adalet.az header logo
  • Bakı -°C
29 Oktyabr 2026 12:10
81
GÜNDƏM
A- A+

Azərbaycanda vəzifəli şəxslərə yeni qadağalar

Azərbaycanda vəzifəli şəxslərin kənar fəaliyyətlə məşğul olması qanunla müəyyənləşir.

Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxs özünün və digər şəxslərin şəxsi marağı olan məsələlərlə bağlı, o cümlədən hər hansı formada gəlir əldə etdiyi fiziki və ya hüquqi şəxslərlə əlaqədar münasibətlərdə qurumu nümayəndə qismində təmsil edə bilməz.

Vəzifəli şəxs qulluq etdiyi dövr ərzində qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz.

Vəzifəli şəxs vəzifədən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra 2 (iki) il müddətində işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz.

Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, səlahiyyətli subyektlərin rəyi olmadan vəzifəli şəxs əsas və əlavə iş yerində əlavə vəzifə tuta (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə), kənar fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs o halda əlavə vəzifə (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) tuta və ya kənar fəaliyyətlə məşğul ola bilər ki, əlavə vəzifənin (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) və ya kənar fəaliyyətin icrası əsas vəzifənin icrası ilə maraqlar toqquşması yaratmasın və əsas vəzifənin effektiv icrasına mane olmasın.

İş vaxtından kənar vaxtlarda göstərilən və xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan fəaliyyət maddi və sair nemət, imtiyaz və ya güzəşt əldə etməyə yönəlmədiyi halda kənar fəaliyyət hesab edilmir. Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq məşğul ola bilər.

Həmçinin vəzifəli şəxs reklamla məşğul ola və şəxsi maraq, o cümlədən hər hansı haqq əvəzinə sahibkara, onun istehsal və ya idxal etdiyi mala (gördüyü işə və göstərdiyi xidmətə) münasibət bildirə bilməz.