«Bayquş və qarovulçu»nun müəllifinə MƏKTUB - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
347 | 2025-06-11 12:01

Bəri başdan deyim ki, bu yazını yazmaq mənim üçün son dərəcə ağır və həm də yük altına çiyin vermək kimi gəldi. Çünki oxuduğum bir hekayə bütün iç dünyamı ələk-vələk elədi. Uşaqlığım, kənddə keçən günlərim, daha çox da 30 il vətənsiz qaldığım zaman kəsiyi elə bil ki, bir anın içində gəlib durdu gözümün qabağında. Elə bil ki, yer qabardı və həmin o zaman kəsiyi yerin altından çıxdı üzə. Təsəvvür edin ki, normal bir düşüncə sahibi bu hekayəni oxuyanda mənim təkcə ifadə edəcəyim münasibətin özünü yox, həm də o münasibətə qədərki bütün zamanı ipə-sapa düzmək imkanını ovcunda sıxıb saxlaya bilməz. Bilirsiniz niyə? Mənə görə onu ovucda ona görə tutub saxlamaq mümkün deyil ki, hekayənin sənə, mənə, bütövlükdə oxucuya yaşatdığı heç də mif deyil. Bədii təxəyyülün bəhrəsi olsa da, o, həm də reallığın diktəsi, bir az da təsviridi. Və…

Ötən şənbə gününün «Ədəbiyyat» qəzetində yazıçı-publisist İmamverdi İsmayılovun «Bayquş və qarovulçu» hekayəsini oxudum. Həcmi cəmi 3 qəzet səhifəsidi. Amma ortaya qoyduğu və məni bir oxucu kimi həmin o mövzunun əhatə dairəsindən çıxmağa imkan verməyən müəllif qələmi o qədər nüanslardan ustalıqla bəhrələnir ki, hekayənin hər abzası, hər cümləsi mənə təkrar bir də oxu deyir. Çünki oxuduğum abzaslardakı hadisələr və bu hadisələrin uzaq və yaxın keçmişlə bağlılığı, milli dəyərlərə söykənən inanc, üstəlik zaman-zaman qanımıza, ruhumuza hopmuş və bizimlə birlikdə bu günə gəlib çıxmış deyimlər, məsəllər, eləcə də miflərin özü o qədər yerində və dəqiqliyi ilə təqdim edilir ki, oxuduqca yaddaş da təzələnir. Sanki insan, bu məqamda isə oxucu olaraq mən yaddaşıma yenilənmə əmri verirəm. Ona görə də hekayənin çox sadə bir mövzusu, çox böyük bir həqiqəti asta-asta çatdırır bizə. Hər sətir, hər cümlə bir zamanı, bir həyat həqiqətini yavaş-yavaş vərəqlədir…

Hekayə adından da göründüyü kimi, iki ünvanın, qarovulçunun və bayquşun ayrı-ayrılıqda yaşantılarını və həm də ayrı-ayrılıqda dünyaya, insanlara, yerə, göyə, Allaha, bir sözlə, bütün kainata münasibətini və sonda həm də bir-birilərinə münasibətlərini təqdim edir bizə. Mən hekayənin adını oxuyanda Şeyx Nizamini xatırladım. Onun məşhur poemasındakı səhnələr yadıma düşdü. Lakin yazıçı-publisist İmamverdi İsmayılovun hekayəsinə qayıdanda burda tamam fərqli bir coğrafiyanın səyahətçisi oldum. Çünki hekayənin qəhrəmanı yaşlı bir kişi bayquşu öldürmək, məhv etmək tapşırığı alıb. Bax həmin o kişi bir bağda qarovulçu işləyir. Əslində bu bağın sahibi onun dostunun oğludur. Zamanında çox böyük imkanları olmuş qarovulçu həyatın burulğanında çox şeyləri itirib və günlərin birində dostunun oğlu buna ömrünü uzatmaq, başını qatmaq üçün gəlib bağında qarovulçu olmasını təklif edir. Özü də o qədər mehribanlıqla, tam səmimiyyətlə qarovulçu yox, burda birgə yaşamağı diləyib ondan. Dostunun ruhuna ehtiramını ifadə edən qarovulçu haqqın itirilmədiyini, insanlığın ölmədiyini bağ sahibinin timsalında içindən keçirdir və Allahına şükürlər edir. Bağda tam sərbəst, istədiyi bir rahatlıqla yaşayır. O günə qədər ki, bağın olduğu ərazinin beş addımlığında, yəni iki ev aralıda bir bayquş peyda olur. Onun səsi bağ sahibini narahat edir, əsəbiləşdirir və bir səhər işə gedəndə qoca qarovulçuya bayquşu öldürməyi tapşırır. Bax, o andan başlayır bütün hekayənin cizgiləri. Mən burda başqa bir söz demək istəyirəm. Bax, həmin o andan başlayır baş vermiş və baş verəcək bütün hadisələrin ekranda bir-bir təqdimatı. Sanki kadrlar gedir və kadr altı da yazıları oxumağa bütün diqqətimiz yönəlir. Çünki…

