Boz, qırmızı, sarı... - Esmira İsmayılova yazır

“Rəng mühəndisi”- yaddaşımızın solmaqda olan rəng palitrası...
Şərif Ağayarın son romanı-“Rəng mühəndisi” mövzu, süjet, kompozisiya baxımından müəllifin yaradıcılığında tam ayrı istiqamət, xətt təşkil edən əsərdir. Elə ədəbiyyatımızda da. Romanı ilk oxuduqda sanki xaosa düşürsən-hər şey qatma-qarışıqdır, vahid süjet xətti, öyrəşdiyimiz kompozisiya yoxdur, hadisələr bir-birinə elə düyünlənib, elə kəməndlənib ki, açması qalır oxucunun öz fəhminə. Hələ əsərdən eşidilən, qulağı çatladan qışqırıq səslərini, ürəkbulandıran rəng iyini demirəm. “Rəng mühəndisi”nin heç düz-əməlli baş, müsbət qəhrəmanı da yoxdur ki, ondan yapışıb nəsə deyəsən, təhlil edəsən. Amma bir acı həqiqət var ki, ondan qaçınmaq olmur. “Rəng mühəndisi” görməzdən gəldiyimiz, görmək istəmədiyimiz çox həqiqətləri gözümüzə soxmaqla gözümüzü açmaq istəyir, “Dünya bir pəncərədir, hər gələn baxar gedər” fəlsəfəsi ilə yox, necə gedər yozumu ilə!
Əsəri ilk oxuduğumda Corc Oruellin məşhur satirik-alleqorik “Heyvanıstan” romanını xatırladım. “Rəng mühəndisi” ilə Q. Q. Markesin “Patriarxın payızı” romanı ilə də oxşar cəhətlər, üst-üstə düşmələr çoxdur. “Rəng mühəndisi”nin bəzi epizodları Mirzə Cəlilin, Üzeyirbəy Hacıbəylinin, Əbdürrəhim bəy Haqverdiyevin felyetonlarını xatırlatdığından gülüşsüz keçinmək olmur. Nəyə gülürsən, niyə gülürsən, bax, əsas mətləb bunun açılımıdır… Bilinən budur ki, Şərif Ağayar qara-boz-sarı dünyasından necə bezibsə, necə bezdirilibsə, elə o cür də gördüklərinin, hiss etdiklərinin təsvirini verib, gülməli, ağlamalı bir əsər ortaya qoyub. İstəyirsən gül, istəyirsən ağla, bu bir oxucu kimi sənin seçimindir.
Müəllif, ədəbi təhlilçilər, tənqidçilər, oxucular qənaətimlə razılaşmaya da bilərlər. Fikrimcə, “Rəng mühəndisi”ndə bədiilikdən çox sənədlilik var, həm də roman müəllifin özünü hissə-hissə xırdalayıb, doğrayıb əsərin personajlarına qatdığı avtobioqrafik əsərdir.
Romanı milli yaddaşımızın, şəxsi mənimizin, eqo kimliyimizin zaman-zaman sistemli şəkildə yoxluğa gömülməsi, bu ali dəyərlərdən zor-xoş uzaqlaşdırılması haqqında yazılmış ağı, mərsiyə də adlandırmaq olar. Ya da bəlkə müəllifinin özünün kitabın ilk səhifəsində oxucuya istiqamət kimi ünvanladığı “Totalitarizm əleyhinə rəngli nəğmə”dir “Rəng mühəndisi”?
İlk əvvəl fikrimə gəldi ki, roman haqqında yazını süni intelektlə müştərək yazım, onun da təhlili, tənqidi yozumlarından bəhrələnim. Amma sonra fikrimdən daşındım. Düşündüm ki, insanların yaddaşsızlaşdırılması, millətin milli kökündən uzaqlaşdırılması barədə yazılmış əsərə süni intelekti qatmağın özü günahdır. Fikrimcə elə mətləblər, mövzular var ki, onların təhlilində mütləq insani duyğulara güvənməlisən, qəlbinin dediklərinə etibar etməlisən. Ən azından ona görə ki, ürəkdən yazılmayan yazının, deyilməyən sözün təsir gücü də azdır, zaman gücü də. Necə deyərlər, “ürək yaman şeydir”...
