29 Aprel 2025 11:49
152
GÜNDƏM

"Biz daha çox iş yerləri yaratmaq barədə düşünməliyik" - Komitə sədri

"Yaş insanın əmək fəaliyyəti üçün əngəl ola bilməz. İnsanın sağlamlığı, biliyi, bacarığı, vərdişləri imkan verdiyi təqdirdə o çalışmalıdır. Yaş məhdudiyyətini ona görə qoymuşuq ki, gənclərə daha çox yol açılsın. Biz daha çox iş yerləri yaratmaq barədə düşünməliyik, nəyin ki, yaşlı insanların məcburi istefaya göndərməklə gəncləri yol açmağı".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı deyib.

O bildirib ki, bununal bağlı hesablamalar getməlidir: "Hər il əmək bazarına 120 min gənc gəlir. Bunları biz daha da yaxşı və yüksək maaşlı işlərə yerləşdirməliyik. Bu istiqamətdə daha çox düşünməliyik. Nəyin ki, məhdudiyyətlərə getməliyik ki, kimsə sertifikasiyadan keçməsin və s. Bunlar ciddi məsələlərdir. Parlamentdə bu məsələlərin qalxması sosial sifarişdən doğur. Ölkədə orta ömür artır. İnsanların sağlamlığı imkan verdiyi təqdirdə, onlar çalışmaq istəyirlər. Ona görə aktiv məşğulluq tədbirlərini genişləndirməliyik".

"Bu layihə ortaya çıxana qədər bizə professorlar yazılı və şifahi müraciətlər edirdilər. Deyirdilər ki, elmlər doktoru, professoru niyə 5 ildən bir yenidən imtahan verməlidir. Belə götürəndə imtahan götürənlər titul baxımından onlardan aşağı pillədə dayanan şəxslərdir. Beləliklə, mənəvi-psixoloji çətinliklər də yaranırdı. Bizim məqsədimiz o deyil ki, imtahanda həkimlərə çətinlik yaradan suallar qoyulsun. Əsas humanizm məqsədilə yanaşmaq lazımdır ki, təkcə həkimlər yox, orta tibb işçilərinə də nəzəri yox, praktik suallar vermək lazımdır. Biz anatomiya keçəndə yadımdadır, o qədər ağır suallar salırdılar, sonradan o sualların 80%-i heç bizə lazım olmurdu. Yəni, həm kredit ballarının toplanmasında, həm də sertifikasiyada praktik, həkimə nə lazım olacaqsa, onları suala salmaq lazımdır”, - deyə komitə sədri vurğulayıb.