adalet.az header logo
  • Bakı -°C
23 Iyul 2026 18:02
68
ƏDƏBİYYAT
A- A+

ELMİN  VƏ  ƏDƏBİ  FƏALİYYƏTİN  QOVŞAĞINDA

Bu yaxınların söhbətidir.

Bir gün rəhmətlik şair Qoca Xalid mənə dedi:

- Səni Tural Adışirinlə tanış edəcəyəm, gözəl şairdir.

Aradan az keçmiş Qoca Xalid dünyasını dəyişdi, məni yandırıb-yaxdı. Amma sözünün üstündə durdu. Məni Tural Adışirinlə tanış elədi. Fəqət qırxında.  Sağlığında olduğu kimi vədinə sadiq qaldı. Bu fani dünyada verdiyi sözə o baqi dünyada əməl elədi.

Şairin qırxı günü Tural  Adışirini görəndə sözün ilahi missiyasına bir daha qəlbən  inandım.  Belə təsadüf olmur axı! Mənə elə gəldi ki, biz danışdığımız və yazdığımız sözlərin hamısının ilahi sahibi var. Söz  sanki Tanrının mələklərindən biridir, özü də baş mələk.

Bu kiçik yazıda Tural Adışirinin bioqrafiyasından danışmaq fikrimiz yoxdur. Onun bioqrafiyası təpədən-dırnağa ədəbiyyatla bağlıdır.

Doğrudur, bəzən şairin həyatının kiçik bir ştrixi onun yaradıcılığının qaranlıq bir tərəfinə  işıq salır. Ancaq bu daha çox klassiklərə aiddir. Tural Adışirin isə hələ cavandır. Yaradıcılığının odlu-alovlu çağıdır.

O, ziyalı ailəsində böyüyüb. Universitetin  filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Elmi-publisistik məqalələri və şeirləri həm ölkəmizin, həm də xarici ölkələrin nüfuzlu ədəbi orqanlarında çap olunub. O, uzun illər “manera.az” saytının redaktoru olub, hazırda “yazici.az” ədəbiyyat portalının baş redaktorudur.  Tural Adışirin indi Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin “Ədəbi-mədəni mühit və folklor” şöbəsində elmi işçi vəzifəsində çalışır.

Tural Adışirinin sayca ikinci kitabı  “Publisistik və poetik düşüncələr” adlanır. Kitabın maraqlı bir özəlliyi var; kitabın tən yarısı elmi məqalələrdən, digər yarısı  publisistikadan  və şeirlərdən ibarətdir. 

Şəki-Zaqatala kimi kifayət qədər etnomüxtəlif və mürəkkəb bir bölgənin folklor materiallarını toplamaq, onları bir alim məntiqi ilə araşdırmaq, araşdırmalarında tamamilə fərqli və yeni düşüncə sərgiləmək bir alim ömrünün göstəriciləridir. O, bir alim peşəkarlığı ilə şimal-qərb bölgəsinin folklorunun ümumazərbaycan şifahi söz sənətinin  zəngin bir tərkib hissəsi olduğunu təsdiq edir, həm də bölgə folklorunun ana kitabımız “Kitabi-Dədə Qorqud”la bağlılığını faktlarla, dəlillərlə sübut edir. Kitabdakı “Azərbaycanın  şimal-qərb bölgəsində yaşayan azsaylı xalqların folkloru”dərin elmi araşdırmanın və gərgin zəhmətin  nəticəsində  ərsəyə gələn iri həcmli elmi yazıdır. 

Yazı bölgədəki  multikulturalist  düşüncənin formalaşmasına xidmət edən elmi əsərdir.

Kitaba xeyli sayda  lirik  şeirlərin  daxil edilməsi Tural Adışirini alim-şair, publisist-şair, şair-alim kimi xarakterizə etməyə imkan verir.

Şeir yazmağın vərdişə çevrildiyi, Nəcib Fazil Qısakürək demişkən, şeir kitablarının xalvar-xalvar çap olunduğu bu çağımızda ədəbi orqanların şeir səhifələrinə və kitablara ehtiyatla yanaşırıq. Bu qədər “bolluğun” içində bircə doyumluq poetik nümunə görəndə müəllifin imzası  yaddaşa köçür və oxucu onun digər əsərlərini əldə etməyə meyllənir. 

Tural Adışirin imzası axtarılan, izlənilən şairdir. O, dünyaya  gəldiyi eldə-obada camaat heyrətamiz  dərəcədə metodik danışır.  Elə bilirsən, danışmır, nəğmə oxuyurlar.  Tural  bu canlı danışıq dilinin  sözlərini poetik material kimi mənimsədi,  onları  poeziyanın nəfəsi  ilə isidərək hisslərinin, duyğularının qəlibinə saldı və öz poetik  dünyasını  yaratdı. 

Kitabdakı şeirlərlə tanışlıqdan sonra inanırsan ki, Tural nədən yazır-yazsın, oxucunu inandırmağı bacarır. Şeirlərində  isti bir səmimiyyət duyulur. Səmimilik həm də doğruluğun, meyarıdır. Sözün gücü  düzlüyündədir. Dədə Ələsgər də “Doğru söylə, sözün çıxmasın qələt” deyəndə  sənətin  realist mahiyyətinin doğruluqda olduğunu vurğulayır.

Tural Adışirinin mövzu dünyası çox zəngindir. Onun poeziyasında sevən aşiq, vətən və təbiət  obrazları ən kamil obrazlardır.

Turalın aşiq-qəhrəmanları bədii mühitə estetik ehtiyac kimi  daxil olur, çox halda sevən insanın daxili-mənəvi dünyası təbiətlə harmoniya təşkil edir:

 

Söhbətlər soğulub, sevinclər  solub,

Kəsilib arası görüşlərin də.

Həsrətin tək qalmış bir quzu olub,

Mələyir qəlbimin örüşlərində.

 

Və yaxud:

Batmışdı  hicranın ürəyi, səsi,

Görəsən, susanlar nə tez dil açdı?

Soyumuş qəlbimdə isti göz yaşı,

Təzədən göyərib çiçək, gül açdı.

 

Tural  Adışirinin məhəbbət şeirlərinin birində aşiqin dilindən milli adətimizlə bağlı xalq frazeologizminin işləndiyini də görürük:

Boğa bilməyirəm acı qəhəri,

Solmuş ümidimi biçib gedirsən.

Mənə söz vermişdin bir yaz səhəri,

İndi başqa evə köçüb gedirsən.

 

Ümidləri puç olduğu üçün acı qəhər içində boğulan aşiq  növbəti  bənddə təbii olaraq milli koloritə uyğun düşüncə sərgiləyir:

       Bir   uşaq kimiydim, gücsüzdüm bayaq,

       Bu necə qəzəbdi sinəmdə dindi?

       Gözünü qan tutmuş bir dəli sayaq,

       Toyun qabağını kəsimmi indi?

Toyun qabağı iki halda kəsilir. Birincisinə toy şənliyinin tərkib hissəsi  kimi baxmaq  lazımdır.  Toyun qabağı kəsilir və nəmər alınıb buraxılır. Bunu ata-babalarımız toyun daha  yaddaqalan və unudulmaz olması üçün epik hadisə kimi yaradıblar. Toy həmişə lirik-emosional duyğuların və epik lövhələrin vəhdəti şəklində keçirilib.

İkinci halda toyla bağlı çılğınlıq yarandığı zaman  baş verən düşüncələrlə bağlıdır. Şair sevən insanın daxili təbəddülatını, onun emosional-psixoloji vəziyyətinin haldan-hala  düşdüyünü ifadə edə bilmişdir.

Şairin estetik qənaətinə görə “sevən küsülülərin barışmaq həvəsi ağaclar tumurcuqlayanda başlayır”, “eşq sənin  sınmayan vüqarını əridər”, “hicran  görüş yerinə qış  gətirər”, “sevənlər üçün eləil var xəcalətdən qaçıb gizlənir”. 

Anadilli poeziyanın başlanğıcından bu günə kimi məhəbbət lirikasında tez-tez işlənən “hicran”, “vüsal”, “könül”, “xatirə”, “qəlb”, “ayrılıq”, “arzu”, “xoşbəxtlik”, “həsrət”  kimi  sevgi  şeirlərinin əti-qanı olan sözləri şair bəzən qeyri-adi çalarda təqdim edir:

 

Yoxdur bu halətə dözməyə halım,

Qalmayıb başımda huşum, kamalım.

Yanıram oduna düşüb, a zalım,

Atəş bəbəyimdə, köz ürəyimdə.

 

Gözəl tapıntıdır.  Həsrətin yandırdığı  ocağın közü ürəkdə məqam tutub. Köz qaynardır, ancaq alovlanmır.  Köz oturaqdır, atəş yayılan. Ürəkdəki köz bəbəyə atəş verir. Deməli, gözdəki alova səbəb ürəkdəki  köz imiş.  Göz ürəyin aynasıdır, deyiblər. Aydın olur  ki, ürək-köz  səbəb, göz-atəş nəticəsidir.

Tural Adışirinin poetik obrazlarından biri də doğma təbiətdir. Ədəbiyyatımızda təbiətin tərənnümünə  yetərincə şeirlər həsr olunub. Hətta “təbiət şairi” möhürünü daşıyan söz ustalarımız  vardır. Tural  təbiətlə danışanda heç kimi təkrar etmir, ana təbiətə özünün orijinal  düşüncələrindən doğan hisslərini ifadə edir:

 

Bir anlığa köynəyini soyunub,

Səhər çağı şehdə çimir yamaclar.

Günəşinmi baxışında yuyunub,

Gəlin kimi bəzənibdir ağaclar?   

 

Yoldan ötən bihuş olub qoxudan,

Ağaclar da ətirlənib qız kimi.

Uca dağlar nərə çəkib, qorxudan –

Sal qayalar donub qalıb buz kimi.

 

Başdan – ayağa təşbeh və metaforla “hörülmüş” bu şeir yazın bir anının  tərənnümü olmaqla, hisslərimizdə canlı təbiət assosiasiyası yaradır.

Turalın  “Lövhə” adlı cəmi iki bəndlik bir şeiri də var:

 

Günəşi   zirvədəki

Dümağ “duza” batırıb,

Yumurta sarısıtək

Ağzına atdı üfüq.

Üstündən də gündüzü

İçib sərin su kimi,

Öz güllü yorğanına

Bürünüb yatdı üfüq.

 

Şeirdə cəmi iyirmi iki söz var. Sözlərin tən yarısı poetizmdir.  Sözlər elə məcazlaşdırılıb ki, yığcam bir şeirdə bədii təsvir vasitələrinin çoxu işlənib.

Ədəbiyyatımızda vətənpərvərlik mövzusunda yazılan əsərlər o zaman sevilir və həvəslə oxunur  ki, müəllif təqdim elədiyi hissi, duyğunu həqiqi yaşamış olsun, tərənnüm və təsvirlərdə səmimi olsun.

Tural Adışirinin vətənin ikiyə bölünməsindən doğan ağır kədəri poeziyasının ümumi ruhuna  qəmli-nisgilli notlar da gətirib. Şair  bu dərdə qarşı çox həssasdır. Çünki bu dərd onun hardansa, kimdənsə eşitdiyi deyil, özünündür, təbiidir, doğmadır. Belə halda fikrin ifadəsi zamanı sözlər daha məhrəm olur, qəlbin təlatümünü daha sərrast çatdırır, oxuyanı inandırır. Sözlər sanki dildəki informativ funksiyasından uzaqlaşıb, şairin duyğularının ölçüsünə köklənir.

 

Dözdükcə yenə də günləri saydıq,

Şam kimi əridik hələ bir az da.

Desəm, ana Vətən, gözlərin aydın,

Daha sərhəd boyu axmır Araz da.

 

Açılmır  nə  vaxtdır  qaşı-qabağı,

Bu göydə işvə var, bu yerdə naz var,

Sənə qurban olum, Vətən torpağı,

Necə ki, dünyada Araz, Araz var ...

 

Tural Adışirinin şeirlərinin məzmunu orijinal, obrazları aydın, intonasiyası bitkin, dili axıcı və canlıdır.  Bu şeirləri oxuduqca insanın bədii zövqü  dolğunlaşır, qürurla, sevinclə və kədərlə zənginləşir.

 

 

Yahya  Abbasov

Baş  müəllim