adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Iyun 2022 12:06
2449
MÜSAHİBƏ

"Azıx mağarasını şagirdlərimdən çox özüm görmək istərdim"- Müsahibə

Həmsöhbətimiz İmişli rayonu, Vətən Novruzov adına Sarıxanlı tam orta məktəbinin tarix müəllimi Aysel Ağamalıyevadır.

- Adətən xanımlar arasında tarix fənnini tədis edənləri barmaqla sayılacaq qədər az görürük. Səbəb nə ilə bağlıdır? Tarixin çətinliyi, ya tarixin xanımlar tərəfindən maraqsız görünməsi?

- Məncə də çətinliyi. Düşünürəm ki, bu fənni sevən insanlar xaraktercə möhkəm, iradəli, həmçinin də vətənpərvərlik hissləri güclü olan insanlardır.

 -Bəzən deyirlər müəllimlərçün məktəb repetitor hazırlığına uşaq yığmaq üçün “bazar” rolunu oynayır.

-Xeyr, belə deməzdim. Məktəb təlim-tərbiyə ocağıdır, bazarla da heç bir əlaqəsi yoxdur və olmamalıdır da. Məktəbin bu cür müqayisəsi heç də xoşagələn deyil. Biz müəllimləri oxuduğumuz universitetlər deyil məktəb formalaşdırır, bir müəllim kimi yetişdirib cəmiyyətə təqdim edir. Repititor hazırlığına gəldikdə isə görərik ki, çox vaxt şagirdlər onlara məktəbdə dərs keçən savadlı müəllimlərin deyil, digər müəllimlərin hazırlığına üstünlük verirlər. Bu da daha çox həmin müəllimlərin "özünü reklam"larının güclü və dost-tanışlarının çox olmasından irəli gəlir.

- Bu ildən “Zəfər tarixi” tədris olunur. Tarix müəllimi olaraq o dərsliyə nələri əlavə etmək istərdiniz?

-Bu dərs ilində 9-cu siniflərə mən tədris etdim həmin fənni və deyərdim ki, əlavə edəcəklərim və əksildəcəklərim çox olardı bu dərslikdə. Dərsliyin yarıdan çox hissəsi Azərbaycan tarixi dərsliyində olan mövzulardır. Bu qədər təkrarçılığa ehtiyac yox idi. Onsuz da şagirdlər o mövzuları əksəriyyətini oxuyublar, məlumatlıdırlar və 10-11-ci siniflərdə də həmin mövzular yenidən onlara təkrar tədris ediləcək. Əlavə edəcəklərimsə ondan ibarət olardı ki, Vətən müharibəsində şəhid olanların hər biri haqqında qısa məlumat verilərdi, ən azından adları, doğum tarixi və şəhid olduqları tarix yazılardı. Məncə bu elə çətin deyildi və dərslikdə çox yer də tutmazdı. Həmçinin daha böyük qəhrəmanlıqlar göstərən şəhid və qazilərimizin hər birinin keçdiyi döyüş yolu haqqında da mövzular əlavə edilməli idi. Dərslik gələcək illərdə yenidən nəşr olunanda bütün bunları nəzərə alarlar yəqin.

- Şəhər məktəblərində sinifdə şagirdlərin çoxluğundan şikayətlənirlər. 45 dəqiqə ərzində hər bir şagirdlə məşğul olmaq, maraqlanmaq, üstəgəl digər məsələlərə vaxt çatmır. Siz bu prosesi necə idarə edirsiniz? Sizin məktəbdə durum necədir? Düşünürəm ki, az şagirdli məktəblər kənd şagirdləri üçün bir çox məsələlərdə əla şansdır.

-Əlbəttə, kənd məktəblərində hər sinifdə bu qədər çox şagird olmur. Bizim ata-analarımızın dövründə olub, o da ki o zaman hər ailədə ən azından 7-8 nəfər uşağın olması ilə bağlıdır ki siniflərdə də şagirdlərin sayı 40-ı keçirdi. İndi isə belə deyil. Mən dərs keçdiyim siniflərdə şagirdlərin sayı 18-25 nəfər arası olur. Bəli, bunu bir şans saymaq olar şagirdlər üçün.

- Elmi öyrənməyin iki yolu var. Praktiki və nəzəri. Praktiki yaddaşa həkk olunur. Məsələn, düşünürəm ki, Soyqırımdan danışanda Qubaya səfər etmək, arxeloji qazıntılardan danışanda qazıntılar aparıldığı yerə getmək və ya Qobustana səfər( hələ Azıx mağarası da işğaldan azad olunub) daha effektiv olar. Ümumiyyətlə, turlar olurmu?

-Bəli, düzgün vurğuladınız. Praktiki daha yadda qalan olur. Mən də bir tarix müəllimi ki, çox istərdim bu cür turlar təşkil olunsun. Amma hələ ki, bu baxımdan geri qalır çox zaman kənd məktəbləri. Azıx mağarasını isə şagirdlərimdən çox özüm görmək istərdim deyərdim. Çünki mən də şagirdlərim kimi həmişə kitablardan, dərsliklərdən məlumat almışam bu mağara haqqında. Ümumiyyətlə, bütün işğaldan azad olunan ərazilərimizi əyani şəkildə gəzib görmək hamımızın arzusudur.

-Ölkənin dili, tarixi ixtisasdan, təhsildən aslı olmayaraq hər kəsin müəyyən hadisələri bilməsi labüddür. Amma elə insanlar görürük ki, hətta yaxın tariximizdə baş vermiş Qarabağ həqiqətlərindən belə xəbərsizdir. Burda günahkar məktəblərdir, yoxsa kim?

-Fikrimcə Qarabağ həqiqətlərini bilməyən insanlar o qədər də çox deyil. Xəbərsiz olanların da günahı heç kimdə yox, özlərindədir. Çünki indiki dövrdə, bu qədər informasiya vasitələrinin olduğu bir zamanda ən yaxın tariximiz olan Qarabağ həqiqətlərini bilməmək eyib olar, nəinki günah.

-Təbii ki, minillikləri bir dərslik kitabıyla başa salmaq öyrətmək mümkün deyil. Digər vəsaitlərdən istifadə edir, şagirdlərə hər hansı mənbələr tapşırırsınız?

-Bəli, əlavə mənbələrdən də istifadə edirəm və şagirdlərə evə tapşırıq verərkən də əlavə mənbə kimi digər tarixi mövzularda yazılmış kitablardan, internetdən araşdırmalar aparıb təqdimat hazırlamaqlarını tapşırıram.

-Test üsulu şagirdlərdə məntiqi deyil, sırf nəticəyə hesablanan, universitetə daxil olmaq, qiymət almaq rolunu oynayır. Xüsusən də praktikaya gələcəyə hesablanmayan qısamüddətli əzbərçilik. Eynilə müəllimlər də işinin rahatlığı və ya digər amillərə görə test üsuluna qaçır. Bu barədə fikriniz nədir, nələr məsləhət görərdiniz?

-Deməzdim bütün test tapşırıqları əzbərçilik tələb edir. Baxır testin necə tərtib edilməsinə. Summativlərdə məntiq tələb edən qapalı və açıq testlərdən, xəritələrdən, cədvəllərdən stiuasiya tipli testlərdən də istifadə edirik. Əslində summativ keçirərkən yalnız test üsulundan deyil, digər üsullardan istifadə edilməlidir.

Söhbətləşdi:Emin Piri