GƏNCLƏR VƏTƏNPƏRVƏRLİK RUHUNDA TƏRBİYƏ EDİLİRSƏ…
Heç bir gənc birdən-birə yüksək inkişaf mərhələsinə çata bilməz. Həmin gəncin kamil, müdrik bir insan kimi yetişməsi üçün heç şübhəsiz, müəyyən zaman kəsiyinə ehtiyacı var. Və bir də onu qeyd edək ki, öncə gənclərimiz bir məktəb keçməlidir. Bu məktəbin adı tərbiyə, əxlaq və milli-mənəvi dəyərlərdir. Bəs, bu tərbiyəni gənclərimiz harda almalıdır, harda yetişməli və harda mövqe tutmalıdır?
Təbii ki, bu suala birmənalı cavab vermək çətindir. Ən azından ona görə ki, hər bir gəncin öz həyat tərzi, öz ailəsi və düşdüyü bir mühit var. Başqa sözlə demiş olsaq, həmin gəncin əsl vətəndaş, milli və mənəvi dəyərlərə yiyələnməsi üçün hər şeydən əvvəl sağlam, mənəvi cəhətdən milli ideologiyaya uyğun tərbiyə edilmiş və püxtələşmiş ailəsi olmalıdır. Yəni hər şey ailədən, onun əxlaqından, dünyaya baxışından, milli və bəşəri dəyərlərə nə dərəcədə sahib olmasından asılıdır.
Əgər ailədə dediyimiz bu elementlər, bu cəhətlər mövcuddursa, deməli, həmin ailənin övladı da bir gənc olaraq vətənə layiq insan kimi yetişəcək. Sonrakı dövr isə bağça və məktəblə bağlıdır. Yəni bağçada və məktəbdə həmin uşaqlar daha da formalaşır, milli ideologiyaya uyğun tərbiyə edilir və əsl vətəndaş kimi yetişir. Bax, bütün bu sadaladığımız zəruri elementlər gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində çox önəmli rol oynayır.
Bir dəfə metroda bir oğlanla tanış oldum. Qısa söhbətdən sonra məlum oldu ki, həmin gənc Bakı Dövlət Universitetinin tarix fakültəsinin 4-cü kursunda təhsil alır. Elə ilk söhbətdən onu anladım ki, bu uşaq son dərəcə tərbiyəli, əxlaqlı və mədəni bir gəncdir. Həmin gənclə söhbətimiz çox uzun çəkdi. Yəni metro qatarında yarım saat yol yoldaşı olduq. Bu yarım saatda onun necə savadlı, tərbiyəli, əxlaqlı və dünyagörüşlü olmasını daha dərindən hiss elədim. Çox maraqlı idi ki, bu gənc həm də çağdaş Azərbaycan ədəbiyyatını, eləcə də dünya ədəbiyyatının məşhur yazıçılarının hamısının əsərlərini oxumuşdu. Hətta Süleyman Rəhimovun «Şamo» romanından danışırdı.
Həmin gənc dedi ki, hər bir ailədə kitaba, qəzetə, bir sözlə, bilik mənbələrinə hörmət olmalıdır. Mənim atam özü hüquq elmləri doktoru, professordu. Amma heç vaxt mənə deməyib ki, filan kitabı oxu, filan işi gör, araq içmə, siqaret çəkmə. Sadəcə olaraq, evimizdə yaranmış bu milli-mənəvi mühit mənim daha kamil bir gənc kimi yetişməyimə və formalaşmağıma böyük kömək göstərib. Evimizdə çox zəngin kitabxanamız var. Hardasa 5 mindən çox kitab olar, onların hamısını bir-bir oxumuşam və bu qənaətə gəlmişəm ki, insanın kaiml şəxsiyyət kimi yetişməsində, millətini və xalqını sevməsində, hətta onun yolunda ölümə getməsində bu ədəbiyyatın, bu kitabların çox böyük dəyəri var.
Mən bir gənc olaraq həmin kitabları oxuyandan sonra özümü daha güclü, daha müdrik və daha vətənpərvər hiss etdim. Hiss etdim ki, bizim gəncliyin üzərinə çox ağır yük düşür və biz bu yükü şərəflə daşımalı, Vətənimizi, xalqımızı qorumalı, bu yolda mücadilə aparmalıyıq.
