adalet.az header logo
  • Bakı -°C
26 Iyun 2026 09:00
68
LAYİHƏ
A- A+

BEYNƏLXALQ TƏŞKİLATLAR VƏ GÜCLÜ DÖVLƏTLƏR AZƏRBAYCANLA ƏLAQƏ YARATMAĞA BÖYÜK MARAQ GÖSTƏRİR

Bu gün dünyada heç bir dövlətin daimi dostu yoxdur. Çünki hər bir ölkənin  və dövlətin daimi maraqları və istəkləri var. Xüsusən də  dünyanı idarə edən super güc dövlətlər həmişə başqa ölkələrə  dostdan çox maraq baxımından yanaşıb. 

Çox uzağa getməyək, elə ABŞ-ı götürək. ABŞ dünyanın super gücüdür və hər şeyi də  dünyaya  və ölkələrə diqtə edir. Dünyanın ən varlı  və zəngin ölkələrindən olan  ərəb ölkələrini həmişə öz maraqlarına uyğun idarə edir. Maraq dostluqdan  əvvəldir, başqa sözlə demiş olsaq, bu gün dünyanı maraq idarə edir. Əgər bir ölkənin zəngin sərvəti, faydalı qazıntısı, nefti, qazı varsa, ilk növbədə  super güclər  onlara daha böyük maraq göstərir. 

Heç kimə sirr deyil ki, Azərbaycan son 30 ildə Cənubi Qafqazın ən güclü ölkəsinə çevrilib, həm siyasi baxımdan, həm də iqtisadi baxımdan. Çünki ölkəmiz müstəqillik dövrünə qədəm qoyandan və Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqil olaraq xarici və daxili siyasət həyata  keçirib. Və bu siyasət isə heç şübhəsiz, zaman-zaman öz bəhrəsini  verməyə başlayıb. Hər bir ölkə istəyir ki, harasa sərmayə qoyanda, investisiya yatıranda həmin ölkədə sabitlik olsun.  Sözün açığı, sabitlik olmayan ölkəyə heç bir dövlət milyonlarla dollar vəsait xərcləmək istəmir. Hər bir ölkə istəyir ki, qısa zaman kəsiyində qoyduğu sərmayəni maya dəyərindən əlavə  qazancını da əldə etsin. Üstəlik də Azərbaycan strateji cəhətdən elə bir coğrafi mövqedə yerləşib ki, bu ölkədən Avropaya və ordan da digər yerlərə  çıxmaq çox asandır. 

Bax, bu mənada ölkəmizə həmişə həm beynəlxalq təşkilatlar, həm də güclü dövlətlər  böyük maraq göstərib. O maraq da ondan ibarət olub ki, həmin dövlətlər Azərbaycandakı mövcud siyasi və iqtisadi durumu dəyərləndirib və buna da uyğun addımlar atıb. Ulu Öndər Heydər Əliyevin  beynəlxalq təşkilatlardakı çıxışı, eləcə də dünyanın inkişaf etmiş ən güclü dövlətlərinə səfəri həmin ölkələrdə Azərbaycana qarşı çox böyük inam və etibar yaratdı. Azərbaycan beynəlxalq səviyyəli layihələrə şərait yaratdı və həmin layihəyə də uyğun iqtisadi müqavilələr bağlandı. Bu müqavilələrin bağlanması heç şübhəsiz, ölkəmizin  dünyada, Avropada, eləcə də  super güclərin yanında nüfuzunu daha da artırdı. 

Dünyanın məşhur neft-qaz şirkətlərinin Azərbaycana  axını, onların bizim iqtisadiyyata sərmayə qoyması, hətta ölkəmizdən xoşu gəlməyən dövlətlərin də bizə marağını artırdı. Avropanın, dünyanın ən nəhəng dövlətləri Azərbaycan iqtisadiyyatına çəkinmədən milyardlarla dollar yatırım etdi. Bu yatırım çox yox, beş-altı ildən sonra öz bəhrəsini verdi və həmin sərmayə qoyan ölkələrə  milyardlarla dollar qazanc gətirdi. 

