02 Fevral 2025 19:40
95
MƏMLƏKƏT

Azərbaycanda Kiçik çillə başlayıb

Fevralın 1-dən Azərbaycanda qışın daha soyuq hesb edilən dövrü - Kiçik çillə başlayıb.

Adalet.az saytı xəbər verir ki, Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır. 

Bu təqvimlə dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, fevralın 1-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir.

Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.

Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.

Azərbaycanın bəzi bölgələrində Böyük çillədən Kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunur.

Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. Kiçik çillə xalq arasında Böyük çillədən fərqli olaraq çətin dönəm kimi anlaşılır. 

Qeyd edək ki, Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 13:01-dən başlayacaq. Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 25-nə təsadf edəcək. Martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.