Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından dəstəyi ilə öz beynəlxalq əlaqələrini genişləndirir. Oktyabrın 24-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandumu Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli sənətkar Yodqar Saqdıyev imzalayıblar. Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında Memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər. Memorandum səmərəli əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin — rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutub.
Qeyd olunub ki, müxtəlif dünya teatrları ilə müqavilələrin imzalanması, beynəlxalq əlaqələr istiqamətində atılan addımlar teatrın prioritet istiqaməti kimi müəyyən olunub. Akademik Milli Dram Teatrı artıq Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı, Belarus Yanka Kupala adına Milli Akademik Teatrı, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı, Rusiyanın Aleksandrinski teatrı ilə əməkdaşlıq Memorandumları imzalayıb.
Səfər çərçivəsində İlham Əsgərov Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevlə görüşüb. Səfir Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələr istiqamətində atdığı addımları yüksək dəyərləndirib. Səfirə müxtəlif teatrlarla imzalanan Memorandumlar haqqında ətraflı məlumat verilib və Hüseyn Quliyev iki ölkə arasında mədəni əlaqələrin, o cümlədən, teatr əlaqələrinin gələcək inkişafı ilə bağlı səfirlik tərəfindən ən yüksək səviyyədə dəstək göstəriləcəyini qeyd edib.
Ulu Öndər Heydər Əliyevin Daşkənd şəhərində Heydər Əliyev parkında yerləşən büstü ziyarət olunub, önünə çiçək dəstələri qoyulub.
Daha sonra İlham Əsgərov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə görüşüb, mərkəzlə yaxından tanış olub. Görüş zamanı müzakirələr aparılıb və 2026-cı ildə Mədəniyyət Mərkəzi və Akademik Milli Dram Teatrı arasında müxtəlif istiqamətli maarifləndirici ustad dərslərini özündə əhatə edən tədbirlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Oktyabrın 25-də isə Özbəkistan Akademik Milli Dram Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanan özbək aktyorlarının ifasında tamaşa nümayiş olunub, Özbəkistan Musiqili Teatrının direktoru Əzim Mullaxanovla görüş olub.
Daha sonra Özbəkistanın qədim şəhərlərindən olan Səmərqənd şəhərinə səfər edilib. İlham Əsgərov Səmərqənd Musiqili Dram Teatrının direktoru İsgəndər Sultanovla görüşüb, Əmir Teymurun, Özbəkistanın ilk prezidenti İslam Kərimovun və Xoca Daniyarın məqbərələri ziyarət olunub.
Qeyd edək ki, 2026-cı ildə iki teatr arasında qarşılıqlı qastrol səfərlərinin təşkili nəzərdə tutulub.
Digər Xəbərlər
15 Iyul 2026 16:33
Şuşa Qoruq İdarəsinin vəzifələri artırılıb
15 Iyul 2026 11:52
Xalq artisti: “İstedadsız adamlar həyasız olurlar”
13 Iyul 2026 17:36
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - VİDEO
09 Iyul 2026 12:30
Gənc taleyi zülmətə dönən aktrisa - Əntiqə Kərimzadə yazır…
09 Iyul 2026 10:43
ƏMƏKDAR JURNALİST FAİQ QİSMƏTOĞLUNUN YUBİLEYİ AŞIQLAR BİRLİYİNDƏ QEYD OLUNUB
07 Iyul 2026 12:57
Xalq artisti Əlixan Səmədov: “Balabanı dünyaya tanıtmaq mənim milli qürurumdur”
04 Iyul 2026 09:00
Mustafa Mərdanov səhnəsində premyera
01 Iyul 2026 15:46


Bakı -°C

