12 Aprel 2022 15:15
5861
MÜSAHİBƏ

"Bir çox ailələr öz övladlarının xaricdə təhsilini davam etdirməyə mane olur" - MÜSAHİBƏ

"Azərbaycan!" deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər...

( Xalq şairi Məmməd Araz )

 

 

Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir...

 

Şərqi Avropanın ən böyük dövləti sayılan Polşa ilə ölkəmiz arasında əlaqələr qədim dövrlərdən olub. Hal – hazırda Azərbaycan polyaklarının sayı 1000 – 2000 arasında dəyişir. Münasibətlərin tarixi 15 – ci əsrdən başlayır. 15 – ci əsrdə Ağqoyunlu hökumdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlayıb. Polyak Ledinki və azərbaycanlı Topçubaşov çar Dumasında Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsui fraksiya yaradıblar. Birinci dünya müharibəsindən sonra polyaklar Polşadan deportasiya olunarkən on minlərlə insan Azərbaycana gəlib. Azərbaycan Xalq Cümhuriyyəti Polşa ilə sıx əlaqələr yaradıb. Məmməd Əmin Rəsulzadənin həyat yoldaşı da milliyyətcə polyakdır.

Getdikcə vahid mədəniyyətə doğru irəliləyən müasir dünyada insanlar zaman – zaman birləşərək və həmrəy olaraq yaşamağa məhkumdur. Bunu adına tolerantlıq da deyə bilərik, insanlıq da. Bu insani münasibətlər çərçivəsində bütün xalqların dostluq və qarşılıqlı anlayış şəraitində yaşamasına xidmət edən nəsnə, sonucda insanlığa xidmət edir. Və bu çox yaxşıdır.

Mümkün qədər çalışıram ki, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızdan siz oxucularımız üçün vaxtaşırı müsahibələr hazırlayım. Bu dəfə Polşada yaşayan həmvətənimiz Elmir Qocayevlə söhbətləşmişik. Biz həm 44 günlük vətən müharibəsi zamanı Polşada yaşayan həmvətənlərimizin ümumi fəallığından həm son günlərin əsas müzakirə mövzusu olan Ukrayna və Rusiya savaşından əziyyət çəkən həmyerlilərimizin avropaya məcburi axını zamanı qarşılaşdıqları problemlərdən həm də ümumiyyətlə Polşadakı vəziyyətlə bağlı danışmışıq. İstərdim ki, qısa da olsa Polşa və Azərbaycan arasındakı əlaqələr barədə bir arayışı sizə təqdim edim.

- Salam Elmir! özünüz haqda məlumat verin,zəhmət olmasa!

- Mən Qocayev Elmir - 10.02.1999 cu ildə anadan olmuşam. 23 yaşım var . 2019 - cu ildə Azərbaycan dövlət Neft və Sənaye Universitetinin bakalavr pilləsi üzrə Neft Mexanika fakultəsi, Enerji maşınqayırma ixtisasını bitirmişəm. Daha sonra Polşanın mədəniyyət şəhəri olan Krakov şəhərində magistratura təhsilimi davam etdirmişəm. Və hal - hazırda Krakov şəhərində təhsil alıram, işləyirəm, və gələcəyimi bu şəhərdə qurmağı planlayıram.

- Deyə bilərsinizmi təhsil aldığınız ali məktəbin Azərbaycan universitetləri arasında əsas fərqlər nələrdir?