Dəfələrlə biz gənclərin yaşlı nəsil tərəfindən qınanıldığını görmüşəm, Hətta mənim özümə də deyiblər ki, nə olsun ki, universitet tələbəsisən, amma çox aciz və zəif insansan. Bunun bizim ailəni və məni tanımayan adamlar deyiblər. Sözün düzü, bu söz də həmişə mənə pis təsir edib. Bir el deyimi var ey, «qurunun oduna yaş da yanır». Hardasa bir gənc nəsə səhv edirsə, bir tərbiyəsiz hərəkətə yol verirsə və eyni zamanda ictimai yerdə özünü yaxşı aparmırsa, bunu bütün gəncliyin adına yazmaq olmaz və yazılırsa çox ədalətsizlikdir. Ona görə də yaşlı nəsillə bizim düşüncələrimiz çox vaxt bir-birini tamamlamır və əks qütbdə dayanır.
Mənim qardaşım İkinci Qarabağ savaşında, yəni 44 günlük döyüşdə qəhrəmancasına vuruşub və Şuşa uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Biz belə bir tərbiyə almışıq və mənim özüm də həmin dövrdə döyüşə getmək üçün Səfərbərlik idarəsinə müraciət etmişdim. Məni qeydiyyata aldılar, «gözlə» dedilər. Ata-anam da bu hərəkətimə görə məni qınamadılar, əksinə, alqışladılar. Dedilər ki, sən döyüşə getsən, qardaşının da ruhu şad olar. Amma mənə növbə çatmadı. Baxmayaraq ki, növbə çatmadı hər an, hər dəqiqə böyük döyüşə hazır idim. Möhtəşəm qələbəmiz və tarixdə görünməyən qeyri-adi bir 44 günlük müharibə bizim hər birimizdə daha güclü xarakteri üzə çıxardı. Bu xarakter olan yerdə biz gənclər heç nədən və heç kimdən, daha doğrusu, heç bir düşməndən çəkinən deyilik.
Həmin gəncin mənimlə olan söhbəti yaddaşıma əbədi həkk olundu. Düşündüm ki, nə yaxşı bizim belə mərd, qorxmaz, qəhrəman gənclərimiz var və həmin gənclər on minlərlədir.
Bəli, düz eşitdiniz bu rəqəm – on minlərlədi. Həmin gəncləri olan xalq və millət sözün həqiqi mənasında xoşbəxtdir. Bu gün tək Azərbaycanın döyüşən oğulları Vətəni qorumurlar, həm də vətəni bax, belə on minlərlə gənc qorumağa hazırdır.
Bu gün sevindirici haldır ki, Azərbaycan gəncliyi bayrağımızı və dövlətimizin himnini dünyanın ən mötəbər yarışlarında qaldırmağa və səsləndirməyə nail olublar. İdmançılarımız elə bir idman növü yoxdur ki, həmin sahədə möhtəşəm qələbələr qazanmasın. Gənc idmançılarımız Avropa və Dünya çempionatlarında, eləcə də Olimpiadalarda çox möhtəşəm qələbələr qazanaraq böyük uğurlara imza atıblar. Eyni zamanda elm, mədəniyyət və siyasət sahəsində də gənclərimiz bir-birindən böyük uğurlar, qələbələr əldə ediblər.
Bu gün Azərbaycan gənclərinin səsi dünyanın ən mötəbər idman yarışlarından gəlir. Onlar böyük uğurlara imza ataraq vətənimizə qızıl, gümüş, bürünc medallarla dönürlər. Deməli, Azərbaycan gəncliyi öz milli adət-ənənələrinə və tarixi keçmişlərinə sadiq qalaraq yeni möhtəşəm bir tarix yazırlar. Bu tarixin adı Müstəqil Azərbaycan və Böyük Qələbələrdir!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər
21 Avqust 2026 09:00
HƏR QAYADA BİR ŞƏHİD QANI
17 Avqust 2026 11:36
Naxçıvan MR-də icra olunan layihə başa çatdı
14 Avqust 2026 11:47
“Dənizçi” istirahət mərkəzində növbəti görüş
14 Avqust 2026 09:00
BİZİM GƏNCLƏRƏ GÜVƏNMƏK OLAR
13 Avqust 2026 11:02
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər
12 Avqust 2026 09:43
Mövzunun aktuallığı yerli ictimaiyyətin marağına səbəb oldu
07 Avqust 2026 09:00
BİZ MÖHTƏŞƏM QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZİN QANI HESABINA QAZANDIQ
31 Iyul 2026 12:50


Bakı -°C

