adalet.az header logo
  • Bakı -°C
20 Aprel 2026 14:59
88
İQTİSADİYYAT
A- A+

Azərbaycanın Suriyaya təbii qaz ixracından GƏLİRİ

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 53,926 milyon ABŞ dolları dəyərində 160,472 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib.

Adalet.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Əlavə edək ki, ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 265 milyon ABŞ dolları və ya 17,1% az, həcm baxımından isə 193,7 milyon kubmetr və ya 4,6% çoxdur.