05 May 2025 18:00
114
İQTİSADİYYAT

Azərbaycanla Belarus mineral gübrələrin istehsalını planlaşdırır

Azərbaycanla Belarus arasında kompleks mineral gübrələrin birgə istehsalına başlanılması planlaşdırılır.

Adalet.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev bu gün keçirilən Azərbaycan-Belarus Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə Yol Xəritəsi imzalanmış, məhsulun parametrləri və ixrac potensialı razılaşdırılıb:" Layihənin reallaşması daxili tələbatı təmin etməklə yanaşı, regional bazarlara çıxış imkanını da yaradacaq".

Y. Abdullayev qeyd edib ki, kənd təsərrüfatı Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri olaraq qalır: “Bu sahədə birgə işçi qrupu aqrar məhsulların ticarət dövriyyəsinin artırılması və sahəyə investisiyaların cəlb olunması üzərində fəal çalışır. Azərbaycanda yüksək məhsuldarlığa malik torpaqlar mövcuddur və burada birgə maldarlıq aqrokomplekslərinin yaradılması mümkündür. Biz Belarusun aqrar qəsəbələrin inşası sahəsindəki uğurlu təcrübəsinin tətbiqində maraqlıyıq".

O əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa layihələri həyata keçirilir: “Azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında aparılır".