24 Dekabr 2024 13:39
151
SAĞLAMLIQ

Bayram günlərində balanslı pəhriz sağlam həyat tərzi üçün çox önəmlidir - Qastroenteroloq

“Bayram günlərində qidalanma rejimində edilən səhvlər sağlamlıq problemlərinə səbəb olan mühüm mövzudur”. 

Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, bu dövrdə ən çox rast gəlinən problemlər həddindən artıq kalori qəbuludur: “Bayram süfrələri çox vaxt yağlı, yüksək kalorili və şəkərlə zəngin yeməklərdən ibarət olur. Bu qidalar qısa müddətdə çəki artımına, insulin müqavimətinin yaranmasına və metabolik pozğunluqlara yol açır. Nəticədə, qaraciyər yağlanması, duzlu qidaların qəbulu isə hipertoniya hallarını artırır”.

Mütəxəssis-eksperti bildirib ki, qida kombinasiyalarının uyğunsuzluğu, eyni zamanda ağır ət yeməkləri ilə karbohidratla zəngin qidaların qəbul edilməsi həzm sistemini yükləyir və narahatlıq yaradır: “Öd daşı xəstəlikləri kəskinləşir, qastrit halları çoxalır. Bayramlarda oturaq həyat tərzi piylənmə riskini artırır və artıq kalorilərin yandırılmasını çətinləşdirir”.

Sonda qastroenteroloq qeyd edib ki, yetərsiz maye qəbulu soyuq aylarda daha çox rast gəlinir: “Bayram günlərində qazlı və şirin içkilər üstünlük təşkil edir ki, bu da bədəndə su balansının pozulmasına səbəb olur. Hava şəraitinə uyğun qidalanma və bayram günlərində balanslı pəhriz sağlam həyat tərzi üçün sadəcə bir qayda deyil, həm də uzunmüddətli sağlamlıq üçün çox önəmlidir”.