Birgünlük müzakirə - birömürlük kədər - Pərvanə Bayramqızı yazır
Qınamağa, tənqid etməyə, hətta asıb-kəsməyə hazır olan adamlar elə bilirlər, ömürləri təkcə bugündən ibarətdir, onların başlarına heç vaxt pis iş gəlməyəcək, həmişə özləri də, övladları da nümunəvi olacaqlar.
"Uşaqların hüququ tapdanır" deyib bağıranlar həmin uşağın özbaşınalığını görəndə "valideyn hara baxır" şivəni qoparırlar. Valideynlə övladın arasına “cəriməli qanunlar” sədd çəkəndə etiraz edənlər valideyn övladına bir şillə vuranda uşaqların müdafiəçisinə çevrilirlər. Belə məqamlarda aydın olur ki, çoxunun rəyi mövqe deyil, boşboğazlıqdır. Özünün ciddi tərbiyə üsulu, prinsipi olmayan şəxslər başqalarının problemində fəal, dünyagörüşlü, söz sahibi olmağa cəhd edirlər.
Övladını itirən atanı ona motosiklet sürməyə icazə verdiyi üçün qınayanlar əgər o qız sağlığında sosial şəbəkədə "atam hüquqlarımı tapdayır, mənə motosiklet sürməyə icazə vermir" yazsaydı, həşir salardılar ki, hüquq müdafiəçisi övladına təzyiq edir. Onda da o şəkildə tənqid edəcəkdilər.
Olmaz ki, bu bədbəxt hadisəyə yalnız kədərlənəsiniz? Kədərlənmirsinizsə susun. Həyatda ağlagəlməz hadisələr çoxdur, heç kim pis günlərdən sığortalanmayıb.
Birini arvadı atıb gedir, birini əri, birinin qayınanası bədəsil olur, birinin gəlini, bir qayınata alçaq olub gəlinə sataşır, bir gəlinsə vicdansızlıqla qayınatasına böhtan atır, bir ailədə övlad küçəyə atılır, digərindəsə valideyn... bu, həyatdır, hər şey baş verir, hadisələrə şahid olmadan, adamları tanımadan, kimin nəyi nə üçün etdiyinin təfərrüatını bilmədən fikir söyləmək qeyri-obyektivlikdir. Heç kəsin şəxsi həyatına qarışmayın, burnunuz dinc durmur, müdaxiləsiz keçinə bilmirsinizsə, o zaman ədalətli olun, hərtərəfli düşünüb sonra danışın.
Övladının on yaşı olan başqasının iyirmi yaşlı övladının həyat tərzini pisləyib valideyni günahlandırır. Deyən lazımdır, bəlkə, sənin balan iyirmi yaşına çatanda daha betər şeylər edəcək. Burasını unutmaq olmaz. Bir müddətdən sonra bizim onlara çığırıb-bağırmağa ixtiyarımız çatmır və onlar öz istəklərini həyata keçirməyə başlayırlar. Bəlli bir yaşa qədər mükəmməl tərbiyə vermək zəruridir, bir vaxtdan sonra artıq həmin tərbiyə bəhrəsini verir. Bəzən də tərbiyəli böyüyən belə, yaşının müəyyən çağında tərbiyəsinin əleyhinə gedib pis əməl törədir. Uşağın böyüyəndən sonra necə davranacağını bəribaşdan qətiləşdirmək mümkün deyil. Zəmanə başqa cürdür, bizim pis baxdığımız şeylərə onlar normal baxırlar. Məsələn, ən adi şeyi – geyimi götürək. Biz yanları çöldə qalmış qız uşağı görəndə acıqlanırıq, gənclərsə buna adi geyim tərzi kimi yanaşırlar. Gələcəkdə daha nələrə normal baxacaqlarını bilmədiyimiz övladımızdan əmin olmadan başqalarını pis valideyn hesab etməməliyik.
Adamlar üçün özgənin dərdi müzakirə, özününkü isə bir ömürlük kədərdir.


Bakı -°C