“Rəng mühəndisi”ndə Mirzə Cəlil qələmindən, qəlbindən gələn ağrı açıq aydın hiss olunur. Romanı oxuyanda “Dəli yığıncağı”, “Danabaş kəndinin əhvalatları”, “Anamın kitabı”, “Ölülər”i xatırladım, İskəndərin məşhur monoloqunun sözləri yaddaşımı deşdi: “Mәn dağları, daşları, quşları, fәlәklәri, ayları, ulduzları vә dünya-alәmlәri bura şahid çәkәrәm vә bu qızları onlara nişan verәrәm, soruşaram ki, bu camaata nә ad qoymaq olar? O vәdә hamısı bir sәslә cavab verәr: “Ölülәr!”.
Şərif Ağayarın diriykən ölü insanlardan bəhs etdiyi romanına Qurani Kərimdən seçdiyi epiqraf çox mətləblərdən xəbər verir: “Allah sizdən ötrü yer üzündə nə varsa cürbəcür yaratdı...” (Qurani-Kərim, Nəhl surəsi, 13-cü ayə). Elə bu ipucundan anlayırsan ki, əsərdən eyni tonu, eyni notu, rəngi, ahəngi gözləmək əbəsdir. Yaşadığı dünya Şərif Ağayarın yazıçı yaddaşında necə daşlaşıbsa, xəyalllaşıbsa, rənglənibsə, müəllif elə o cür də əks etdirib.
Daş karxanalarında yaşanan ağır həyat, çətin iş şəraiti barədə hamımız məlumatlıyıq. Şərifin yazıçı gücü ondadır ki, karyerlərdəki iş, yaşam şəraitinin bəzək-düzəksiz real, bədii mənzərəsini yarada bilib-həm də konturları mühəndis dəqiqliyi ilə ustalıqla cızmağı bacarıb. Romanı boz-qara-sarı, qırmızı rəngin söz, dərd, ağrı harmoniyası da adlandırmaq olar. Düzdür, arada insanların sevgi münasibətlərinin, çiçəklərin təsvirində digər rəng çalarları da sezilir. Amma bu rəngarənglik anidir, ötəridir, boz-qaranın, sarı-qırmızının qatmaqarışıq rəng palitrasında qalıcı ola bilmir, batır, yox olur, isti havada arabir əsən külək təsiri bağışlayır. Romanda sarı rəngin tonu daha aydın sezilir. İnsan qorxusunun, vahiməsinin təsvirindənmi, hər nədirsə, mənim baxış bucağımda əsərdə çox səhifələr sarıya çalır, sarılıq göz deşir. Yox, bu Günəş sarılığı deyil, xəstə insanın üzüdür, naçar insanın əlində olan son ümidini itirmək xofudur, işsizlik, çörəksizlik, kimsəsizlik dərdidir, batan günəşin qürubudur.
“Yadadşsızlıq rəngsizlik kimi gəldi Məhərrəmə. Keçmişi daş tozuna bürünmüşdü. Arxasında kül rəngli nəhəng boşluq vardı və göz-gözü görməyən bu boşluğun içində qaramtıl kölgələr dolaşırdı”. Romanda baş verən hadisələrin düyün nöqtəsi də burdan başlanır-Məhərrəmin yaddaşını itirməsindən. Əslində romanın qəhrəmanlarının təsvir olunduğu məkan üçün yaddaşın olub olmamasının bir elə də önəmi yoxdur. Yaddaşsız Məhərrəmlərin dərdi, ağrıları yaddaşlı Məhərrəmlərlə