adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Iyun 2022 14:32
1622
TEXNOLOGİYA

Azərbaycanda "RİA Novosti"nin bloklanması ilə bağlı rəsmi açıqlama

Azərbaycanda "RİA Novosti" agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırılıb.

Bu barədə Adalet.az-a Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

"Azərbaycan Respublikasında yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Həmin Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı hallarda internet informasiya resursuna və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır.

Sözügedən informasiya agentliyində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatların yayılması ilk dəfə baş vermir və sistemli xarakter daşımışdır.

"RİA Novosti" agentliyi internet informasiya resursunda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yaymaqla "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozub və həmin Qanuna uyğun olaraq ölkə ərazisində agentliyin internet informasiya ehtiyatına giriş məhdudlaşdırılıb", - məlumatda deyilir.