Bakıdakı “Rus Evi” açıqlama yaydı
Bakıdakı “Rus Evi” sosial şəbəkələrdə mərkəzin loqolarından istifadə edilərək saxta sənədlər yayılması barədə açıqlama yayıb.
Adalet.az xəbər verir ki, “Rus Evi”nin feysbuk hesabında edilən paylaşımda deyilir:
“Bakıdakı “Rus Evi” və “Rossotrudniçestvo”nun simvollarınının qanunsuz mənimsənilməsi ilə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatların və saxta sənədlərin yayılması davam edir. Burada söhbət əsas olaraq, guya Bakıda “Rus Evi”ndə rus dili kursunda tədris alan şəxslərin, o cümlədən Azərbaycanın dövlət qulluqçusu olan şəxslərin siyahılarından gedir. Bu “sənədlər” həqiqi deyil. Bizim rəsmi resurslarımızda yayılmayan istənilən materiallar saxtadır”.
Qeyd edək ki, xüsusi xidmət orqanlarının sifarişi ilə çalışan, xaricdə yerləşən “Youtube” kanalı vasitəsilə son günlər “Rus Evi” adından saxta sənəd hazırlanıb yayılıb. “Məlumat” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə bağlı olub. “Rus Evi” isə son açıqlamasında bu tipli məlumatların yayılması barədə məlumatlı olduğunu qeyd edib və məlumatı təkzib edib.