Baharın xəbərçisi Nərgizin xüsusiyyətləri:Gül- çiçək vurğunlarına XƏBƏRDARLIQ

Gül- çiçək təbiətdə ən çox sevdiyim gözəllikdi. Dağları da, çəmənləri də, meşələri də, bağları da, bağçaları da çiçəklərinə, güllərinə görə sevdiyimə and içərəm..
Oxucularımın da bu gözəlliyə etinasız qaldığına inanmıram.Güllər- çiçəklər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayət edən incə gözəlliklərdir. Belə ki, insan dünyaya gələndə onu ziyarətə gələnlər arasında mütləq gül dəstəsi gətirənlər olur, hər il özəl günlərdə ilk ağla gələn hədiyyə gül olur, ad günlərində, toy mərasimlərində və nəhayət dünya ilə vidalaşanda da bizi gül dəstələri ilə yola salırlar.
Mənə hədiyyə edilən bir çiçəklə özümü xoşbəxt sana bilirəm. Bir sözlə, çiçəklər mənim tutqumdu. Bu gün sizə tutqularımdan biri haqqında danışmaq istəyirəm. Bilirəm ki, bu çiçəyi sevməyən yoxdu. Sətirləri oxuyanların çoxu öz-özünə təsdiq edəcək ki, o bu çiçəyə etinasız deyil!
Nərgiz çiçəyi - gözəllər gözəli Narkissos
Nərgiz baharın xəbərcisi, cəlb edici bir qoxuya sahib olan soğanaqlı bir bitkidir. Erkən yazda qar altından baş qaldıraraq təbiətə salam verir. Nərgiz gülünün adı yunan mifologiyasında nakam məhəbbətə qurban gedən yunan gənci Narkissosun şərəfinə verilib. Həmçinin əbəs yerə nərgizə şairlər çiçəyi deyilmir (Narcissus Poeticus). O, bir çox şairlərin ilham mənbəyi olub, həmçinin görkəmli rus yazıçısı Turgenevin də sevimli çiçəkləri idi.Bu çiçəyin mənası isə özünə alüdə olmaq mənasını verir.
Nərgizin soğanağı zəhərli bəzək bitkisidir. Nərgizin şirəsi zəhərli olduğundan floristlər onu digər güllərlə eyni qabda saxlamırlar, hətta toksiki olduğuna görə onu heyvanlar da yemir. İncə, uzun, sivri uclu və yastı yarpaqları var. Təqribən 50 santimetr boyunda olan həmin yarpaqlar bəzi yerlərdə 1 metrə qədər uzanır.
Çiçəkləri arılar vasitəsilə tozlanan nərgizin ana vətəni Avropadır, İspaniya və Portuqaliyada onun müxtəlif növlərinə rast gəlinir. Aralıq dənizi sahilləri boyu təbii şəraitdə bitir. Avropa, Şimali Amerika, Şimali Afrika ölkələrində, Türkiyənin Egey bölgəsində yetişdirilir. Onun elmə 40-a qədər növü məlumdur.
Nərgizi Rusiyaya ilk dəfə I Pyotr gətirərək dərman bitkiləri bağında əkdirmişdir. Fulya, Nargöz, Zerrin, Zerrin qədəh kimi adlarla da tanınmaqdadır. Hollandlar lalədə sınadıqları kimi bu soğanaqlıdan da 20 - 30 dəyişik növ istehsal ediblər. Nərgizlərin bəyaz, sarı, kök rəngi, çəhrayı rəngləri olur. Tək rəng ya da qarışıq rəng növləri qarşımıza çıxa bilər.
Nərgizin faydaları
Bitki sakitləşdirici, qızdırmasalıcı və bağırsaqişlədici keyfiyyətlərə malikdir. Nərgiz gülündən hazırlanan islatmalar ayaq altlarındakı çatların sağalmasında və varikoz zamanı faydalı təsir göstərir.
Bitkidən hazırlanan yağdan üzdəki çillərin aparılmasında, dəridəki müxtəlif iltihabi proseslərin müalicəsi, oynaq xəstəliklərinə, radikulit və dazlaşmaya qarşı mübarizədə istifadə olunur, həmçinin nərgizgülü əsəb sistemini sakitləşdirir, həyəcan və qorxu hissini azaldır, əhvali-ruhiyyəni qaldırır və ovqatı yaxşılaşdırır.
Vaxtilə məşhur loğman İbn Sina bitkinin kökləri üzərinə bal və buğda ununun əlavə edilməsi yaradan ox və tikanları çıxartmaq üçün yaxşı vasitəsi olduğunu yazırdı. Ona görə də qədim zamanlarda yaralanmalar zamanı ondan müalicə vasitəsi kimi istifadə edilib.
Həkim Elnur Eldaroğlu bildirir ki, hazırda nərgiz rəsmi təbabətdə tətbiq edilmir, lakin uzun müddət Hippokratın zamanından ta indilərə qədər xalq təbabətində tətbiq edilməkdədi:” XX əsrin əvvəllərində Yapon alimləri nərgizdən alınan alkoloidlərin - narsissin, likorin, qalantamin bəzi növ leykozların müalicəsində effektiv nəticə verdiyini təcrübi sınaqdan keçirmişlər.
Allergiyası olanlar, hamilələr, südvermə dövründə olan qadınlar, azyaşlı uşaqlara əks göstərişdi. Bitkidən əldə edilən yağ, cövhər, spirtli çıxarış, dəmləmə həkim məsləhəti ilə furunkul, karbunkul, mastit, hemorroy zamanı xaricə istifadə edilə bilir”.
El arasında deyilir ki, Nərgiz gülünün mənaları fərqlidir. Bu gül cəsarət, özünə aludə olmaq, qarşılıqsız sevgini simvolizə edir. Ağ nərgiz gülü diqqət, sarı nərgiz gülləri qarşılıqsız sevgi deməkdir.
Əntiqə Rəşid
Digər Xəbərlər

Gəncədə 22 avtobus marşrutu fəaliyyətə başlayır

Prezident Gəncə Memorial Kompleksinin açılışını edib - FOTOLAR

İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında - FOTOLAR

Azad olunan torpaqlarda şəhidlərimizin ruhuna ehtiram - FOTOLAR

Əksər ərazilərdə yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

İnsanlar Fəxri Xiyabana axın edir

Hesablama Palatası: Peyvəndlənmiş heyvanların sayı artıq göstərilib
