"Balamın adı": Cənubdakı soydaşlarımızın bütün haqqları tanınmalıdır

2021-ci il idi. İran azərbaycanlısı Hüseyin Əmani Nadarlı öz İnstaqram səhifəsində post paylaşaraq, oğlu Oğuza türk adı seçdiyinə görə İranın aidiyyatı qurumları tərəfindən doğum şəhadətnaməsi verilmədiyini bildirdi.
İranın Qeydiyyat Baş İdarəsi bu adın təsdiqlənmiş adlar siyahısında olmadığını bəhanə edərək Oğuza doğum sənədi verməkdən imtina etmişdi. Əslində H.Nadarlının yaydığı bu məlumat ilk bu haqda olan məlumat deyildi. Minlərlə oğuz türkü olan İran vətəndaşının ən böyük probleminə çevrilmiş bir məqam idi. İnsanların ən doğal haqqıdır, dünyaya gətirdiyi övladına özünün istədiyi adı qoyması. Və tarixdə ilk dəfə idi ki, mollaların idarə etdiyi ölkə valideynin övladına qoyduğu adı qəbul etmir, o adın ərəb vəya fars kökənli olmasını tələb edirdi . Bu dünya tarixində biabırçı bir “ilk”dir.
Daha sonra Vahid Purmustafayi və həyat yoldaşı qızlarına “Sevgi” adını seçmək istədikdə Qeydiyyat İdarəsi bu ada icazə verməkdən imtina etdi. Rəsmi şəxslər, “Sevgi” adının “icazəsiz” olduğunu bildirərək, valideynlərdən fərqli bir ad seçmələrini tələb etdilər. Amma valideynlər də “pəs” etməyiblər. 5 ay dinəniş göstəriblər və istəklərinə nail oldular.
Belə misallar minlərlədir. Bu fars-molla rejiminin 200 ildir soydaşlarımızın hüquq və haqlarını əzməsinin başqa bir şəklidir.
Nə olsun ki, uşağın doğulduğu gündən ad seçmək hüququ beynəlxalq hüquqda tanınır. Nə olsun ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsinə görə, hər uşaq doğulandan ad almaq hüququna malikdir. Nə olsun ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ailənin gizliliyinə və şəxsi azadlığa hörməti vurğulayır ki, bu da uşağa verilən adı əhatə edir. Amma İranda Türk adlarına qarşı tətbiq edilən məhdudiyyətlər həmişə olub. Azərbaycanlıların ümuilikdə bütün insani haqqlarını tapdalamaq İranda adi haldır.
Nəhayət haqqı tapdanmış azərbaycanlılar, ictimai fəallar, hüquq müdafiəçiləri və geniş ictimaiyyət birləşir, etiraz dolu bir kampaniya başladır.
“Balamın Adı” adlı imza kampaniyası İranın qeydiyyat qanunvericiliyində dəyişiklik etməyi tələb edir. Körpələrinə şəxsiyyət vəsiqəsi ala bilməyənlər petisiya hazırlayır. Sosial şəbəkələrdə bu çağırışlar geniş şəkildə paylaşılır, dəstək qazanır və nəhayət etiraz ünvanına çatır. Azərbaycanlıların başlatdıqları "Balamın adı" kampaniyası və bununla bağlı İran Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubdan sonra prezident məsələnin araşdırılması ilə bağlı göstəriş verib.
Hazırda prezident 15761 nəfərin imzaladığı petisiyaya cavab olaraq İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinə də göstəriş verib və adlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə iş görülməsini istəyib.
Bu əlbəttə ki, son 25 ildə cənubi azərbaycanlıların dirəniş göstərərək uğura nail olduqları ilk hüquqi mübarizələridir. Ümid edirik, bir gün onlar, Azərbaycan dilində nəşriyyatları olar, türk tarixini və ədəbiyyatını əhatə kitablar çıxararlar, Azərbaycan dili məktəb-mədrəsə, universitetlərdə təhsil alarlar.
İrandakı 50 milyondan yuxarı azərbaycanlının öz müqəddəratını təyinetmə hüququ tarixi zərurətdir!
Bəlkə də "Balamın adı" kampaniyasının uğuru İran istibdadının sonunun başlanğıcıdır?
Əntiqə Rəşid
Digər Xəbərlər

Dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar

Bayram Beqay İlham Əliyevə zəng etdi

Zəngəzur dəhlizi: Azərbaycan qlobal nəqliyyat şəbəkəsində mərkəzi yer tutacaq - - Aygün Attar yazır

Norveçin “Geopolitika” nəşrində Vaşinqtonda imzalanan saziş haqqında məqalə dərc olundu

"İlham Əliyev və Paşinyanın yanında olmaqdan böyük şərəf duyuram" - Tramp

Azərbaycan-ABŞ Strateji tərəfdaşlığı tarixi sülhü və yeni qlobal perspektivləri ehtiva edir

"Əldə olunan razılaşma tarixi addım oldu" - Ərdoğan