Bu qoca kişi bayquşun səsini eşidəndən və tapşırıq alandan öz həyatını gətirir gözünün önünə. Qızının bir soysuza, heç vaxt qəbul etmədiyi bir gədəyə qoşulub qaçması, bununla da onun ata ömründən zərbə vurması, ana ürəyini param-parça etməsi, bir sözlə, bir ailə faciə-dramının yaşanması, nəticədə qızı qoşulub qaçan ananın ömür-gün yoldaşının qolları üstündə dünyasını dəyişməsi, son pıçıltısında da qızını xatırlatması… Bu bir epizoddur. Yəni qarovulçunun həyat dramının bir epizodudur. Bu epizoddan sonra onun xoş günləri, nəvəsi ilə bağlı məqamlar gəlir. Amma burda da bir təzad var. Çünki nəvə babanı qınayır. Onun keçmişdən qopa bilməməsinə irad tutur və vurğulayır ki, bayquşu öldürmək lazım deyil. Bu, köhnə, yanlış bir inacdır. Bayquş əslində bəy quşdu, öz həyatını yaşayır, qaranlıqda ova çıxır. Bax, bu məqamda babanın keçmiş inancları, keçmiş günlərindən gələn bayquş ulartısı onun daxilində bir savaş açır, bu günlə dünən üz-üzə gəlir. Bu məqamda növbəti epizod başlayır. O da üzbəüz bağın qarovulçusunun əyyaş həyatı, içki düşkünü olması, bir insan kimi evə də, cəmiyyətə də, ailəyə də gərəksizliyi, məişəti, əxlaqı, bir sözlə, üfunət daşıyıcısı kimi təqdim olunur. Doğrudur, son anda o da qarovulçunun ona vəd etdiyi bir cecə arağına görə onunla birlikdə bayquşu öldürməyə hazır olduğunu bildirir…

Hekayənin bu epizodlarının fonunda isə müəllifin həm sətiraltı, həm də birbaşa sərgilədiyi reallıq çıxır ortaya. Bu reallıq da Allahın yaratdıqlarının yer üzündə törətdikləridi. Yəni «törədənlərin» içərisində ən qəddarı, ən yırtıcısı, ən amansızı, hətta ən insafsızı insandı. Çünki digər canlılar öz həyatlarını yaşayır, öz missiyalarını yerinə yetirirlər. Hətta öz balında boğulmaqda olan arı da səbirlə özünü təmizləyib, o balın içərisindən çıxır. İnsan isə qurulanı, tikiləni, yaradılanı yerlə-yeksan edir, xarabaya çevirir. Təkcə yerin üstündə deyil, altında da, səmada da dağıtmağa meyillidi.

Bu mənada müəllif bizə bir sual ünvanlayır. Əgər insanın dağıtdığı hər bir yuva üçün, hər bir kənd, şəhər üçün Allah bir bayquş yaratsaydı, görəsən dünyada bayquşların sayını müəyyənləşdirmək mümkün olardımı? Axı bayquşların sığındığı yeri onlara daha çox insanlar «bağışlayır». Tək-tək hallarda təbii fəlakət bayquşların işinə yarayır. Deməli, bax, bu nöqtədə insanın bayquşun xidmətində olduğu da üzə çıxır. Ona görə də bayquş insanın məzmununu da, mahiyyətini də bilir. Və  insanı  izlədikcə sanki onun fikirlərini oxuyur, içini görür və gecələr onu öldürmək üçün əlinə tüfəng alıb gələn qarovulçunu da, onun əyyaş qonşusunu da bir az qəzəbli, bir az ittihamedici, bir az həqarətlə damğalayır. Yəni onların kimliyini, vücudunu sanki bəyan edir. Deyir ki, siz kimsiniz və etdiyiniz hərəkətin mahiyyətini, mənasını öz cılız ağlınızla, gülünc məntiqinizlə ört-basdır etməyə, haqq qazandırmağa çalışırsınız. Amma unudursunuz ki, məni də Allah yaradıb, mənim də etdiklərim sizin girdiyiniz, büründüyünüz mələk donundakı xislətinizi didikləmək, hər kəsə göstərmək üçündür.

