Ağıllı saat istifadə edənlərə XƏBƏRDARLIQ - Təhlükəli maddə aşkar edildi
Son araşdırmalar göstərir ki, ağıllı saatlar və fitnes izləyicilərində istifadə olunan bəzi materiallar insan sağlamlığı üçün risklər yarada bilər. Xüsusilə bahalı ağıllı qolbaqların istehsalında istifadə edilən flüorlu sintetik kauçukda zərərli "kimyəvi maddələr" (PFAS) tapılıb.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu məhsulların tərkibində perfluoroheksanoik turşusu (PFHxA) olduğuna diqqət çəkirlər. PFHxA, həm ətraf mühitə, həm də insan sağlamlığına ciddi zərər verən PFAS kimyəvi maddələr qrupunun üzvüdür.
PFAS maddələri davamlılığı artırmaq, çirklənməni önləmək və suya qarşı müqavimət göstərmək xüsusiyyətlərinə görə çoxlu istehlak məhsulunda, o cümlədən ağıllı qolbaqlarda istifadə olunur. Lakin bu kimyəvi maddələr dərimizlə təmasda bədənə keçə bilər.
Scripps Araşdırma İnstitutunun mütəxəssisi Qrem Peasli bu məsələyə toxunaraq bildirib ki, "Bu kimyəvi maddələrin uzun müddət dərimizlə təmasda olması narahatlıq yaradır."Tədqiqatçılar müxtəlif markalardan olan 22 ağıllı saat və fitnes qolbağını araşdırıb. 13 flüorlu elastomer qolbağın hamısında flüor, 9 qolbaqdan isə ikisində flüor izləri tapılıb. Daha bahalı məhsullarda flüor səviyyələri ümumiyyətlə daha yüksək olmuşdur.
Bəzi nümunələrdə PFHxA maddəsinin konsentrasiyası 16,000 ppb-ə çatıb ki, bu da kosmetik məhsullarda rast gəlinən səviyyələrdən dörd dəfə yüksəkdir.
PFHxA-nın dəri vasitəsilə bədənə necə keçdiyi və bu maddənin təsirləri tam olaraq müəyyən edilməyib. Lakin tədqiqatlar göstərir ki, bu maddə normal şəraitdə də əhəmiyyətli dərəcədə dəri tərəfindən udula bilər.
Mütəxəssislər istifadəçilərə silikon əsaslı, daha ucuz qolbaqlar seçməyi tövsiyə edir. Bahalı məhsul almaq istəyənlərə isə flüorlu elastomer tərkibindən çəkinmələri məsləhət görülür./Milli.az