adalet.az header logo
  • Bakı -°C
08 Yanvar 2026 08:46
60
ANALİZ
A- A+

Azərbaycanın müharibədən sülhə keçidinin tarixi mərhələsi

Prezident İlham Əliyev: “Cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək”

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin yaxın tarixinin ən mühüm mərhələlərindən birinə dərin siyasi və tarixi qiymət verilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, 2025-ci il təkcə təqvim ili deyil, eyni zamanda Ermənistan–Azərbaycan münaqişəsinin siyasi müstəvidə tam başa çatdığı, Azərbaycanın uzunmüddətli müharibə dövrünü geridə qoyaraq sülh mərhələsinə qədəm qoyduğu bir tarixi dönüş nöqtəsidir.

Azərbaycan xalqı müstəqillik əldə etməzdən əvvəl və müstəqillik illəri boyunca faktiki olaraq müharibə şəraitində yaşamışdır. Münaqişənin müxtəlif mərhələləri – birinci Qarabağ müharibəsi, uzun illər davam edən atəşkəs dövrü, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatları və nəhayət, postmünaqişə mərhələsi – ölkənin siyasi, iqtisadi və sosial həyatına ciddi təsir göstərmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu mərhələlərə 2025-ci ilin avqust ayında siyasi nöqteyi-nəzərdən son qoyulmuşdur. Bu fakt onu göstərir ki, Azərbaycan yalnız döyüş meydanında deyil, eyni zamanda diplomatik müstəvidə də öz qələbəsini möhkəmləndirmişdir. Dövlət başçısının ifadə etdiyi “dünyanın bir nömrəli ofisində siyasi möhür” fikri Azərbaycanın beynəlxalq hüquq və siyasi reallıqlar baxımından əldə etdiyi legitim qələbənin rəmzidir.

Azərbaycanın qazandığı Qələbə təkcə hərbi üstünlük deyil, eyni zamanda beynəlxalq münasibətlər sistemində yeni reallıqların qəbul etdirilməsi deməkdir. Bu Qələbə dövlətin suverenliyinin, ərazi bütövlüyünün və siyasi iradəsinin beynəlxalq səviyyədə təsdiqlənməsi ilə nəticələnmişdir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, bu hadisə müstəqillik tariximizin ən yaddaqalan və bəlkə də ən mühüm hadisələrindən biri kimi yadda qalacaq. Çünki ilk dəfədir ki, Azərbaycan müharibəyə yalnız silahla deyil, siyasi müdriklik və ardıcıl diplomatiya ilə yekun vurmuşdur.

Azərbaycan cəmiyyəti artıq bir neçə aydır ki, real sülh şəraitində yaşayır. Dövlət başçısının qeyd etdiyi kimi, sülh şəraitində yaşamağın nə demək olduğunu xalq və dövlət birlikdə öyrənir. Bu qısa müddət ərzində belə, sülhün bəhrələri açıq şəkildə hiss olunmaqdadır. Siyasi sabitliyin möhkəmlənməsi, iqtisadi fəallığın artması, investor inamının yüksəlməsi və cəmiyyətdə müşahidə olunan müsbət psixoloji mühit bu prosesin əsas göstəricilərindəndir. İnsanların sabitliyə və təhlükəsizliyə olan inamının artması ölkənin gələcək inkişafı üçün möhkəm sosial baza yaradır. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdən aydın olur ki, sülh yalnız müharibənin olmaması deyil, eyni zamanda inkişaf üçün yeni imkanların açılmasıdır. Qarşıda duran əsas vəzifələrə azad edilmiş ərazilərin bərpası, regional əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və sosial rifahın yüksəldilməsi daxildir. Əldə olunmuş sabitlik və təhlükəsizlik mühiti Azərbaycana imkan verir ki, daxili potensialını daha səmərəli şəkildə reallaşdırsın və beynəlxalq arenada mövqelərini daha da gücləndirsin.

2025-ci il – Azərbaycan–Amerika münasibətlərində də tarixi dönüş mərhələsi hesab olunur. Azərbaycan–Amerika münasibətlərinin tarixinə nəzər saldıqda aydın görünür ki, bu əlaqələr uzun illər ərzində potensialına uyğun səviyyədə inkişaf etməmişdir. Bunun əsas səbəblərindən biri, heç şübhəsiz, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ABŞ Konqresi tərəfindən qəbul edilmiş və illər boyu ikitərəfli münasibətlərin üzərində “qara bulud” kimi dolaşan mənfur 907-ci düzəliş olmuşdur. Bu düzəliş gənc, müstəqil Azərbaycan Respublikasının dünyanın aparıcı güclərindən biri olan Amerika Birləşmiş Ştatları ilə normal və bərabərhüquqlu əməkdaşlıq qurmasına ciddi maneələr yaratmışdır.