Bu yerdə bir anlıq sanki şok yaşayırsan. Çünki bayquşun dedikləri onu öldürməyə gedənlərin əməllərindən daha önəmli və daha haqlıdır. Əslində burda mənə görə bayquşu öldürməyə getməzdən öncə qocanın gördüyü yuxu oxucunu sonluğa hazırlayır. Hekayənin necə bitəcəyinə kökləyir. Çünki o yuxusunda görür ki, bayquş onun qarşısına bir yumurlanmış, bükülmüş nəsə atır. Diqqətlə baxanda görür qızıdı. Tanınmaz və gözləri çıxarılmış halda olan qız atanı ittiham edir, niyə onu axtarmadığını, niyə üstündəki ləkəni yumadığını, niyə onu da, onu qaçıranı güllələmədiyini soruşur. Anasının vaxtsız ölümünə görə çəkdiyi əzabı dilə gətirir. Atasına yaşatdığı töhmətə görə üzüldüyünü deyir. Bir sözlə, sanki qız etdiklərinin peşmanlığını yaşayır və bu peşmanlığını etiraf etməklə bərabər, həm də daha ağır və sərt cəzaya layiq olduğunu dilə gətirir. Bu məqamda onu yenə bayquş caynağına alıb aparır. Çünki o qız hərəkəti ilə atanın, ananın, doğulduğu ocağın bütün nizamını pozur, bütün həyatını əzaba çevirib. Bayquş da onu yaşatdığı əzabların ödülünü vermək üçün götürüb gedir.

Yuxudan ayılan ata nə qədər özünü toparlasa da, nə qədər müdrik kəlamlara, deyimlərə söykənsə də, içində bir düyün qalır. O düyün ki, onu titrədir, onun əllərini əsdirir. Bayquşa tuşladığı tüfəngi ovcunda saxlaya bilmir. Güllə açılır, həmin an ölmüş arvadı gəlib dayanır gözünün önündə. Deyir ki, sən nə etdin, ay kişi? Niyə ağ kəfənini qana boyadın…

Burada  mütləq  qeyd etməliyəm ki, müəllif, mənə  görə  hekayəyə  bir  az  dastan, nağıl  və  bir  az da  fantastika  elementləri  qatır... İstifadə olunan atalar  sözləri, məsəllər, alqış və qarğışlar folklorumuzun işığını  hekayənin  canına  hopdurur... Və bir də bu hekayə mənim, sənin  və  bütövlükdə  bizim   bal kimi  saf, ürəyə  yatımlı, diqqət  çəkən  bir  dil  nümunəsidi... Oxuduqca, xüsusilə  dialoqları  izlədikcə  mənə  elə  gəldi ki, kənddə  adamların axşam- səhər cəm olduğu  ağac  dibində, yaxud  naxır  yolunun üstündə  edilən söhbətə  qulaq  asıram... Doğrudan da  bütün  detallar, yəni   işlədilən  sözlər  yerinə  düşməklə  bərabər  həm də   vurğuladığım  bal  dilimizin barı-bərəkətidi.

Elə  bu  səbəbdəndir ki, müəllif  hekayənin  nağıl  dilini  məharətlə  yüyrək  edir. Yəni  oxucunu   yorulmaqdan, darıxmaqdan  uzaq  tutur  və   cərəyan  edən  hadisənin  cizgiləri özü  oxucunu hadisənin şahidinə  çevirir. Bu  isə  sonda  oxucunun müəlliflə razılaşmasına  şübhə  yeri  qoymur. Deməli,  mən  bir  oxucu  olaraq  Bəy quşu haqlı  sayıram ...

Məhz   bu  səbəbdəndir  ki, yazıçı-publisist İmamverdi İsmayılovun «Qarovulçu və bayquş» hekayəsini oxuyub öz-özümə bir ricət etdim:

- Doğulduğum kənddə çox nadir hallarda bayquş səsi eşidilərdi və onu da dərhal qovardıq. Amma 30 il o kənddə bayquş uladı. Mən onu qova bilmədim. Və hər dəfə kəndimdə bayquşun uladığını düşünəndə bunun bitməyən bir ağrı olacağına köklənirdim. Amma zaman göstərdi ki, o kəndi də, bütövlükdə bayquşların uladığı işğalda olan kəndlərimizi də necə xilas etmək mümkündür. Mümkün olmayanı Azərbaycan ordusu və onun baş komandanı gerçəkləşdirdi. Bu, mənim real tariximizə hekayənin təsiri ilə olan baxışımdı. Amma hekayədəki reallıq isə dünənlə bugünün üzləşməsidi, qarşılaşmasıdı. Ənənə ilə, miflə, dünyadakı xeyirxah və dağıdıcı güclərin baş-başa gəlməsidi. Bir tərəfdə dünyanı, həyatı xilas etmək istəyənlər, insanlara əl uzadanlar, digər tərəfdən dünyada mütləq güc olub şəriksiz sahiblik iddiası ilə dağıdanlar və deməli, bayquşlara şərait yaradanlar…

Amma sonuncular unudur ki, onların etdiklərini bəy quşlar arzu etmir, istəmir!.. Bayquşlar istəyir!

TƏQVİM / ARXİV