adalet.az header logo
  • Bakı -°C
28 Iyul 2026 12:44
80
DÜNYA
A- A+

BMT-də ABŞ-la Fransa arasında qarşıdurma yaşanır

BMT-də ABŞ-la Fransa arasında qarşıdurma yaşanır.

Adalet.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün ikinci müddətə təyin edilməsi ətrafında yaranmış mübahisə iki ölkə arasında açıq diplomatik qarşıdurmaya keçib.

İyulun 24-də BMT Baş Assambleyası Baş katib Antonio Quterreşin təqdimatı əsasında Volker Türkün İnsan Hüquqları üzrə Ali Komissar vəzifəsində daha dörd il qalmasını təsdiqləyib. Qərarın lehinə 144, əleyhinə 10 dövlət səs verib, 13 ölkə bitərəf qalıb. Türkün ikinci müddətə təyin edilməsinin əleyhinə ABŞ, Argentina, Burkina-Faso, İsrail, Mali, Nikaraqua, Niger, Şimali Koreya, Rusiya, Trinidad və Tobaqo səs verib.

ABŞ və İsrailin əks mövqe tutmasının səbəbi Ali Komissarın Yaxın Şərq, xüsusilə Qəzza müharibəsi ilə bağlı mövqeyinə görədir.

Qeyd edək ki, Türk Vaşinqtonun miqrasiya siyasətini, sərhəddə saxlanma təcrübələrini və ABŞ-dan deportasiya prosedurlarını tənqid edib. O, İsrailin Qəzzada və digər Fələstin ərazilərində həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı da sərt bəyanatlar verib.

Vaşinqton isə bu mövqe ilə razılaşmır. ABŞ, eyni zamanda, Volker Türkün rəhbərlik etdiyi qurumu demokratik dövlətlərə, xüsusilə ABŞ və İsrailə qarşı sərt, avtoritar hökumətlərə münasibətdə isə kifayət qədər təsirli olmamaqda günahlandırır.

Səsvermədən sonra Fransanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyi sosial şəbəkə hesabında ABŞ-ın mövqeyini kəskin tənqid edib.

Paylaşımda ABŞ-ın əvvəllər insan hüquqlarının “mayakı” olduğu, lakin artıq belə hesab edilmədiyi vurğulanıb. O da qeyd olunub ki, ABŞ Şimali Koreya, Nikaraqua, Mali və Rusiya ilə eyni sırada, beynəlxalq təcrid vəziyyətində qalıb, dünya artıq ABŞ-ı dinləmir.

ABŞ rəsmiləri isə Fransanın yanaşmasını müttəfiqlik münasibətlərinə uyğun olmayan, qərəzli və təhqiramiz davranış kimi qiymətləndiriblər.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Fransanı Volker Türkə dəstək verməklə ABŞ və İsrail kimi demokratik dövlətləri hədəfə alan, repressiv rejimlərlə münasibətdə isə səmərəsiz qalan sistemə haqq qazandırmaqda ittiham edib.

İki müttəfiq arasında növbəti insident iyulun 27-də BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş fövqəladə iclasında yaşanıb.

Fransanın BMT-dəki daimi nümayəndəsi Jerom Bonnafon çıxış etməyə başlayarkən ABŞ nümayəndə heyəti zalı tərk edib. ABŞ diplomatları bu addımı Fransanın məlum paylaşımına etiraz olaraq atıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Dan Negrea bildirib ki, nümayəndə heyəti məhz Fransanın çıxışı zamanı etiraz əlaməti olaraq zalı tərk edib. O, Parisin davranışını qeyri-səmimi və mənəvi üstünlük göstərmək cəhdi adlandırıb.

Negrea qeyd edib ki, ABŞ uzun müddət Fransa ilə həmrəylik və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında qarşılıqlı hörmət naminə bu ritorikaya dözüb. Bununla belə, ABŞ rəsmisi Paris mövqeyini dəyişmədiyi təqdirdə nümayəndə heyətinin Fransanın çıxışları zamanı zalı yenidən tərk edə biləcəyinə işarə edib.

Fransa səfiri Jerom Bonnafon isə çıxışı zamanı ABŞ nümayəndələrinin zalı tərk etməsinə birbaşa reaksiya verməsə də, daha sonra bu barədə danışıb. O, Fransa-ABŞ münasibətlərinin tarixi əsaslarına və BMT-nin fundamental missiyasına diqqət çəkib. Bonnafon ABŞ-ın müstəqilliyinin 250-ci ildönümünün qeyd edildiyini xatırladaraq, Fransanın amerikalıların müstəqillik uğrunda mübarizəsinə yardım etdiyini deyib. O, Fransanın yubiley tədbirlərində iştirakını vurğulayıb, “Azadlıq heykəli”nin ABŞ-a Fransa tərəfindən hədiyyə edildiyini xatırladıb.

Fransalı diplomat bildirib ki, BMT beynəlxalq sülh və təhlükəsizliyin, insan hüquqlarının və inkişafın təmin edilməsi məqsədilə yaradılıb. Onun sözlərinə görə, Paris BMT-nin müstəqilliyini, fəaliyyət qabiliyyətini və Nizamnaməyə xidmət etmək imkanını qorumaq niyyətindədir. Fransa bununla mübahisəni ikitərəfli qarşıdurma kimi deyil, BMT sisteminin və çoxtərəfli beynəlxalq nizamın müdafiəsi kimi təqdim etməyə çalışıb.