eynidir, üst-üstə düşür, bir-birini tamamlayır. Bu paralel dərdlilərin ən böyük dərdi budur ki, daş karxanasının sərt, ağır qanunlarına etiraz etmək barədə fikirləşmək ta Məhərrəm yaddaşını itirənə qədər onların ağıllarına gəlmir, baş verənləri tale yazısı kimi qəbul edirlər. Məhərrəmlər, Bəxtiyarlar üçün iş yerini itirmək, ac-susuz, çörəksiz qalmaq qorxusu döyülməkdən, söyülməkdən, bədəninin müəyyən əzalarını daşkəsən aqreqatda itirməkdən, hətta ölüm qorxusundan da ağırdır. Əsəri ağırlaşdıran da elə insanı insanlıqdan uzaqlaşdıran bu heyvani ağrılardır. Romanın birinci səhifəsindən sonunacan müəllif onu illərdir əzən ağrı yükünü oxucunun kürəyinə şələləyir. Bu yükdən heç əsəri oxuyub başa vurduqdan sonra da qurtula bilmirsən. Niyə? Hadisələrə müdaxilə etmək, nəyisə dəyişə bilmək imkanın olmadığına görə, biganə, laqeyd, seyrçi mövqeyinə görə, baş verənlərdə günah payını hiss etdiyinə görə...
TV-lərin birində uzun illər bölgə müxbiri işlədiyim üçün dağ kəndlərinin işsizlik probleminə, onun doğurduğu bəlalara yaxşı bələdəm. Dağ kəndlərində yaşayan kişilərin bir az diribaşları Rusiya bazarına alverə üz tutur. Böyük hissəsi isə daş karxanalarında işləməyə məcburdur. Romanı oxuyanda o kəndləri, ordakı insanların çətin yaşamını bir daha xatırladım. Bu ağırlığı görənlərin ayrı çıxış yolu yoxdur, ailələrinə çörək aparmaq üçün “pepelllər”in təzyiqinə dözməyə məcburdurlar, aşağılanmaya məhkumdurlar. Səməd Vurğun demişkən: “Ehtiyac qul eylər qəhrəmanı da”.
Romanı oxunaqlı edən yazıçının həyat həqiqətlərinə sadiqliyidir, baş verənlərin çılpaq əksidir. Götürək roman boyu haqqında bəhs edilən “Öldüm Aman-Aman Sağlamlıq Mərkəzi”ni. Bu mərkəzdən tək Məhərrəmin yox, çoxlarının yolu keçib, keçir. Müəllif rəngləri nə qədər qatışdırsa da, bu mərkəzdə baş verən neqativ halların üstünü örtə bilməyib, ya da istəməyib. Hadisələrin cərəyan etdiyi Zığ adası məkanca da, zamanca da huşyar oxucuya yaxşı tanışdır.
“ Bu dəfə Məhərrəm ayağa qalxdı:
Bir at, bir öküz, bir kenquru yaddaşını itirsə, bunu özünə dərd eləyərmi?
Topsaqqal bir az fikirləşib cavab verdi:
Eləməz!
O qədər şeyi unutmuşam, bircə şeyi də unutsam, əzabdan qurtularam!
Nədir o şey?
Yaddaşımı itirdiyimi unutmaq!
Nə demək istəyirsən?
Yaddaşımı itirdiyimi də unutsam, hər şey yoluna düşər!”
Romanın ana xəttini təşkil edən bu mesaj İsrafilin surunu xatırladır, insanlığın gələcəyi üçün çalınan əcəl zəngi mənasındadır. Yaddaş insanın ruhunun təzahürü olduğundan ondan qurtulmaq, azad olmaq arzusu qorxulu istəkdir, bəşəri faciədir, müəllifin sözü ilə desək-atlaşmaqdır, öküzə, kenquruya dönməkdir, insaniyyətini tirib manqurtlaşmaqdır. İnsanın özünün bunu arzu etməsi isə faciələrin ən ağrılısıdır, çox mətləblərin altqatıdır. “Bozla qırmızı həm də mənim yaddaşımın rəngidir” deyən Məhərrəmin acı, ağır etirafıdır.
Pepeliya imperiyası, Zığ adası, Zərrə-Zərrə Qram-Qram Meydanı, Ayrılarmı Könül Candan küçəsi, Məsud Yaşa prospekti, Öldüm Aman-Aman Sağlamlıq Mərkəzi, heç bir evinin sənədi olmayan Saçın Ucun Hörməzlər küçəsi, İgid Ölər Adı Qalar Xiyabanı, Durna Gözlü Bulaqlar Parkı, Dünya Heç Kimin qəbiristanlığı. Bu şərti yer adlarında ironik bir gülüşlə yanaşı, mübhəm bir ağrı da gizlənib. Gizlənən həm də “Mən nə edə bilərəm ki? sualına əsərdəki obrazların tapılmayan cavabıdır. İks oğlu Məhərrəm Məhərrəmlinin və onun silahdaşlarının zorla oynadıldığı “Heyvagülü” havası da romanda bəy, xan havası kimi çalınmır...
Romanda Məhərrəmlə Firəngizin, Cabir-Cibiylə Yasəmənin məhrəm münasibətlərinin təsviri, Məhərrəmin asqırması, Cibinin oxuduğu məktəbdə baş verənlər, güllərin işıqlanması və s. reallıqdan uzaq təsir bağışlayır, inandırıcı görünmür, əvvəlki epizodlarla harmoniyaya girmir. Məhərrəmin, oğlu Cabirin şəhər meriyası, daş karxanasının rəhbərliyi ilə olan çəkişmələri isə tam həyatidir, inandırıcıdır, oxucunu qəhrəmanlara doğmalaşdıraraq həmdərdə çevirir.
“Elədir, elədir, gecələr rənglər kainatın bətnindən çəkilib gedir, sabah günəşlə geri qayıdır, demək, mən günəş doğana qədər gözlərimi aça bilərəm”. İnsanın qəlbindəki son ümid işartısının sözlə təsvirini gözəl çəkib Şərif Ağayar. Ürəyi sıxan bozluqla başlayan romanın son səhifəsində bir ümid işartısının sezilməsi oxucuya sakitləşdirici təsir göstərir, onu inandırır ki, nə vaxtsa bu bozluqlar çəkiləcək, bütün rənglər çalarını tapacaq, insanlıq qalib gələcək: “İstəyirdim şıdırğı bir yağış yağsın, havanı toz boğanağından yuyub təmizləsin, Boz dağın şəhər yaxasında bütün rəngləri ilə əvvəlki təki parlaq bir göyqurşağı çıxsın, başını dağın yamacına qoyub ayaqlarını Cabirin uzandığı məzara sallasın, Cabir rəngli əlləri ilə göyqurşağından yapışıb qalxsın, gözlərini açan kimi üfüqdən şux bir “Güllücə təranələri” qanadlansın və Yasəmən masmavi səmanın fonunda al-yaşıl yaylığını yelləyə-yelləyə zığlı gözəllərlə yallı getsin”.
Arzular hətta ölüm ayağında da gözəldir, əcəl ağrısını azaltdığı üçün...
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru.
Digər Xəbərlər

SOYQIRIM NƏDİR ?!? - QISA TARİXİ və SİYASİ BAXIŞ

“Məni tanıyan adam”a deyilənlər

Vətən və xalq qarşısındakı ən böyük xidməti - Ələmdar Məmmədov yazır

"TANRI YOLU" - poema

Füzuli rayonunda uşaqlarla görüş keçirildi - FOTOLAR

Şuşada Xalq yazıçısı Anarın kitabının təqdimatı və poeziya saatı keçirilib

Buzlar əriyir - Ələmdar Məmmədov yazır
