adalet.az header logo
  • Bakı -°C
28 Iyul 2026 12:09
67
HADİSƏ
A- A+

Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?

Paytaxtda nəqliyyat sıxlığının əsas səbəblərindən biri maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrindən sonra avtomobillərin uzun müddət yolun hərəkət hissəsində saxlanılmasıdır.

Adalet.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) sürücülərə belə hallarda qanunvericiliyin verdiyi imkanları xatırladıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, maddi zərərlə nəticələnən qəzalardan sonra avtomobillərin yolda saxlanılması həm əsas, həm də kəsişən küçələrdə süni tıxacların yaranmasına səbəb olur.

Onun sözlərinə görə, bəzi hallarda sürücülərin yol şəraitini düzgün qiymətləndirməməsi, sürət həddini və ara məsafəsini düzgün seçməməsi qəzaya səbəb olur. Bundan əlavə, qəzadan sonra nəqliyyat vasitəsinin vaxtında yolun hərəkət hissəsindən kənarlaşdırılmaması ikinci yol-nəqliyyat hadisəsinin baş verməsi riskini artırır.

Ömər Xıdırov qeyd edib ki, bəzi sürücülər avtomobili yolun kənarına çəkəcəkləri təqdirdə sığorta ödənişində problem yaranacağını düşünsələr də, qanunvericilik müəyyən şərtlər daxilində buna icazə verir.

Bildirilib ki, maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsində tərəflər arasında təqsirlə bağlı mübahisə yoxdursa və hadisə nəticəsində xəsarət alan olmayıbsa, sürücü hadisə yerini tərk etdiyinə görə inzibati məsuliyyətə cəlb edilmir.

Bununla yanaşı, "Yol hərəkəti haqqında" Qanuna əsasən, sürücü qəza baş verən zaman qəza dayanma nişanını quraşdırmalı, qəza işıq siqnalını yandırmalı, hadisə yerindəki izləri dəyişməməli və digər nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz olduqda yolu boşaltmalıdır.

DİN sürücülərə xatırladıb ki, baş vermiş hər bir yol-nəqliyyat hadisəsi barədə ilk növbədə polisə məlumat verilməsi vacibdir.