adalet.az header logo
  • Bakı -°C
10 Sentyabr 2026 17:47
28
ELM VƏ TƏHSİL
A- A+

Bakı Türk Anadolu Liseyində yeni laboratoriya istifadəyə verilib

Sentyabrın 10-da Bakı Türk Anadolu Liseyinin Əhmədli kampusunda Robotik kodlaşdırma laboratoriyasının açılış mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, Robotik kodlaşdırma laboratoriyası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən 2019-cu ildə Bakı Türk Anadolu Liseyində robotik kodlaşdırma və intellekt oyunları emalatxanalarının yaradılması ilə başlayan əməkdaşlığın davamıdır.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Bakı Türk Anadolu Liseyinin müdiri Abdullah Yılmaz çıxışında bildirib ki, bu layihə Azərbaycan ilə Türkiyənin sarsılmaz qardaşlığının təhsilə və gələcəyə uzanan gözəl təzahürlərindən biridir.

Tədbirdə digər çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlığının təhsil, elm və texnologiya sahələrində əməkdaşlığının əhəmiyyətindən danışıblar. Bildirilib ki, laboratoriyanın yaradılması şagirdlərin müasir texnologiyalara marağının artırılmasına, onların nəzəri biliklərini praktiki bacarıqlara çevirməsinə və gələcək peşə seçimlərinə mühüm töhfə verəcək.

TİKA rəhbəri Abdullah Eren çıxışında layihənin şagirdlərin texnologiya və mühəndislik sahələrində bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu kimi layihələr Azərbaycan-Türkiyə arasında təhsil və texnologiya sahəsində əməkdaşlığın daha da inkişafına xidmət edir. O, laboratoriyanın şagirdlərin texnologiya, proqramlaşdırma və mühəndislik sahələrində praktiki bacarıqlarının inkişafına mühüm töhfə verəcəyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün də çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, təhsil və elm istiqamətində də uğurla inkişaf etdiyini bildirib. Səfir bu cür layihələrin gənclərin müasir texnologiyalara yiyələnməsində, onların yaradıcılıq və innovativ düşüncə qabiliyyətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra TİKA-nın dəstəyi ilə yaradılmış Robotik kodlaşdırma laboratoriyanın açılışı keçirilib. Mərasimdə şagirdlər tərəfindən hazırlanan layihələrin də təqdimatı olub. Onlar robototexnika və proqramlaşdırma sahəsində hazırladıqları praktiki işləri nümayiş etdiriblər.

Tədbir iştirakçılarına Robotik kodlaşdırma laboratoriyasında yaradılan imkanlar barədə məlumat verilib. Yeni laboratoriya lisey şagirdlərinin robototexnika, proqramlaşdırma, mühəndislik və müasir texnologiyalar üzrə praktiki biliklər əldə etməsinə, yaradıcılıq, məntiqi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına imkan yaradacaq.

Layihə Azərbaycan-Türkiyə qardaşlığının təhsil və texnologiya sahəsində əməkdaşlığının növbəti nümunəsi olmaqla, gənclərin gələcəyin texnologiyalarına hazırlanmasına və onların mühəndislik istiqamətində potensialının üzə çıxarılmasına xidmət edəcək.