28 Noyabr 2023 17:24
1559
MƏDƏNİYYƏT

Azərbaycan xalçaları erməni "bredi" kimi Varşava muzeyində:TƏQDİMAT

Yəqin ki, yadınızdadır: 2021-ci il fevralın 15-də İrəvandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda 2020-ci il noyabrın 1-də Şuşa Xalça Muzeyindən qanunsuz olaraq çıxarılmış xalçalardan ibarət sərgi açıldı.

Mədəniyyət Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə hazırladığı bəyanatda qeyd olundu ki, ümumilikdə, muzeydən 160 xalça oğurlanıb, lakin onlardan 71-i sərgidə nümayiş olunub. Oğurlanmış ən qədim xalçanın 350 yaşı var.

Ermənilər növbəti dəfə  Azərbaycanın Qarabağ bölgəsini işğal edərkən mənimsədikləri Azərbaycan toxuma sənətinə məxsus xalçalarla bağlı hərəkətə keçib.
Adalet.az erməni mediasına istinadən xəbər verir ki, Varşavadakı Kral Qalasının xalça zalında “Polşada erməni xalçaçılıq ustad dərsləri” adlı maarifləndirici-mədəniyyət proqramının rəsmi açılış mərasimi olub.

Alınan məlumata görə, Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi bildirir ki, proqram Təhsil və Mədəniyyət nazirliyinin maliyyə dəstəyi və Hovhannes Şarambeyan Xalq sənəti muzeyinin təşəbbüsü ilə həyata keçirilir.

Polşa-Ermənistan Fondu, Polşanın Varşava şəhərindəki Kral Qala-Muzeyi Spyurkla (diaspor) iş üzrə komissarı ilə əməkdaşlıq, Ermənistanın Polşa Respublikasındakı səfirliyinin himayəsi altında həyata keçirilib..

Layihə çərçivəsində Yerevanın Hovhannes Şarambeyan adına Xalq Sənəti muzeyinin ustaları müxtəlif yaşlı iştirakçılar üçün xalçaçılıq kursları keçirəcəklər.
Tədbirdə Ermənistan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Arzumanyan, Polşadakı Erməni Apostol Kilsəsinin ruhani keşişi Fr. Minas Abeqa Haxverdyan, Ermənistanın Lodzdakı fəxri konsulu Rafal Xoma, Polşadakı Spyurkla iş üzrə komissarı Diana Hovakimyan, eləcə də erməni icmasının nümayəndələri iştirak edib.

Hovhannes Şarambeyan Xalq Sənəti muzeyinin direktor müavini Qayane Aslanyan tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, proqramın əsas məqsədi Ermənistanın qeyri-maddi mədəni irsini, xüsusilə xalçaçılıq sənətini təbliğ etmək, mədəni irsin erməni xalqına çatdırılması, ötürülməsi və yayılmasıdır.

 Azərbaycan bu tarixi irsimizlə bağlı nə vaxt beynəlxalq məhkəmələrə müraciət edəcək?r


Oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda zalında "Keçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılması" adlı sərgidə Ermənistan növbəti dəfə Azərbaycanın maddi-mədəni irsini mənimsəməyə cəhd edib. Belə ki, Ermənistanın daimi nümayəndəliyinin təşkil etdiyi sərgidə Azərbaycan xalça sənətinin müxtəlif məktəblərinə xas xalçalar erməni xalçaları kimi təqdim olunub. Maraqlısı odur ki, ermənilər sərgidə bəzi xalçaların özünü deyil, yalnız fotolarını nümayiş etdiriblər. Onlar Qarabağ, Qazax və Şirvan bölgələrinin klassik xalça kompozisiyaları əsasında toxunmuş "Çələbi", "Xətai", "Qasımuşağı", "Malıbəyli", "Bəhmənli", "Borçalı" və digər xalçalarını özününküləşdirməyə çalışıblar.

Azərbaycanın Avstriyadakı səfirliyi sərgi ilə bağlı BMT-nin Vyana bölməsinin rəhbərinə rəsmi etiraz məktubu ünvanlayıb. Məktubda ermənilərin bu hərəkəti təxribat və tarixi saxtalaşdırmaq kimi qeyd edilib. Həmçinin Azərbaycan tərəfi BMT-nin Vyana bölməsinin rəsmilərini Ermənistanın Vyanadakı beynəlxalq təşkilatlardan öz siyasi məqsədləri və ölkəmizə qarşı əsassız iddialar naminə sui-istifadə etməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ekspert komissiyası sərgidə nümayiş etdirilən xalça şəkillərinin Azərbaycan xalça sənətinin tərkib hissəsi olduğunu faktlarla sübuta yetirib. Beləliklə, ölkəmizin maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi cəhdi növbəti dəfə ifşa olunub.

Tədbirdən fotoları təqdim edirik:

 Əntiqə Rəşid