adalet.az header logo
  • Bakı -°C
18 Sentyabr 2026 09:00
56
LAYİHƏ
A- A+

DÜNYANIN ƏN GÖZƏL YURDU: KƏLBƏCƏR!

Sizi bilmirəm, mən Sovet dönəmində, xüsusən tələbəlik illərində Kəlbəcərə tez-tez gedirdim. Oranın təbiəti, havası, suyu, torpağı  məni heyran etmişdi. Çünki Azərbaycanın heç bir rayonunda görmədiyim  möcüzəli təbiət, əsrarəngiz təbiət bu yerlərdə vardı. Elə indi də var ha, sadəcə olaraq, mən keçmişi ona görə xatırlayıram ki, Kəlbəcər dünyanın ən gözəl yeri  olub və bu gün də dünyanın ən gözəl yeridi. Bir də görürsən ki, göy üzünü bulud aldı, yayın ortasında şimşək çaxdı, göy guruldadı. Bir leysan yağış  yağdı ki, gəl görəsən. On beş-iyirmi dəqiqədən sonra yenidən göy üzündən günəş boylandı və bizi öz ağuşuna aldı. Mən belə anların Kəlbəcərdə çox şahidi  olmuşam. 

Bir dəfə dostum, qardaşım, iş adamı İlham Əliyev mənə Kəlbəcərdən bir neçə video göndərmişdi. Həmin videolarda Kəlbəcərin yaz fəsli lentə alınmışdı. İlham müəllim  güllərin, çiçəklərin içində möcüzəli  bir aləmə düşmüşdü. O güllərdən, çiçəklərdən bir qucaq toplamışdı və sevinə-sevinə deyirdi ki, vallah, dünyanın heç bir yerində mən belə gözəllik görməmişəm. Bu yamaclarda, bu ormanlarda, bu düzənliklərdə adını bilmədiyim gül-çiçək və digər gözəl  otlar var. İlham qardaşımız o otların ətrini doyunca nəfəsinə çəkir və deyirdi ki, vallah, bu güllərdən, çiçəklərdən cənnət ətri gəlir. Yolunuz düşsə, gəlin Kəlbəcərdə cənnəti görün! 
Bəli, Kəlbəcər bu gün də  cənnətin bir yeridir. O cənnətin ki ora kim ayaq basırsa, tilsimli dağların yamaclardan boylanan güllərin, çiçəklərin sehrinə düşür. Və elə bilir ki, bura dünyanın ən gözəl, ən qəşəng, ən unikal bir yeridir.

Bəli, bu yerləri uzun illər ermənilər bizim əlimizdən almışdılar. Ancaq Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ savaşında möhtəşəm qələbə qazandı və möhtəşəm Qarabağı  bizə qaytardı. Möhtəşəm Qarabağın möhtəşəm Kəlbəcərini biz yenidən gördük. Buz bulaqlarını, yaşıl ormanlarını, zirvəsində qartalları qıy vuran dağları gördük. O dağları ki otuz ildən çox gözünü yollara dikib bizi gözləyirdi. Və Allahın, prezidentin, ordumuzun köməkliyi ilə biz bu həsrətə son qoyduq və Kəlbəcərimizlə görüşdük.

Bu günlərdə yolumuz yenidən Kəlbəcərə düşmüşdü. Dağları, ormanları, yamacları keçib düz Kəlbəcər şəhərinə gəldik. Ona görə Kəlbəcər şəhəri deyirik ki, burda qısa müddət ərzində ölkə prezidentinin böyük qayğısı və diqqəti nəticəsində unikal, möhtəşəm, abadlıq, quruculuq işləri görülüb. Hava həmin havadır, torpaq həmin torpaqdır, su həmin sudur, amma bircə Kəlbəcər həmin şəhər deyil. Amma ən möcüzəli hadisə ondan ibarətdir ki, qısa zaman kəsiyində burda çoxlu sayda yaşayış binaları, sosial obyektlər, uşaq bağçası və digər zəruri tikililər inşa edilərək ora köç etmiş insanların istifadəsinə verilib. Binalar müasir memarlıq üslubunda və milli ənənələrə uyğun olaraq  inşa edilib. Eyni zamanda Kəlbəcərin soyuq hava şəraiti  nəzərə alınaraq hər evdə kombi sistemi quraşdırılıb.  