- Hal - hazırda oxuduğum universitetdən , müəllim və tələbə heyətindən çox razıyam. Hər biri çox səmimidirlər. Və hərgün bizə daha yeni nələrsə öyrətməyə çalışırlar.mən deyərdim ki, Azərbaycanda təhsil aldığım universitet hal hazırda oxuduğum universitetdən heçdə geri qalmır, istər təhsil istər karyera istərsədə müəllim heyəti baxımdan. Lakin ümumi analiz etdiyimdə onu deyə bilərəm ki,Polşada təhsil Azərbaycan ilə müqayisədə daha çox inkişaf etmişdir. Və hər kəsə məlumdur ki, Azərbaycanda təhsil sistemi yaxin illərdir ki, daha sürətlə yayılmağa və inkişaf etməyə başlamışdır. Və bu çox sevindirici haldır.Və mən ümid edirəm ki, Azərbaycanda təhsil sektoru yaxın illərdə daha çox inkişaf etməyə və ölkəmizə yeniliklər gətirməyə başlayacaq.

- Bəzi hallarda ölkəmizdə gənclərin çoxu valideyn narazılıqlarına görə ölkədən kənara çıxa bilmir, bu vəziyyəti həm valideynlər, həm də xaricdə təhsil almaq istəyən gənclər tərəfindən yanaşaraq necə izah edərdiniz?

- Bəli bu hallar Azərbaycan ailələri arasında çox geniş yayılmışdır. Və bir çox ailələr öz övladlarının xaricdə təhsilini davam etdirməyə mane olur, və ya onların orada gələcəklərinin necə olacağını düşünərək narahatlıqlar keçirdirlər və bir çox zaman xaricdə təhsilə qarşı çıxırlar. Və təəssüflə demək istəyirəm ki, bu doğru addım və seçim deyil. Hər bir valideyn öz övladının təhsil və gələcək addımla bağlı seçimlərində onlara dəstək olmalı, və hər zaman nə olursa olsun onun yanında olduğunu hiss etdirməlidir. Mən deyərdim ki, tanıdığım bir çox insanlar var ki, onlar xaricdə təhsil almaq özünü inkişaf etdirmək və sonra ölkəsinə qayıdaraq orada ixtisaslaşmış bir mütəxəssis kimi çalışmaq istəyir. Ancaq ailələr buna müsbət yanaşmır və qarşı çıxır. Xüsusilə də qız uşaqlarına qarşı olan sərhədlər. Mənim ətrafımda çoxlu azərbaycanlı qız dostlarım var və onlar burada həm çalışırlar həm də təhsil alırlar. Və artıq öz ayaqları üzərində durmağı öryənirlər. Hətta ailəsinə maddi yardım edənlər də var. Yəni təhsil qız - oğlan seçmir. Eyni ilə də valideynlər təhsil zamanı qız - oğlan ayrı -seçkiliyi etməməlidirlər.

- Avropada xüsusilə Polşada ali təhsil üçün əsas problemlərdən biri də maddiyyatdır. Hər hansı ölkədə bakalavr, ya da magistr təhsili almaq üçün minimum və maksimum nə qədər büdcə lazımdır?

- Bununla bağlı onu deyə bilərəm ki, polşa Avropa ölkələri ilə müqayisədə daha ucuz təhsil sisteminə malikdir. Və burada təhsil haqqı minimum 1000 euro başlayır. Əgər tələbə hər hansısa bir şirkətdə vəya müssəsisədə çalışırsa o rahatlıq ilə aylıq xərcliklərini çıxara bilər. Və bu çoxda çətin deyil. Lakin valideyn tərəfindən qarşılanarsa minumum aylıq gərəkli olan xərclik 350 avrodur. Bu isə tutacağınız kirayədən, qidanlanmadan və digər xərcliklərdən asılıdır.

-Yetərincə Avropadakı vəziyyətə bələdsiniz! Sizcə xaricdə təhsil almaq istəyənlər ilk nəyə diqqət etməlidir, onları hansı risklər gözləyir?

