29 Oktyabr 2025 16:48
76
TEXNOLOGİYA

“TikTok” bu il Azərbaycanda 900 minə yaxın videonu silib

“TikTok” bu ilin ikinci rübündə Azərbaycanda 880 mindən çox videonu silib.

Adalet.az xəbər verir ki, bu barədə platforma məlumat yayıb.

Bildirilib ki, İcma Qaydalarına əməl olunmasına dair hesabata əsasən, videoların 99,4%-i platforma tərəfindən proaktiv şəkildə, yəni şikayət daxil olmadan əvvəl müəyyən edilərək silinib. 98%-i isə paylaşım edildikdən sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.

Qeyd edilib ki, ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək video silinib.

Eyni zamanda 2025-ci ilin ikinci rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq təxminən 190 milyon videoçarx platformadan silinib. Belə ki, videokontentin 99,1%-i proaktiv şəkildə silinib. Roliklərin 94,4%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib. 90%-dən çoxu isə hər hansı şikayət daxil olmadan əvvəlcədən müəyyən edilərək silinib. 

“TikTok”da həmçinin bu ilin birinci rübü ilə müqayisədə dünya üzrə dayandırılmış LIVE yayımların sayında əhəmiyyətli artım müşahidə olunur. Eyni zamanda apellyasiya nəticəsində bərpa olunan yayımların sayı cüzi artıb, bu isə yeni tədbirlərin daha dəqiq və effektiv şəkildə tətbiq olunduğunu göstərir.

Qeyd edilən müddətdə “TikTok” dünya üzrə monetizasiya qaydalarını pozan 2 321 813 canlı yayım və 1 040 356 yayım sahibi ilə bağlı tədbirlər görüb, o cümlədən xəbərdarlıqlar və demonetizasiya tətbiq edib. Xəbərdarlıqlar müəlliflərə kontentlərinin qaydalara zidd ola biləcəyini anlamağa və düzəliş etməyə imkan yaradır. Əgər qayda pozuntuları davam edərsə, “TikTok” müəllifin birbaşa yayımlarda monetizasiya funksiyasına müvəqqəti girişini məhdudlaşdıra bilər. Platforma bu məlumatları gələcəkdə birbaşa yayımların təhlükəsizliyinə dair hesabatlarda da əks etdirəcək.