Biz tanımadığımız bir evin qapısını döyürük və tanımadğımız bir evin qapısını  üzümüzə açırlar. Bakıda heç vaxt tanımadığın qapını sənin üzünə açmazlar. Ancaq bunu milli adət-ənənələrimizi yaşadan rayon yerlərində eləyə bilərlər. Qapını açan 75 yaşlı Cahid Əliyevdir. Bizi gülər üzlə qarşılayıb evə dəvət edir. Üçotaqlı  mənzildə səliqə-səhman adamın diqqətini  xüsusilə cəlb edir. Bununla  yanaşı, mənzillər  çox yaraşıqlı, səliqəli və yüksək  təmirdən sonra istifadəyə verilib. Cahid kişi evdəkiləri səsləyir:
- Ay bala, qonağımız gəlib, tez çay dəmləyin. Çayın yayında Kəlbəcərin balını da qoymağı unutmayın. 

On-on beş dəqiqə keçmir, qəşəng bir çay süfrəsi açırlar. Çay da elə-belə çay deyil ha, kəklikotudan dəmlənmiş çaydır. Yəni min bir dərdin dərmanıdır. Masanın üstündə limon olsa da stəkanımıza doğranmış limondan atmırıq. Çünki kəklikotu çayının ətrini və gözəlliyini  limon itirir. Onu balla içəndə daha ləzzətli olur. Yaxın dostum, əslən laçından olan Arif Kəlbəcər balını çay qaşığında stəkana töküb qarışdırır. Bir qurtum içir, görürəm ki, ona ləzzət edir. Mən balı sevməsəm də tamah mənə güc gəlir, mən də o baldan  bir çay qaşığı dadıram. 

Cahid kişi yenidən dillənir:

- Məllim, bu bal Bakıdakı baldan deyil ey, hətta şəkər xəstəsinə bu baldan yemək tövsiyyə olunur. Çünki Kəlbəcər balı min bir dərdin dərmanıdır.

Mən də o baldan bir çay qaşığı dadıram. Görürəm çox dadlıdı. Bəhmənlidə də mənim qohumum Habil arı saxlayır, o da hər il mənə beş litr bal verir. Amma bu bal Habilin xətrinə dəyməsin, bizim kəndin balından da ləzzətlidi. Cahid kişi görür ki, balı çox ləzzətlə yeyirəm, yenidən üzümə baxıb gülür:

- Ürəyin nə qədər istəyir  baldan yeyərsiniz, hələ gedəndə hərənizə iki kilo bal verəcəm. Qoy görsünlər ki, bizim bal necə dadlıdır. 

Cahid kişinin övladları, nəvələri ilə də tanış oldum. Kəlbəcərə qayıtmaqdan və orda yaşamaqdan çox zövq alırlar. Deyirlər ki, biz indi xoşbəxtik. Təkcə xoşbəxt olan onlar deyil, bu gün Kəlbəcərdə yeni tikilmiş binalarda məskunlaşmış  yüzlərlə insan, ailədir. 
Bu gün Kəlbəcərdə demək olar ki, abadlıq və quruculuq işləri daha sürətlə davam edir. Yeni mənzillər tikilir, yollar çəkilir, tunellər istifadəyə verilir. 

Bununla yanaşı, Kəlbəcərdə bu günlərdə möhtəşəm bir tədbir – bal festivalı keçirildi. Həmin festivalda xarici ölkələrdən gəlmiş səfirlər, nümayəndələr və qonaqlar da iştirak edirdi. Bir səfir Kəlbəcər balının dadına baxdı və çox xoşuna gəldi və səhv etmirəmsə, o baldan da aldı. 

Festivalda  nümayiş etdirilən balın dadına biz də baxdıq, çox ləzzətli idi. Bax, bu gün  Kəlbəcər belə bir möhtəşəm, belə bir gözəl yurddur. Ora gedən bir də getmək istəyir və hamıya  Allah-Təala o cənnət məkana  getməyi qismət eləsin! 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.