prezidentinin iştirakı ilə həyata keçirilən, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı, “Şuşa Bəyannaməsi” və digər sənədlər, eləcədə Rize-Artvin Hava Limanının açılışında iki liderin səmimi münasibətləri Azərbaycan Türkiyə əlaqələrinin inkişafından xəbər verir.

Bu yaxınlarda “TEXNOFEST” festivalının Bakıda keçirilməsi iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin yeni və tam fərqli bir inkişaf mərhələsində olduğunu deməyə əsas verir. Festivalda Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi : “Azərbaycan və Türkiyə birliyinin ən mühüm önəmi ondan ibarətdir ki, bu birlik təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq”.

Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir.

Sonda isə onu qeyd edim ki, səmimi qardaşlıq münasibətlərinin inkişafı Azərbaycan -Türkiyə birliyini əbədi edir və bu münasibətlərin fonunda daimi inkişaf, sülh, təhlükəsizlik var.

Mətanət Səfərli

YAP Nəsimi rayon töşkilatının əməkdaşı