Azərbaycanın siyasi və iqtisadi cəhətdən sürətli inkişafı, onun  müxtəlif ölkələrlə sıx əlaqələri dövlətimizin nüfuzunu beynəlxalq təşkilatlarda daha da gücləndirdi. Birləşmiş Millətlər Təşkilatında, eləcə də Avropada ölkəmizə münasibət tamamilə dəyişdi. Onlar gördülər ki, Azərbaycan müstəqil xarici və daxili siyasət yeridir, demokratik  prinsiplərə əməl edir, hüquqi dövlət yaradılması yolunda çox böyük uğurlara imza atır. Təbii ki, belə bir ölkə ilə iqtisadi əlaqələr qurmaq, investisiya yatırmaq nəinki dünyanın inkişaf etmiş ölkələrinin, hətta inkişaf etməkdə olan ölkələrin böyük marağındaydı. Bu sadəcə maraq deyil, həm də həmin maraqları ölkəmizin rəhbərliyi yüksək səviyyədə təmin edirdi. Amma bir şərtlə – öncə Azərbaycanın dövlətçilik prinsipi, müstəqilliyi və bundan  sonra ölkəmizin maraqları.

Aydındır ki, bu şərtlərlə  dövlətimizə və ölkəmizə sərmayə qoyan dövlətlərin sayı günbəgün artmağa başladı. Azərbaycan dünyaya  sürətlə inteqrasiya etməkdə israrlı oldu. Bir vaxtlar  xarici ölkələrdən asılı olan ölkəmiz müəyyən zaman kəsiyindən sonra özü onların iqtisadiyyatına sərmayə qoymağa başladı. 

Bu gün Azərbaycan nəinki Avropa ölkələrində, hətta digər dövlətlərdə iqtisadiyyatın inkişafı üçün yatırımlar edir və bu iqtisadi əlaqələr zaman-zaman daha da güclənir. Bütün bunlar dünyanın gözü önündə baş verir. BMT, eləcə də digər mötəbər qurumlar Azərbaycanda yaradılmış şəffaf, sağlam mühitlə bağlı öz müsbət fikirlərini və düşüncələrini dünyaya çatdırır. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə Birləşmiş Millətlər Təşkilatının, eləcə də digər mötəbər qurumların dünya səviyyəli tədbirlərinə ev sahiblik edib. Hansı ki  dünyanın və Avropanın inkişaf etmiş ölkələri bu tədbirlərdən ya imtina edib, ya da zəif keçirib. Ona görə də tədbirlərin zəif keçirildiyi ölkələrdən mötəbər təşkilatların rəhbərləri narazılıq ediblər. Amma onlar Bakıya, Azərbaycana gələndən sonra tam başqa bir mənzərənin şahidi olublar. Onlar şahidi olublar ki, uzun müddət bizi istəməyən düşmən  qüvvələr qarayaxma kampaniyası aparıb və ölkəmizi gözdən salmaq istəyiblər. Amma faktlar və hadisələr isə Azəobaycanın necə demokratik, sivil, hüquqi ölkə olduğunu göstərib.

Azərbaycan çətin vəziyyətdə olan  bütün ölkələrə ən ağır anda öz köməkliyini  göstərib. Zəlzələdən əziyyət çəkmiş və eləcə də müharibədən böyük maddi ziyanlar görmüş qonşu İrana ilk köməyi elə Azərbaycan edib. Bununla yanaşı, qardaş Türkiyəyə, Ukraynaya, Gürcüstana və son vaxtlar isə Ermənistana kömək əlini uzadan Azərbaycan olub. Azərbaycan dövləti hansı sözü, hansı vədi verirsə birmənalı olaraq onu yerinə yetirir. Ermənistanla uzun müddətdir ki, dinc yanaşı yaşayır. Azərbaycan bu müddətdə öz sülh addımlarını atmaqda davam edir. Ermənistana yüz tonlarla yanacaq və eləcə də Rusiyadan gəlib ölkəmizə tranzit yolla Ermənistana gedən taxıl, gübrə və digər məhsulların keçirilməsinə şərait yaradıb. Bunun  hamısının başında dünya şöhrətli və uzaqgörən müdrik siyasətçi Cənab prezident İlham Əliyev durur. Ona görə də dünya ölkələri  İlham Əliyevlə və Azərbaycanla dostluq etməyə daha böyük maraq göstərirlər. 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.