- Məncə xaricdə təhsil almaq istəyən tələbələr ilk öncə əgər özləri deyil də hər hansısa bir şirkətlə müraciət edirlərsə hər zaman çox diqqətli və məhsuliyyətli olmalıdırlar. Çünki, artıq kifayət qədər dolandırıcı xaricdə təhsil şirkətləri var və ya təcrübəsiz xaricdə təhsil şirkətləri də həmçinin. Birinci məsləhətim o olardı ki, ilk öncə şirkət haqqında dərin araşdırma aparsın.Və bura gəlməzdən öncə ingilis dilini yetəri səviyyədə öryənsinlər. Çünki, dil bacarıqları olmadan şirkətlərə müraciət etmək, təhsil almaq və gələcək qurmaq çox çətin olur. Polşada xaricdə təhsil almaq və yaşamaq istəyən tələbələr hər zaman şəxsən mənimlə əlaqə yarada və suallarını verə bilərlər. Mən hər zaman sevə - sevə onlara yol göstərməyə və hər hansısa bir problemlərində köməklik göstərməyə hazıram.

- Hazırda dünyada əsas müzakirə mövzularındam biri Ukrayna və Rusiya savaşıdır. Sosial şəbəkələrdən məlumat alırıq ki, sözügedən savaşla əlaqədar olaraq Ukraynadan qonşu ölkələrə həmvətənlərimiz məcburi olaraq köç edirlər. Təbii ki, bu zaman bir çox problemlərlə üzləşirlər. Məlumatım var siz və sizin kimi həmyerlilərimiz cəsarətli və səxavətli davranaraq həmyerlilərimizə bu işdə yardım etmisiniz. Lütfən bu barədə də məlumat verməyinizi istərdim.

- Bizim hal hazırda Krakov şəhərində “ Xarı Bülbül Dünya Azərbaycanlıları “ mədəni dərnəyimiz var. Və biz müharibənin ilk günlərindən Xarı-Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assossiyasiyası olaraq Ukraynada baş verən müharibə ilə əlaqədar Polşa Respublikası ərazisinə keçən soydaşlarımıza dəstək kampaniyasının başlatmışdır. “Xarı-Bülbül Dünya Azərbaycanlıları “ Mədəniyyət Assossiyasiyası gəncləri öz vəsaitləri, Krakov şəhərində yaşayan həmvətənlilərimizin ianələri və azərbaycanlı iş adamlarının dəstəyi hesabına 380 nəfərdən çox soydaşımızı qalmağa yer, qida və transport xidmətləri ilə təmin etmişdir.

Assossiyasiyanın sədri Muxtar Şeyxzamanlı, sədr müavini Elmir Qocayev, İdarə heyyətinin üzvləri Müşviq İbrahimov, Ülkər Əzizova, Fərəh Ağazadə, Rəşad Nəsirov, Mütalib Qədirov,Krakov azərbaycanlı icma rəhbəri Hüseyn Salehov, Saleh Sabili, Yasin Həsənov, Əli Zeynallı və digər könüllü fəaliyyət göstərən gənclər yüksək səviyyədə iştirak etmişdir.

Assossiyasiya olaraq dəfələrlə sərhəddə gedib azərbaycanlı ailələri Krakov şəhərinə gətirmişik. Təxliyyə ilə bağlı Azərbaycan Respublikasının Polşa Respublikasında yerləşən səfirliyi ilə daimi əlaqə saxlayır və bunun üçün siyahılar hazırlayırdıq.

- Elmir bəy! səmimi müsahibəyə görə təşəkkür edirəm sizə. İşlərinizdə, təhsilinizdə bir uğurlar arzu edirəm. Ümidvaram ki, sizin kimi həmvətənlərimiz dünyanın bir çox ölkələrində hər zaman belə nümunəvi fəaliyyətlə məşğul olmaqla vətəndən uzaqda da olsa yenə də vətənə xidmət etmiş sayılırlar.

- Mən də sizə təşəkkür edirəm. Ədalət qəzetinin və saytınızın redaksiya heyyətinə minnətdaram. Sizə də bu məsuliyyətli media işində uğurlar olsun.

 

Söhbətləşdi: Bünyamin Bünyadzadə