 907-ci düzəlişin qəbul edilməsi ABŞ-dakı anti-Azərbaycan qüvvələrin, xüsusilə erməni lobbisinin uzunmüddətli və sistemli fəaliyyətinin nəticəsi idi. Bu sənəd Ermənistan–Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edir, işğal faktını görməzdən gəlir və bütün məsuliyyəti faktiki olaraq Azərbaycanın üzərinə qoyurdu. Nəticədə, Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyinə baxmayaraq, ABŞ-la münasibətlərdə süni məhdudiyyətlərlə üzləşirdi. Buna baxmayaraq, Azərbaycan dövləti müxtəlif dövrlərdə ABŞ-la münasibətləri inkişaf etdirmək üçün ardıcıl cəhdlər göstərmiş, müəyyən mərhələlərdə ikitərəfli əməkdaşlıqda müsbət dinamika müşahidə olunmuşdur. Lakin Ermənistan–Azərbaycan müharibəsinin davam etməsi və 907-ci düzəlişin qüvvədə qalması Vaşinqtonda qərar qəbul edən əsas siyasi mərkəzlərə Azərbaycanla genişmiqyaslı və strateji əməkdaşlıq qurmağa imkan vermirdi.
2025-ci il bu baxımdan tamamilə yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşmüşdür. Ermənistan–Azərbaycan müharibəsinin rəsmən sona çatması ilə regionda yeni siyasi reallıqlar formalaşmış, uzun illər Azərbaycan–Amerika münasibətlərinin inkişafına mane olan əsas faktor aradan qalxmışdır. Artıq münaqişə amili ABŞ daxilində Azərbaycan əleyhinə manipulyasiya vasitəsi kimi istifadə edilə bilməz. Bu yeni mərhələ eyni zamanda ABŞ-da hakimiyyətə gəlmiş Prezident Donald Tramp administrasiyası ilə üst-üstə düşmüşdür. Sözügedən administrasiya praqmatik, peşəkar və ABŞ-ın milli maraqlarını prioritet hesab edən siyasi xətti ilə seçilir. Prezident Tramp başda olmaqla bu komandanın yanaşması ideoloji təsirlərdən daha çox real geopolitik və iqtisadi maraqlara əsaslanır.

ABŞ üçün Cənubi Qafqaz strateji əhəmiyyətə malik regiondur və bu regionda Azərbaycan güclü iqtisadi potensiala, mühüm enerji resurslarına və artan geosiyasi nüfuza malik aparıcı dövlətdir. Belə bir ölkə ilə əməkdaşlıq ABŞ-ın regional və qlobal maraqları baxımından da olduqca önəmlidir. Məhz bu praqmatik yanaşmanın nəticəsi olaraq, Ağ Evdə Prezident Trampın iştirakı ilə keçirilən mərasimdə 907-ci düzəlişin tətbiqinə son qoyulması barədə qərar qəbul edilmişdir. Hərçənd ki, bu düzəlişin tam şəkildə aradan qaldırılması üçün Konqresin rəsmi qərarı hələ də zəruridir, Prezident tərəfindən atılan bu addım böyük siyasi və rəmzi məna daşıyır. Xüsusilə Azərbaycan Prezidentinin həmin mərasimdə şəxsən iştirak etməsi bu qərarın təsadüfi deyil, düşünülmüş və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən siyasi jest olduğunu sübut edir.

 907-ci düzəlişin faktiki olaraq aradan qalxması Azərbaycan–Amerika münasibətlərində geniş imkanlar açır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, regional sabitlik, terrorla mübarizə, iqtisadi və texnoloji əməkdaşlıq kimi sahələrdə tərəfdaşlıq üçün real zəmin formalaşır. Azərbaycan üçün bu, beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsi, ABŞ üçün isə regionda etibarlı və güclü tərəfdaşla əməkdaşlığın dərinləşdirilməsi deməkdir. Bu əməkdaşlıq qarşılıqlı maraqlara əsaslandığı üçün uzunmüddətli və dayanıqlı xarakter daşıya bilər. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, 2025-ci il Azərbaycan–Amerika münasibətləri baxımından həqiqətən də tarixi dönüş ili kimi qiymətləndirilə bilər. Uzun illər ikitərəfli əlaqələrin inkişafına mane olan 907-ci düzəlişin aradan qaldırılması, Ermənistan–Azərbaycan müharibəsinin başa çatması və ABŞ-da praqmatik siyasi yanaşmanın hakim olması yeni əməkdaşlıq mərhələsinin əsasını qoymuşdur. Bu proseslər göstərir ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal miqyasda da nəzərə alınan, ABŞ kimi dünya gücü ilə bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan münasibətlər qura bilən bir dövlətdir. 2025-ci il məhz bu baxımdan Azərbaycan diplomatiyasının mühüm uğurlarından biri kimi tarixə düşəcəkdir.

2025-ci il Azərbaycanın müasir tarixində müharibədən sülhə keçidin rəmzi kimi yadda qalacaq. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər bu tarixi mərhələnin həm siyasi, həm də mənəvi əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Azərbaycan xalqı uzun illər davam edən münaqişədən sonra nəhayət ki, sülh şəraitində yaşamaq, qurmaq və inkişaf etmək imkanını əldə etmişdir. Bu sülh yalnız bu günün deyil, gələcək nəsillərin də təhlükəsiz və firavan həyatının təminatı kimi tarixə düşəcəkdir.

Səyavuş Qasımov 
Avrasiya Universitetinin rektoru, 
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent