adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Yanvar 2022 13:08
292
GÜNDƏM

Bəxtiyar SADIQOV:Müəllim nüfuzu

Onu necə qoruyaq?

Məndə olan bütün yaxşı cəhətlərə görə kitablara borcluyam!

Sovet dövründə rus yazıçısı Maksim Qorkinin bu sözünü həvəslə sitat gətirərdik!

İnsan kimi yetişəndən sonra isə “Məndə olan yaxşı cəhətlərə görə müəllimlərimə borcluyam” fikrini də səmimi-qəlbdən söyləyirəm!

Həmişə bizə təqlin olunardı ki, müəllim ikinci valideyndir!

Doğrudur!

Çünki doğma ata-ana daha çox qarnımız və əyin-başımız, eyni zamanda təhsilimiz barədə düşünür.

Müəllimlərimiz isə bizə savad, bilik verir, tərbiyələndirir, bəsirət gözümüzü açır, Vətənə layiq övlad olmağın yollarını göstərir!

Əslində kim valideynin və müəllimin dediklərindən nə öyrənir, nə götürür, onu özü və bir də ətrafdakılar görür və bilir!

Valideyn bizi təkcə əzizləyib öpmür!

Hərdən üstümüzə qəzəblənib, müxtəlif cəzalar da verir!

Müəllim isə bizi əzizləyib oxşamağa borclu deyil! (Hərçənd başımızı sığallayan, mehribanlıq göstərən, dərdimizə yanan müəllimlərimiz də az olmayıb!)

Amma tədris etdiyi fənni öyrətməyə, səhvlərimizi düzəltməyə can atmalıdırlar.

Heç vaxt müəllimə (mollaxanalardan başqa) şagirdə fiziki cəza tətbiq etmək hüququ verilməyib!

Amma müəllim də insandır, o da əsəbləşə, təbdən çıxa bilər!

Mən də bir xeyli müəllim şapalağı yemişəm!

 

Həmişə də narazı qalmışam, anama şikayət etdiyim vaxtlar da olub!

Həmin dövrdə müəllimdən narazı qalmışam, öz aləmimdə küsmüşəm, hətta etiraz əlaməti olaraq bir neçə gün dərsini oxumamışam.

Sonra barışmışıq!

Daha sonralar həmin şapalaqların xeyrini görmüşəm!

Bu gün bütün müəllimlərimi hörmətlə anıram, dünyasını dəyişənlərə rəhmət diləyirəm, şapalaqlarını halal edirəm!

Şapalaq tərəfdarı deyiləm!

Müəllimin uşağı döyməsini, falaqqaya salmasını düzgün hesab etmirəm!

Amma şagirdlə ucadan danışmasını, onun üstünə qışqırmasını “şiddət” adlandıraraq əliyalın qoyulmasını da düzgün saymıram.

Bəs müəllim yaxşı oxuyanla, tərbiyəli uşaqla digərlərini necə fərqləndirməlidir?

Axı jurnala yazılan qiymət onun biliyini əks etdirir, bəs dövlətimiz üçün vətənpərvər insanı kim yetişdirməlidir?

Bəli, qəbul edirəm: tərbiyə təkcə cəza ilə verilmir!

Yaxşı, əgər uğursuz ailədən çıxan bir şagird sinifdə özünü ədəbsiz aparırsa, dərsin gedişinə mane olursa, müasir dildə desək, şagird yoldaşlarının da hüquqlarını pozursa, onda müəllim nə etməlidir?!

***

Bu gün Azərbaycan xalqının qürur duyduğu, həmişə hörmətlə andığı şəxsiyyətlərin böyük əksəriyyəti - Həsən bəy Zərdabi, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyli və başqaları müəllim olublar, uşaqlara elm öyrədiblər, vətənə şərəflə xidmət edən insanlar yetişdiriblər!

Biz belələrinin timsalında daim müəllimlərimizi sevmişik, onları ucalıqda görməyə adət etmişik.

İnsaf naminə deyək ki, indi bəyənmədiyimiz sovet dövründə müəllimlər həmişə hörmətli tutulardı, onlara xüsusi diqqət yetirilərdi...

Heç zaman unutmadığım bir fakt: dərs demək üçün ucqar kəndlərə işləməyə gedən müəllimlərə hətta 1941-1945-ci il müharibəsi dövründə belə dövlət qış aylarında odun payı ayırırdı...

Kənd camaatı isə evlərində yerləşdirər, verdikləri otaqlardan kirayə pulu almazdılar.

Bu gün isə “azad söz meydanı” saydığımız sosial şəbəkələrdə müəllimlərin tənqid obyektinə, lağ hədəfinə çevrildiyini ürək ağrısı ilə izləyirik.

Müəllim də səhv edə bilər, çünki o da insandır, onun da səbrinin həddi, əsəbi var!

Amma nə vaxtsa şagird və tələbə olmuş insanlar da müəllim haqqında etik normalar çərçivəsində danışmağı bacarmalıdırlar!

Görünür yaxşı şagird olmadıqlarına görə bunu zamanında müəllimlərindən öyrənməyiblər!

Heç olmasa ədalət hissini, obyektivliyi unutmamalıdırlar!

Birisi bir söz yazıb, bir şəkil paylaşan kimi hamı dönür olur ittihamçı, hakim, nə bilim nə!

Axı həqiqəti bilmədən, məsələnin mahiyyətini öyrənmədən, hər iki tərəfi dinləmədən necə düzgün qərar vermək olar!

Həm də bəzən etik normalardan belə kənara çıxmaqla!

Görünür, bu da vaxtında müəllimə qulaq asıb, düzgün öyrənməməyin nəticəsidir!

Sanki müəllimi hallandırmaq üçün fürsət gəzirik!

Sanki müəllimi nüfuzdan salmaq üçün girəvə axtarırıq!

Sanki müəllimi töhmətləndirmək üçün bəhanə tapmağa çalışırıq!

Halbuki bunu edənlərin hamısının müəllimi olub, müəllimin necə zəhmətə qatlaşdığını oxuduqları müddətdə gözləri ilə görüblər.

Halbuki müəllimi məsxərəyə qoymağa həvəslə can atan sosial şəbəkə istifadəçiləri də yazmağı və oxumağı müəllimdən öyrəniblər.

Halbuki o insanlar da oxuduqları müddətdə dəcəllik ediblər, müəllimi hövsələdən çıxarmağa çalışıblar və bəzən buna nail də olublar!

***

Təəssüf ki, müəllimi əsrlər boyu gördüyümüz və görmək istədiyimiz müqəddəs yüksəklikdən aşağı endirmişik!

İndi isə şagirddən də aşağı tutmaq istəyirik!

Bu nə münasibətdir!

Bu nə yanaşmadır!

Bu nə qisasdır!

Bundan nə qazanacağıq!

Bununla nəyə nail olmaq istəyirik!

Axı müəllim də insandır!

Onun da əsəbləri var!

Onun da səbri tükənə bilir!

Onun da səbir-kasası daşa bilir!

Onda nə etməlidir?

Ata-ana uşağını tənbeh edə bilirsə, niyə müəllimin bu hüququ olmamalıdır?!

Ata-ana övladını cəzalandıra bilirsə, onda niyə müəllim şagirdi ilə hündürdən danışa bilməməlidir?!

Axı müasir valideynin ən yaxşı halda 2 övladı olur!

Müəllim isə ən azı 30-40 uşağa ata-analıq edir.

Niyə valideynin etdikləri öyüd-nəsihət, müəlliminki isə şiddət sayılır!

Axı müəllim cəzanı da uşağın tərbiyəsi, təhsili, özünü insanlar arasında, cəmiyyətdə normal aparması, tərbiyəli davranışı naminə verir!

Müəllim manyak deyil, qışqırmaqdan, cəza verməkdən zövq almır!

Sovet dövrünün bir Makarenko soyadlı nümunəvi, istinad edilən müəllimi var idi.

Xalq Cumhuriyyəti dövrünün də Firidun bəy Köçərli kimi pedaqoqları nümunə sayılırdı.

Sovet dövründə ən yüksək mükafatlara, hətta Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən orta məktəb müəllimləri vardı!

İndi göstərin görək nümunə hesab edilən, sevilən və sevdirilən, fərqləndirilən bircə müəllim tapıb ortaya çıxarmışıqmı?!

Yalnız irad, narazılıq, töhmət, işdən qovma!

İndi kifayət qədər uğursuz ailələr var!

Ya zəlzələdən, ya vəlvələdən!

Təkcə ötən ilin 11 ayında 15,6 mindən çox boşanma faktı olub.

Kobud hesablasaq, bu, 10 minə qədər yetim uşaq deməkdir!

Ana öhdəsində qalan uşaq!

İşləyən gənc ananın ailə qayğıları, dolanışıq çətinlikləri övlada kifayət qədər vaxt və diqqət ayırmağa imkan vermir.

Xırdalamaq istəmədiyimiz digər ailələr də var!

Problemli və yarımçıq ailələrin “məhsulu” olan uşaqlar da məktəbə gəlir!

Bütün yük - təhsil, təlim və tərbiyə yükü məktəbin və müəllimin üzərinə düşür.

Görün bir sinifdə neçə uğursuz ailənin uşağı oxuyur!

Müəllim yazıq neyləsin?!

Axı bəzən müəllimin də ailə vəziyyəti ürəkaçan olmur!

Axı müəllimin də içini yandıran dərd-səri ola bilər!

Müəllim belə ailələrin övladlarına dayaq durub onu oxutmağa, tərbiyə etdirməyə çalışır.

Bəzən öz dərdini və problemlərini belə unudaraq!

Onda cəmiyyət niyə müəllimə dayaq durmasın, onu anlamağa çalışmasın!

Təbii ki, söhbət sosial şəbəkədə “formalaşan” “cəmiyyətdən” gedir:

* milçəyi böyüdüb filə çevirməyə çalışan;

* məsələnin mahiyyətini bilmədən rəy söyləyən;

* hər iki tərəfi dinləyib əsl həqiqəti öyrənmədən “hökm” çıxaran:

* hətta müqəddəsliyi belə şəbədə hədəfinə çevirməkdən zövq alan sosial şəbəkədən!

Niyə rəhbər və məmurlar sosial şəbəkənin təsiri altında qərar çıxarmalıdırlar?!

Niyə əsl həqiqəti bilənlər belə sosial şəbəkədəkilərə xoş gəlsin deyə onun istədiyi cəzanı icra etməlidir?!

Bax, onda ayağını partanın üstünə qoyub müəllimə, məktəbə, təhsilə hörmətsizlik nümayiş etdirən şagird qalib sayılır!

Bax, onda müəllim haqsız cəzadan yayınmaq ücün belə tərbiyəsizliyi görməzliyə qoyur!

Bax, onda gələcək üçün vətənpərvər, təhsilli, tərbiyəli vətəndaş əvəzinə müəllim, valideyn qədri bilməyən savadsız və cəmiyyətə yararsız insan yetişə bilir!

Gəlin ədalətli olaq!

Gəlin həqiqəti öyrənib biləndən sonra rəy söyləyib, qiymət verib, hökm çıxaraq!

Gəlin valideynin uşağa çəkdiyi zəhməti də, müəllimin əməyini də düzgün qiymətləndirək!

Belədə hamı qazanar: ata-ana da, müəllim və məktəb də, hətta cəmiyyət də!

 

"AZƏRBAYCANqəzeti