adalet.az header logo
  • Bakı -°C
11 Sentyabr 2026 09:00
35
LAYİHƏ
A- A+

DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL

Bu gün dünyada hər bir dövlət ona çalışır ki, inteqrasiya yolunu seçsin və dünya ölkələri ilə siyasi-iqtisadi, mədəni əlaqələr qursun. Təbii ki, bunu da etmək bir o qədər asan məsələ deyil. Ən azından ona görə ki, həmin ölkə iqtisadi və siyasi cəhətdən güclü olmalı və zəngin resurslara sahib çıxmalıdır. Heç şübhəsiz, bütün bu deyilənləri əldə edən hər hansı dövlət dünyaya  daha asanlıqla və tez inteqrasiya olunur. 

Əlbəttə, bütün bunların gerçəkləşməsi fonunda dünyaya yenicə inteqrasiya olunmuş ölkələrə  maraq artır, zəngin və inkişaf etmiş dövlətlər həmin məmləkətlərin ərazisində investisiya qoyuluşuna  böyük önəm verirlər. Bunlarsa elə də asanlıqla  həll edilmir. Yəni hər hansı ölkədə marağı olan  dövlət öncə istəyir ki, qoyduğu  investisiyanı qısa zaman kəsiyində  əldə edə bilsin, ən azı maya dəyərini çıxarsın və izafi gəlir əldə etsin. 

Bir faktı da qeyd edək ki, bu  maraqların təmin edilməsi üçün ölkələr arasında müqavilələr imzalanır və müqavilə şərtlərinə investisiya qoyan da və qoymuş ölkələr də birmənalı olaraq əməl etməlidir. Əks təqdirdə hər hansı ölkə imzalanmış müqaviləni pozarsa heç şübhəsiz, bunun müqabilində müəyyən qədər kompensasiyalar ödəməyə məcburdur.

Təsadüfi deyil ki, bir çox ölkələr  belə mübahisələr zamanı ədalət məhkəməsinə müraciət edir və ona dəymiş ziyanın ödənilməsini  tələb edir. Amma  bizim ölkə dünyaya inteqrasiya olunandan sonra hər hansı xarici ölkələrin şirkətləri ilə bağladıqları müqavilələrin hamısına vaxtında və dəqiq əməl edir və heç bir hüquqpozmalar yaranmır. Məhz buna görə də bu gün dünyanın ən inkişaf etmiş və eləcə də dünyanın super dövlətlərinin ölkəmizə maraqları var. Çünki  uzun illərin təcrübəsi göstərir ki, Azərbaycan hər hansı ölkə ilə bağladığı iqtisadi müqavilələrə çox vaxtında və dəqiq əməl edir. Eyni zamanda  bunu qarşı tərəfdən də tələb edir.

Bu gün Azərbaycanda ABŞ-ın, Rusiyanın, Türkiyənin, İtaliyanın, Almaniyanın, Fransanın, Çinin, Bolqarıstanın, Rumıniyanın, Çexiyanın, Slovakiyanın, Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanın və digər ölkələrin şirkətləri iqtisadiyyatın müxtəlif sahələrində sərmayələr yatırıblar. Xüsusən də neft və qaz sektorunda bu sərmayələr  daha çoxdur. Elə Bakı şəhərinin özündə 200 milyarda yaxın müxtəlif şirkətlər investisiya qoyublar. Bəli, bu qoyulan vəsaitlər zaman-zaman öz bəhrəsini verir, həm həmin ölkələrə, həm də Azərbaycana milyardlarla dollar  gəlir gətirir.

Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra birmənalı olaraq deyə bilərik ki, ölkəmizdə dünyanın heç yerində olmayan sabitlik yaradıldı. Başqa sözlə demiş olsaq, Ermənistanla aramızda atəşkəs yarandı və eyni zamanda ölkəmizin daxilində mövcud siyasi problemlər  qısa zaman kəsiyində öz həllini tapdı. Neft və qaz sektorunda möhtəşəm layihələr gerçəkləşdi, müqavilələr imzalandı. Prezident İlham  Əliyevin hakimiyyəti dövründə isə Azərbaycan dünyaya daha sürətlə inteqrasiya olundu. Belə ki ölkəmizdə dünyanın heç bir yerində olmayan sabitlik və əmin-amanlıq qorunub saxlanıldı və Azərbaycan dünyanın ən inkişaf etmiş, demokratik və sivil ölkələrindən birinə çevrildi.

Neft və qaz sektoru ilə yanaşı, ölkəmizdə digər sahələrin inkişafına da böyük önəm verildi. Ağır və yüngül sənaye, kənd təsərrüfatı  inkişaf etməyə başladı. Onu da qeyd edək ki, ölkəmiz 2020-ci ildə 44 günlük İkinci Qarabağ savaşından sonra  ərazi bütövlüyünün əsas hissəsini təmin etdi və 2023-cü il antiterror əməliyyatı zamanı Azərbaycanın bütün ərazisi işğaldan azad olunaraq qüdrətli bir dövlət yaradıldı. 

Əlbəttə, belə bir dövlətlə dünyanın hər bir ölkəsi iqtisadi əlaqə qurmağa və orda investisiyalar qoymağa daha da böyük maraq və həvəs göstərirlər. İlk növbədə  Azərbaycan qonşu  ölkələrlə – Rusiya, İran, Ermənistan, Gürcüstan, Türkiyə və Türkmənistanla  yeni iqtisadi müqavilələr imzaladı. Bununla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev türk xalqları ilə münasibətləri daha yüksək səviyyədə  inkişaf etdirdi. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yeni əlaqələr qurmağa nail oldu. Təsadüfi deyil ki, həm Qazaxıstan, həm də Özbəkistan Dağlıq Qarabağda gedən abadlıq və quruculuq işlərində yaxından iştirak etməyə başladı. Özbəkistan Füzuli şəhərində yeni tam orta məktəbin inşasını həyata keçirir. Bununla yanaşı, türk dövlətlərinin köməyi ilə Qarabağda digər sosial-iqtisadi  layihələr də gerçəkləşdirilir. Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtında keçirilən dünya dövlətlərinin tədbirində iştirak etməsi bir daha Azərbaycana olan marağı daha da artırıb.

Əlbəttə, Şanxay İqtisadi Əlaqələr  Təşkilatının yığıncağına dəvət almaq və orda iştirak etmək  heç də asan məsələ deyildir. Artıq Azərbaycan prezidenti ikinci dəfədir ki, bu mötəbər tədbirə dəvət alır.  Çinin «Bir kəmər, bir yol» layihəsi dünya dövlətləri tərəfindən, eləcə də Azərbaycan tərəfindən dəstəklənir. Heç şübhəsiz ki, dünyaya ən böyük töhfələrdən biri də Zəngəzur dəhlizi olacaqdır. Bu dəhlizin açılmasında ilk növbədə ABş prezidenti Donald Trampın və Azərbaycan prezidenti İlham Əliyevin böyük marağı vardır. Heç şübhəsiz dünyaya sülh istəyən və əmin-amanlıq arzulayan böyük dövlətlər də bu layihəni müdafiə edirlər. Çünki dünyanı bütün bəlalardan və müharibələrdən yalnız  sülh xilas edə bilər. Azərbaycan  prezidenti İlham Əliyev isə dünyada  sülhün carçısı kimi tanınır. 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.