09 Iyun 2024 10:46
228
ANALİZ

Bakı Enerji Həftəsi Azərbaycanın enerji potensialının nümayişi üşün ideal platformadır 

İyunun 4-də start verilən Bakı Enerji Həftəsi bir sıra mühüm məqamları ilə yadda qaldı. Özündə 3 mötəbər tədbiri birləşdirən Bakı Enerji Həftəsi çərçivəsində vacib müzakirələrin şahidi olduq. 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu təkcə Azərbaycan üçün deyil, regionumuz üçün faydalı oldu.

Hər il keçirilən Bakı Enerji Həftəsi bütün dünyanın enerji nəhənglərini bir araya gətirdi. Dövlətimizin başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir. Energetika Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) isə baş tərəfdaşlığı ilə baş tutan tədbirlərdə 37 ölkədən üç yüzədək şirkət təmsilçiləri qatıldı. Bakı Enerji Həftəsində Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Həmin ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. 2024-cü ildəki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Bu ölkələrin əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Qeyd edək ki, sərgi sahəsinin 40 %-i tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

Dövlətimizin başçısı Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak etdi və olduqca önəmli mesajlar verdi.

Azərbaycan Prezidenti Bakı enerji həftəsi ilə bağlı bildirdi ki, Xəzər Neft və Qaz Sərgisi 30 il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır: “O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir”.

Zəngin enerji resurslarına malik olan bir ölkəmizin potensialından səmərəli istifadə üçün müasir texnologiyalara və innovativ həllərə ehtiyac var. Bakı Enerji Həftəsi enerji sektorunda baş verən yenilikləri, modern texnologiyaları müzakirə etmək üçün ideal bir platformadır. Bu tədbir vasitəsilə yerli və beynəlxalq mütəxəssislər təcrübələrini bölüşür, enerji sektoruna xarici investisiyaların cəlb edilməsinin yolları öyrənilir.

Konfrans iştirakçıları da öz çıxışlarında təsdiq etdilər ki, 30 il ərzində Azərbaycanda iqtisadiyyatın bütün sahələri inkişaf edib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 30 il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdə idi. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Müstəqilliyin ilk illəri böyük bir enerji böhranı ilə müşayiət olundu. Həmin dövrdə yaşananlara iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə etmək olar. Elektrik enerjisi və təbii qaz qıtlığı var idi. Amma bu gün bu problemlər artıq geridə qalıb. Azərbaycan böhranlı vəziyyətdən çıxaraq dinamik inkişaf edən bir ölkəyə çevrildi. Sözsüz ki, Azərbaycanda bütün sferalarda dönüş nöqtəsi 1993-cü ildə baş verdi. Həmçinin enerji sahəsində də ciddi uğurların əsası qoyuldu. Həmin illərlə bağlı Prezident bunları söylədi: “Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri”.

  Qarabağ və Şərqi Zəngəzurun azad olunması Azərbaycanın enerji potensialını daha da arıtırır. Çünki azad olunmuş ərazilərimizin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. Yaxın illərdə bu rəqəm 500 meqavata çatacaqdır.

Bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. Vaxtilə “Şahdəniz” layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü ildə əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı olacaq.

Mətanət Səfərli 

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı