Biz xərabət əhliyik, çün çayxanalardan çıxmışıq - Aqil Abbas yazır

AQİL ABBAS
1130 | 2025-07-25 09:20

("Bazar... Ağdam bazarı"nın davamı)

 

Əslində şəhər özü çox böyük bazar idi, minlərlə dükan, yeməkxana, dərzixana, sexlər fəaliyyət göstərirdi, çox böyük profilaktoriyalar vardı. Bundan başqa, onlarla maşın ustası da həyətində sex açmışdı. Bura maşın düzəltdirməyə təkcə Qarabağdan deyil, Gürcüstandan, Ermənistandan gəlirdilər. Ustaların əlləri qızıl idi, darmadağın olunmuş maşını verərdin, bir aydan sonra götürəndə elə bilərdin ki, zavod buraxıb.

Füzuli adında iki ayağı dizdən yuxarı kəsilmiş bir usta vardı. Qucaqlarında gətirib qoyurdular mühərrikin üstə, söküb təzədən yığırdı.

Pambığın vurhavur vaxtı, təsərrüfat rəhbərləri heç qonşu kəndə də keçə bilməzdi. Ağcabədinin Bayat kəndindəki Lenin adına kolxozun sədri Şahlar kişi dostu Azəri Hüseynə deyir ki, Şuşanın ən yaxşı vaxtıdı, gedək bir İsa bulaqda yeyib-içək, gələk. Otururlar Azəri Hüseynin Zimbalasına üzü güləbədinə, yəni İsa bulağına, yaxşı yeyib-içirlər. Qayıdanda şər vaxtı  Ağdama çataçatda maşını aşırırlar. Dərhal Ağdamdakı dostlarına xəbər göndərirlər ki, gəlib maşını aparsınlar ustalara. Və xahiş edirlər ki, maşın səhərə qədər hazır olsun. Özləri də oturur bir dostun maşınına, gəlirlər kəndə.

Gecə Birinci Katibə deyirlər ki, bəs Lenin adına kolxozun sədri dostu Azəri Hüseynlə xəlvətcə gedib  Şuşada yeyib-içiblər, qayıdanda da maşını aşırıblar.

Katib bərk hirslənir və səhər tezdən əyanlarıyla durub gəlir Şahlar kişinin evinə. Şahlar kişi görür katib, prokuror, rəis hamısı bir yerdə gəlib.

Soruşur:

- Yoldaş katib, tezdən xeyirdimi?

Katib başlayır danlamağa:

- Sən kimdən icazə alıb Azəri Hüseynlə Şuşaya getmisən və qayıdanda maşını aşırtmısız.

- Boş sözdür, yoldaş Katib. Mən dünən bütün günü təsərrüfatda olmuşam. Azəri Hüseyn də evində yatıb, yəqin ki, maşını da həyətdə. İnanmırsız, gedək.

Və gəlirlər Azəri Hüseyngilə. Girirlər həyətə, görürlər Zimbala saz vəziyyətdə, heç bir qəza izi yoxdur, çaşıb qalırlar.

Şahlar kişi:

- Yoldaş Katib, görürsüz, sizə səhv məlumat veriblər. Bu maşın dünən gecə aşan maşına oxşayır?

Katib başını bulayır, əyanlarını götürüb çıxıb gedir.

Yəni Ağdamda elə ustalar var idi ki, bir gecəyə maşının bütün əzik-üzüyünü düzəldib, rəngləyib səhərə yaxın gətirib qoymuşdular Azəri Hüseynin həyətinə.

Şəhərin belə iqtisadi inkişafı Pənah xanın adıyla bağlı idi. Ağdam Qarabağın düz mərkəzində yerləşirdi. Bir dəfə yazmışam, eybi yox, bir də yazım. Şəhərdən Füzuliyə 48 kilometr, Ağcabədiyə 48 kilometr, Bərdəyə 48 kilometr, Ağdərəyə, Tərtərə 44 kilometr, Şuşaya 37 kilometr, Xankəndinə 25 kilometr, Laçına 73, Kəlbəcərə 80 kilometrdi, yəni Qarabağın düz mərkəzi. Ona görə də bu şəhəri inkişaf etdirmək üçün Pənah xan belə bir fərman vermişdi ki, kim bu şəhərdə nə tikirsə tiksin, nə açırsa açsın, nə sexi qurursa qursun, vergilərdən azaddı. Yəni indiki dillə desək, Pənah xan Ağdamı azad iqtisadi zona elan etmişdi.

Pənah xan şəhərdə ər-arvad iki ağır seyidin məzarları üstündə məqbərə tikdirmişdi. Özü də vəsiyyət eləmişdi ki, öləndə onu seyidlərin ayaqları altında dəfn etsinlər. Xanın ölümü də çox dəhşətli olmuşdu. Kərim xan onu yanında qoşun başçısı adıyla girov saxlayırdı. Xan isə Qarabağa qayıtmaq üçün nə illah eləyirdi, gedə bilmirdi. Dostu olan  saray həkimi ilə məsləhətləşir ki, ona elə bir bihuşdar versin ki, Kərim xan elə bilsin ölüb və vəsiyyətinə görə aparıb Ağdamda dəfn etsinlər. Həkim də razılaşır. Amma Kərim xan tapşırır ki, yol uzaqdı, Xanın nəşi iylənə bilər, yarın, içinə buz doldurun və həkim də qorxusundan bir söz deyə bilmir və ağlaya-ağlaya Pənah xanı diri-diri yarır, içinə buz doldurur və sonra da gətirib Ağdamda dəfn edirlər.

Şəhərin tarixini bilən yoxuydu. Professor Rəşid Göyüşov arxeoloji qazıntılardan belə bir nəticə çıxarmışdı ki, Ağdamın tarixi 2000 ilə, 3000 ilə, Aquan tayfalarına gedib çıxır. Şəhərin kənarındakı məşhur Qarağacı qəbiristanlığında aparılan tədqiqatlar da bunu sübut edirdi.

Pənah xanın şəhərini ermənilər darmadağın etdilər, daşı daş üstə qalmadı, hətta məqbərəsini də dağıtdılar...

...İndi həmin şəhəri, Qarabağın paytaxtını cənab Prezident İlham Əliyev təzədən Pənah xanın adına  və elə öz adına layiq tikir. Özü də bu dəfə Qarabağın paytaxtı kimi deyil, ölkənin paytaxtı kimi...

Şəhər həm də çayxanaları, yeməkxanaları ilə də məşhur idi. Şəhərdə ondan çox böyük çayxana vardı ki, hər çayxananın da özünün  zümrəsi.

Bakıda yaşayan və oxuyan tələbələr də paytaxtda dörd çayxanaya yığışırdılar, onların da ən məşhuru "Araz" idi.

Başlayaq elə Bakıdakı çayxanalardan, sonra gələrik  Ağdama.

Vaxtilə, yəni inqilabdan qabaq  şəhərdə çayxanalar çox idi. İndi də çoxdu, day əvvəlki çayxanalar deyil. İndiki çayxanalardakı hesab o vaxtkı "İnturist"in hesabıdı.

Niyəsini deyim. Əvvəlki çayxanalarda müxtəlif rayonların  adamları, xüsusilə də gəncləri eyni çayxanaya yığışardı. Bunun müsbət bir cəhəti o idi ki, əgər bir problemin varsa, bir dərdin varsa, dərhal həmyerlilərinin yığışdığı çayxanaya gedirdin və orda çalışırdılar ki, sənin problemini həll etsinlər. Bəzən də qız üstə kimləsə dalaşırdınsa, səhər səni davaya çağırırdılarsa, gedirdin yenə həmyerlilərinin yanına, sabahısı gün o çayxana boş olurdu. Çünki hamısı gedirdi davaya.

"Araz"a ağdamlılarla dostluq eləyən ağdaşlılar da gəlirdi. Və burda hər nəslin nümayəndəsini görə bilərdin, ən əsası da Xalq Təsərrüfatı İnstitutunda oxuyan tələbələri. Elə bil ataları bir ətək pul verib bu uşaqları Xalq Təsərrüfatına deyil, "Araz" çayxanasına düzəltmişdilər. Dörd il otururdular orda, semestr imtahanlarını da pulla yazdırırdılar, sonra da diplomu alırdılar, bəziləri doğrudan "oboxeis" gedirdilər, bəziləri qayıdırdılar rayona, mağazadan-zaddan götürüb işlədirdilər, bəziləri də sonra yenə  çayxanada vaxtını keçirirdi və gözləyirdilər ki, nə vaxt onları "oboxeis" göndərəcəklər.

Onda ağdamlılar üçün iki institut dəbdə idi. "Oboxeis" olmaq istəyənlər Xalq Təsərrüfatını, həkim olmaq istəyənlər də Tibb İnstitutunu seçirdi. Az qala Tibb İnstitutunun yarısı ağdamlıydı. Pambığın, üzümün, şərab zavodlarının pulu axırdı bu iki institutun müəllimlərinin cibinə.

O vaxt belə bir anekdot vardı. Bir ağdamlı gedir Amerikaya, qayıdanda dostlarına gördüklərini danışır:

- Hamısının maşınında "Mersedes" kalpağı, hamısının da uşağı  medinstitutda oxuyur.

Mən isə nə "oboxeis" olmaq istəyirdim, nə də həkim. Ona görə də universiteti seçdim, ədəbiyyat fakültəsini. Daha doğrusu, atamın pulu ora çatdı.

"Araz" çayxanasının qarşısındakı Parapet bağına cənub bölgəsinin  uşaqları yığışırdı. Burda həm çayxana vardı, həm də bir köşk. O köşkdə bütün günü ərzində televiziya və radioya buraxılmayan, el arasında ara müğənniləri deyilən, əslində isə hər biri bir gözəl sənətkar olan gənclərin melodiyaları  səsləndirilirdi. Təbii ki, həm də məşhur sənətkarların - Qədir Rüstəmovun, Rəmişin, Məmmədbağırın, Ağadadaşın. Deməli, yaxınlaşırdın bir manat  verirdin, iki dəqiqəyə istədiyin musiqini vala köçürüb verirdilər sənə. O vallar da əslində bir-iki aya xarab olurdu.

Çox qəribəydi ki, ağdamlıların başqa rayonlarla davasının həmişə şahidi və iştirakçısı olsam da, amma üzbəüzdəki cənublularla heç vaxt  mübahisələrini görməmişəm.

"Araz"da bəzən söhbət gedirdi ki, mən 65-ci ildən burdayam. Biz təzə gələnlər də deyirdik ki, vay dədəm vay, kişi beş ildi Bakıda yaşayır.

İndi mən özüm 55 ildir Bakıda yaşayıram, vay dədəm vay, deyənim olmayıb.

Xallı Şahin əsgərliyə gedəndə  Ağdamda pul verirlər ki, bunu verərsən Bakıda Qaraya. O da soruşub:

- Mən onu hardan tapım, adresin də verin dana. 

- Əşi, get Araza, orda olajax dana.

Xallı Şahin gəlir ki, doğrudan da  Qara tələbə yoldaşlarıyla, təbii ki ağdamlılarla, oturub "Araz"da, pulu verir  ki, dədən göndərib.

İki il keçir, Xallı Şahin əsgərlikdən qayıdır, gəlir "Araz"a. Görür Qara yenə həmin curlarıyla çayxanada eyni stulda oturub.

Gülür:

- Ə, Qara, bir stulunu dəyiş də, bəlkə altını islatmısan?

Xallı Şahinin bir zarafatı da vardı.

Deyirdi:

- Bu Ağdam uşaqları Bakıya gələndə elə bil hərəsinə bir qırmızı udastavereniya verirlər ki, Bakıda kimlə istəsən, dalaşa bilərsən.

Həqiqətən də tez-tez elə öz aralarında dava düşürdü. Çayxananın arxasında "Araz" restoranı idi. Girib orda yeyib-içirdilər, sonra mübahisə başlayırdı, təbii ki, mübahisənin sonu da şillə-təpik davası idi.

1964-65-ci ildən Bakıda  yaşayanlar özlərini avtoritet sayırdı və mənim kimi instituta təzə girənləri bəzən sındırmağa çalışırdılar.

Çayxananın kənarında dostlarla  söhbət edirik, özünü saytal sayanlardan biri restorandan  çıxandan sonra bizə yaxınlaşdı. Gözünə ən zəif mən dəydim:

- Ə, düz dur, ə!

- Düz durmuşam!

- Saa deyirəm, düz dur!

- Mən əsgər deyiləm, sən də general. Nə istəyirsən?

- Sən əsgərsən, mən də general. Düz dur, deyirəm sənə.

Qəfildən üstündən bir yarım metrlik xəncər çıxartdı, cumdu mənə. Təbii ki, mən də igidlik ondu, doqquzu qaçmaqlıq atalar sözünə əməl edib qaçdım.

- Hara qaçırsan, ə?

- Xəncəri at, əlbəyaxa dalaşaq.

O isə məni qovmağa başladı. Nəhayət, dostlar girdi araya, onu sakitləşdirə bildilər. Mən də çox pərt olmuşdum. Bir sözlə, "general" "əsgəri" sındırmışdı, yəni məni.

Axşam kirayə qaldığım evə gələndə xalam oğlu Göygöz Vahidə dedim ki, bəs dünən çayxanada belə bir hadisə olub, filankəs müəllimin oğlu üstümə xəncər çıxarıb.  Göygöz Vahid başını buladı və dedi ki, yaxşı.

Sabah yenə "Araz"dayam, o "general" da ayıqdı. Bir az yuxarıda  oturub, hərdən də qalib gözlərlə məni süzür. 

Bu vaxt Göygöz Vahid gəldi, həmin "generalı" çağırdı  çayxananın kənarına və dedi:

- Qaqa, sən dünən xalam oğluna xəncər çıxarmısan?

- Vahid, sən öl, bilməmişəm sənin xalan oğludu.

Göygöz Vahid də ona elə bir yumruq vurdu ki, ağız-burnu partladı və yıxılıb qaldı yolda. "Araz"dakılar gəlib onu qaldırdı.

Göygöz Vahid:

- Get, üzr istə.

Ağız-burnu qan içində gəldi yanıma:

- Bağışla, tanımamışam. Bilməmişəm ki, Göygöz Vahidin xalası oğlusan.

Və sınan mən yox, o oldu.

Bir dəfə rejissor Aydın Dadaşov riqalı bir həmkarını gətirmişdi "Araz"a. Çayxana kinorejissorun çox xoşuna gəlmişdi.

- Aydın, nə xoşbəxt millətsiniz, yığışıb şirin-şirin söhbət edə-edə çay içirsiz. Bizdə isə yığışırlar barlara, bütün günü ya pivə içirlər, ya araq.

Riqalı kinorejissorun gözü dəydi, gün gəldi çayxanaları bağladılar, bizimkilər də üz tutdular barlara.

Əslində bu çayxanada əksəriyyət ağdamlılar olsa da, ağsaqqallığı ağdaşlı Şiraz edirdi. Mən bu Şirazın kimləsə dalaşdığını görməmişdim, özü də boylu-buxunlu oğlan idi, qolu da qüvvətli. Amma çayxanadakılar ona qolunun qüvvətinə görə yox, ağsaqqallığına görə hörmət edirdilər.

Sonra Şiraz çıxıb getdi Dubaya. Bir dəfə mən Şarjada olarkən könlümdən içmək keçdi. İçki də yoxuydu, Şiraza zəng elədim. Təxminən iyirmi dəqiqədən sonra mənim otağıma bir litrlik rus arağı gətirdilər. Əslində hava isti olduğuna görə heç onu da içmədim.

Ağdamlılar "Araz"dan başqa Beşmərtəbədəki "Fərhad" çayxanasında da olurdular. Bura lap gənclər gəlirdi. Rəşad Məcidi də orda tanımışdım. İndi həmin çayxananı söküb yerində otel tikiblər.

Bir də Bakıxanov küçəsində Pedaqoji İnstitutun yataqxanasının yanında bir çayxana vardı, ora da yığışırdılar. Bura əsasən Tibb İnstitutunda oxuyan ağdamlılar daha çox gəlirdi, bir də ağsaqqal ağdamlılar. Əlləri bəy şeyinə dəymiş məşhur taksi sürücüləri də, Sabir əmi də bu çayxanaya gəlirdi. Maraqlı söhbətlərinə görə hamı onun başına yığışırdı. Bir davakar qardaşı vardı, neçə ildi həbsxanalardaydı. Uşaqlar soruşanda ki, çıxmağına nə qədər qalıb, deyərdi ki, hələ beş ili var.

Hamı da bir ağızdan:

- Allah qapısını açsın.

Sabir əmi:

- Allah bunu harda tapsın qapısını açmağa, şestoy kalonda, vtaroyda, sedmoyda?

Bir dəfə Sabir əmi çayxanaya girərkən kiminsə ayağını tapdayır  və dərhal da qayıdır ki, üzr istəyirəm.

Ayağı tapdalanan:

- Nə üzr istəyirsən ey, ayağının altına bax də.

- Dedim ki, üzr istəyirəm. Bağışla.

- Nə bağışlayım?

Sabir əmi başını bulayıb deyir:

- Yaxşı, get onda Qayi çağır.

Bu çayxanaya tez-tez də Sabir müəllimin oğlu Süleyman gəlirdi, Nəsimi rayon ticarət idarəsinin rəisi idi. Gələn kimi birinci yaxınlaşırdı ağsaqqallara, çıxarıb stolun üstünə xeyli pul atardı və deyərdi:

- Axşam yaxşı yeyib-içərsiz.

O ağsaqqallardan biri saqqal saxlayan din adamı idi. Bir dəfə Süleyman çayxanaya dilxor gəldi. Həmin din adamı soruşdu ki, oğul, niyə dilxorsan?

- Sən dua yaza bilirsən?

- Hə, yaza bilirəm. Nə olub ki?

- Mənim xalam xəstələnib, ona bir dua yazarsan?

- Yazaram. Xəstəliyi nədir?

Süleyman yenə dilxor-dilxor dedi:

- Pis yola düşüb, əlac edə bilmirik.

Süleyman bizə qoşulub çay içənədək həmin din adamı kağıza nəsə yazıb gətirdi:

- Al, oğul.

Aradan bir həftə keçəndən sonra Süleyman yenə çayxanaya dilxor gəldi. Həmin din adamı qalxıb boynunu qucaqladı və dedi:

- Noldu, oğul?

Süleyman:

- Nə olajax, sənin duandan sonra xalamı kamazlardan düşürə bilmirik.

Süleyman çox əliaçıq, gözütox bir adamıydı. Ticarət İdarəsinin müdiri  olandan sonra da nə qədər ağdamlının çörək ağacına çevrilmişdi. Ürəyi xəstə idi, tez-tez də bizi söyərdi:

- Ə, lotular, mənim qədrimi bilin ey, ölüb gedəcəm, sonra yanıb-töküləcəksiz.

Nə qədər İsrailə müalicəyə getsə də, xeyiri olmadı. 40 yaşı tamam olan gün dünyasını dəyişdi və bizi hələ də yana-yana qoyub.

Dustaq həyatı yaşamış ağdamlılar isə Dərnəgüldəki çayxanaya toplaşırdılar. Bunların hərəsi 10-15 il günəşli Maqadanda, ya da Varkutada istirahət eləmişdilər. Onlar ağır toplar sayılırdılar. Hər davaya çağırılmazdılar. Girişdikləri davada isə bəzən ölüm-itim olurdu. Özlərinin belə hadisələrdə bəzən əli olmasa da, dostluq xətrinə cinayəti boyunlarına götürərdilər.

Deyərdilər:

- Bizə çöl də bayır kimidi.

Qəribə də ayamaları vardı: Mazandaran Pələngi, Bığ Hümbət, Armatur Məzahir... Bunlar vaxtilə Bakıda igidliyi ilə ad çıxarmış Ağdamlı Reyin yolunu gedirdilər. O Reyin ki, xaincəsinə arxadan xəncərlə vurub öldürmuşdülər. Amma adı-sanı qalmışdı... 

...İndi Qarabağ qazisi Kərimoğlu Rey də adını daşıdığı igidin yolunu gedir...

...Bir tələbə yoldaşımız Raufu qız üstə ağır bir davaya çağırmışdılar. O da Dərnəgülə xəbər göndərmişdi, ağır toplar yığışıb gəlmişdilər. Davada Mazandaran Pələngi birini bıçaqla vurmuşdu. Amma nə qədər elədi Rauf dedi ki, mən vurmuşam, siz mənim üçün davaya gəlmişdiniz. Rauf da belə oğlanıydı. Buna görə universitetdən qovuldu, bir ildən sonra yenidən bərpa oldu.

Bir dəfə "Araz"da oturmuşam, Surxay Əlibəyli gəldi. Tutdu qolumdan, məni çəkdi kənara:

- Ə, səfeh, burda çox oturma. Axırda ya kursda qalacaqsan, ya da səni universitetdən qovacaqlar. Dur gedək, səni ayrı çayxanaya aparım.

Surxay Akademiyanın Ədəbiyyat İnstitutunda işləyirdi, şairliyi də vardı. Bəxtiyar Vahabzadəylə,  Xəlil Rzayla, Xudu Məmmədovla, sonradan "Elçibəy" olan Əbülfəz Əliyevlə dostluq edirdi.

Sonralar məşhur futbol şərhçisi olan Altay Əliyevin atası idi.

Altay futbolu çox sürətlə şərh edirdi. Hətta belə söz çıxmışdı ki, Azərbaycan millisinin baş məşqçisi Ağasəlim Mircavadov bir dəfə deyib:

- Altay, oğul, bir az yavaş-yavaş şərh elə, futbolçular çatdıra bilmir.

Kirvəsi də Əbülfəz Əliyev olmuşdu, amma Elçibəy prezident olanda Surxay heç vaxt onun yanına nəsə bir xahişə getmədi.

Və Surxay məni götürüb gətirdi indi yerində otel tikilən, Qala divarına  bitişik Rəfaelin məşhur çayxanasına. Bu çayxanaya yad adam gəlmirdi. Universitetin inqilabçı müəllimləri, inqilabçı şair  və yazıçılar, bir də həmin inqilabçı müəllimlərin yetişdirdiyi inqilabçı tələbələr. Burda hər stolda söhbət ədəbiyyatdan, sənətdən, siyasi həyatımızdan gedirdi.

Belə bir söz vardı ki, Hitler hakimiyyətə pivəxanalardan gəldi, biz isə çayxanalardan gələcəyik.

Elə elə də oldu. Azərbaycanın istiqlaliyyət qazanmasında bu çayxananın məzunlarının böyük rolu oldu.

...Xalq yazıçısı Kamal Abdulla bu çayxana barədə "Ədəbiyyat" qəzetində çox maraqlı xatirələrini yazıb, tapın oxuyun. Ona görə mən bir-iki detalı yazıram...

Bura bir universitet idi. Amma bu universitetin rektoru Faiq Bağırzadə deyildi, Çayçı Rəfaeliydi. Və bu universitetin ən dəcəl tələbəsi Vidadi Məmmədov idi. Hərəyə bir atmaca atar, çox ustalıqla özündənrazı şairlərlə məzələnərdi.

Bir dəfə gəldi çayxanaya dedi:

- Moskvadan gəlmiş iki kukla kimi qız tutmuşam. Bir nəfər dursun gedək.

Radionun məşhur diktoru Qara Tağızadə qalxdı ayağa ki, mən. Qara müəllim yaraşıqlı oğlan idi, amma avtoqəza nəticəsində ömürlük əlil olmuşdu, qoltuq ağacı ilə gəzirdi.

Vidadi bir Qaraya baxdı, bir özünə, özü də çəlimsiz idi, saçı da tökülmüşdü, sözləri yaraşıqlı olsa da, özündə bir tikə yaraşıq yox idi, əliylə Qaranın çiynindən basıb dedi:

- Ə, otur aşağı. Gedib Moskvada  danışacaqlar ki, millətin hamısı şikəstdi. Zakir Fəxri, sən qalx.

Amma mən yenə "Araz"dan əl çəkmirdim. Ona görə də Surxayın sözü düz çıxdı. Üçüncü kursda oxuyanda bir müəllimlə dava etdiyimə görə Faiq Bağırzadə məni universitetdən qovdu. Düzdür, üç aydan sonra yenidən bərpa olundum.

Dənizin qırağında Venetsiya adlanan bir yer vardı, uşaqları orda qayıqla gəzdirirdilər. İçində də ucuz bir cızbızxana vardı. Çay içməkdən yorulandan sonra gəlirdik Mişanın cızbızxanasına.

Bir dəfə yenə oturub yeyib-içirik, özünü dahi sayan bir şair də oturub, birdən Vidadi ona baxıb gülüb dedi:

- Televiziya işçiləri gəlib burda yeyib-içirlər, sonra qayıqla gəzməyə başlayırlar. Rejissor Rauf çox boylu-buxunlu bir adamıydı, birdən qayıq aşır, düşürlər suya. Rauf başlayır çığırmağa ki, ay qoymayın batdım, ay qoymayın batdım.  Qıraqdan keçən bir adam Raufa baxıb deyir, ə, qardaş, bir ayağa dur. Rauf ayağa durur ki, su bunun dizinnəndi. İndi bizim bu şair dostumuz elə bilir istedadın içində  boğulur. Qardaş ayağa dursa, görər ki, istedad onun dizinnəndi.

Şairləri də nömrələmişdi: Ramiz Rövşən 1, Vaqif Cəbrayılzadə 2, Zakir Fəxri 3, Ələkbər Salahzadə 4.

Vaqif Cəbrayılzadəyə deyəndə niyə birinciliyin davasını eləmirsən, belə cavab verərdi:

- Birinciliyin üstündə çox böyük qırğın gedir, amma ikinciliyin üstündə qırğın yoxdu. Elə ikincilik daha yaxşıdı. 

Vidadidən birini də deyim, day bəsdi.

Bir dəfə Ağdamda universitetin bir müəlliminin toyudu. Bakıdan da müəllimlər və şairlər gəlib toya. Həbsdən təzə çıxmış Əbülfəz Əliyev mağara girəndə hamı qalxıb alqışladı. Bu şair dostların birinin xoşuna getmədi, sonra sağlıq deyəndə də Əbülfəz müəllimi sancdı. Hamı pərt oldu. Vidadi söz aldı, belə bir sağlıq dedi:

- Mən bayaq bura gələndə Bərdədən keçdim. Maşında gizləndim ki, Bərdə torpağı məni görməsin, utandım o torpaqdan, çünki Bərdəyə heç bir şöhrət gətirməmişəm. Əslində bizim şair dost da gizlənməliydi, amma gizlənmədi. Biz bu Vətənə, bu torpağa nə vermişik? Vaqif Cəbrayılzadə Cəbrayılda dik yeriyə bilər, Əbülfəz bəy isə Sibirdən İstanbula qədər dik yeriyə bilən bir kişidi.

Yənı hamı ayağa qalxıb Vidadinin bu sağlığını alqışladı.

Hadisələrin qarışıq vaxtı idi. Cəbrayıla Kamil Vəlinin atasının yasına getmişdik - Vidadi, Çingiz Əlioğlu, bir də mən. Mənim "Volqa"mla getmişdik, amma maşını Çingiz Əlioğlu sürürdü. Gecə qaldıq Füzulidə Qonaq evində. Səhər tezdən gedək bir Ağdama dəyək, ordan qayıdaq Bakıya. Çingizə dedim ki, Martuni yolu bağlıdı, gəl Ağcabədi yoluyla gedək. Bu yol təxminən 200 kilometr edirdi, Martunidən getsək, 48 kilometr. Çingiz dedi ki, mən Martuni yolu sürəcəm.

- Çingiz, tərslik eləmə. O yol qorxuludu, Martuninin içindən keçir, ermənilər bizi qırarlar.

- Ə, mən sənin kimi qorxaq ağdamlı görməmişəm.

Martuni yolu gedəsi olduq. Yolun kənarına bəlkə mindən çox əlində balta, yaba, silah olan ermənilər yığışmışdı. Amma postlarda duranlar rus hərbçiləri idi. Təxminən bir kilometr ermənilərin  arası ilə keçməliydik, Çingiz maşının sürətini azaltdı. Bir sarsaq siqnalım vardı, vərə-vürə edən, əlini qoydu siqnalın üstə, ermənilər də çaşmışdı. Bu vaxt yanımızdan ildırım sürətilə bir "06" keçdi. Çingiz mənə baxıb ironiya ilə dedi:

- Yəqin sənin zemlyakındı, qorxusundan nə bərk sürür?!

Nə isə, gəlib çıxdıq Ağdama. Səhər-səhərdi, atamla qardaşım işə getməyə hazırlaşır. Atam bizi görüb bərk təəccübləndi:

- Ay bala, hardan gəlirsiniz səhər tezdən?

- Füzulidən.

- Martunidən keçmisiniz?

- Hə.

Döndü Çingizə tərəf:

- Çingiz, mən səni ağıllı adam bilirdim. O yolla adam gələr? Srağagün orda ermənilər bir maşınımızı yandırdı, içindəki adamlarla birlikdə.

Oturduq çörək yeməyə. Stolun üstdə bircə quş südü yoxuydu - yağ, bal, qaymaq, təndir çörəyi, yumurta, pendir.

Vidadi mənə baxıb dedi:

- Sənin papan hər səhər belə yeyir?

- Hə, nə var ki?

- Rəhmətliyin oğlu, mən ayda bircə dəfə belə səhər yeməyi yesəm, Bakıda qabağımda bir adam dura bilməz.

Bakıya qayıdanda Bərdənin Şirvanlı kəndində qəbiristanlığın yanından ötəndə Vidadi kədərli-kədərli dedi:

- Çingiz, sənə elə gəlmirmi ki, son zamanlar qəbiristanlıq adamı yaman çəkir? Çünki ordakı dostların həyatdakı dostlarından çoxdu. 

Üstündən ay yarım keçmiş Vidadi Bakıda avtoqəzada həlak oldu və getdi həyatda olmayan dostlarının yanına. Elə bil ürəyinə dammışdı.

Bir dəfə cızbızxanada yeyib-içərkən qonşu stolda beş-altı nəfər kursant geyimində əsgər də oturub çörək yeyirdi. Vidadi onları görəndə qalxdı ayağa, getdi kursantlarla görüşdü və Mişanı da çağırdı ki, bu stolun hesabı mənlikdi. Qayıdıb gəlib oturanda gördük kövrəlib.

- Vidadi, noldu?

- Görmürsüz, hamısı azərbaycanlıdı, hərbi məktəbdə oxuyurlar. Gələcəyin zabitləridi, fəxr elədim...

...Bəli, hərbi məktəbdə oxuyan həmin kursantlar gün gələcəkdi torpaqlarımızı erməni işğalından azad edəndə şəhid olacaqdılar, qazi olacaqdılar, general olacaqdılar. Amma o günə hələ vardı...

Nə isə, Vidadini xatırlamamaq günah olardı.

Həə, nəhayət, gəlib çıxdıq Ağdam çayxanalarına.

Şəhərin ən böyük çayxanası Fazil müəllimin kinoteatrının arxasında idi. Sonradan bulvarın içində bir gümbəz çayxananı da Cəfər tikdirmişdi.

Ümumiyyətlə, kinoteatrın ərazisi və bulvar Fazil müəllimin özü üçün yaratdığı bir respublikaydı, "Şkit" respublikası. Fazil müəllim də bu respublikanın prezidenti idi. Burda baş verən bütün cinayətlər, dava-dalaşlar, bircə ölümdən başqa, hamısı Fazil müəllimin səlahiyyətindəydi.

Bu çayxananın bir gözəlliyi də Fazil müəllimin kabinetindən çıxıb gəlib burda saatlarla oturması və özünün maraqlı söhbətləri idi.

Bir bazar da Fazil müəllimin kinoteatrının qabağında yox, yolun o biri tərəfində idi. Bu, futbol bazarıydı. Adamlar SSRİ çempionatında keçirilən oyunlara  proqnoz verirdilər. Yadımdan  çıxıb, proqnozun biri ya əlli qəpik, ya da bir manat idi. Onların verdikləri proqnozlar oyunlardan bir gün qabaq foto şəklində çap olunur və bütün proqnoz verənlərə paylanırdı. Və futbolun səhərisi günü kimin, ya kimlərin qalib gəldiyi bilinirdi. Bu futbol bazarının bazarkomu kinoteatrın tinindəki kiçik bir ərzaq köşkü olan Qaragöz adlı süpürülmüş yerdən dava kağızı axtaran bir oğlan idi.

Boylu-buxunlu, pəhləvan cüssəli Qaragözün qəribə bir görkəmi vardı - uzun saçları, enli qaşları, çənəsinin altına qədər uzanan uzun və enli bığları və bakenbardı sir-sifətini örtürdü.

Bir dəfə Fazil müəllim dedi:

- Qaragöz, ya saçını qırxdır, ya qaşını, ya bığını, ya da bakenbardını ki sifətin açılsın.

Toylarda da həmişə "Qaragöz boy-boy" mahnısını sifariş edib oynayırdı. Day şəhərdə hamı öyrəşmişdi, elə mağara girən kimi "Qaragöz boy-boy" çalırdılar.

Bu mərc oyunu onun kəşfi deyildi. Deyilənə görə, bunun əsasını  şəmkirli Saşa qoymuşdu. Qaragöz sadəcə olaraq, onu Ağdama gətirmişdi...

(Ardı var)

TƏQVİM / ARXİV