adalet.az header logo
  • Bakı -°C
21 Yanvar 2026 09:37
80
ƏDƏBİYYAT
A- A+

Tarixə çevrilən Aslan Ağaverdiyev - Əntiqə Kərimzadə yazır...

 Əsrlər keçsə də, illər ötsə də yaddaşlardan silinməyən izlərdən biridir “Qanlı 20 Yanvar”. Həmin gün neçə- neçə  talelər yarım qaldı, neçə- neçə evlərdən körpə səsi kəsildi, neçə- neçə  ailələr başsız qaldı, neçə- neçə gəncin tale işığı söndü... Saymaqla bitməyən faciələr...

Həmin gün hər kəs  bir məqsəd, amal uğrunda  birləşib meydanlara axışırdı. O məqsəd  Azərbaycanın müstəqil sabahı və işıqlı taleyi idi. 

Məhz həmin gün- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə  silahsız insanlar tank belində gələn Sovet ordusunun qarşısına çıxdılar. Onları nə top-tüfəng, nə də o tanklar qorxudurdu. İnsanlar yalnız azadlıq istəyirdilər. Qəlbi azadlıq eşqi ilə alışıb-yananlardan biri də “20 Yanvar” şəhidi Aslan Ağaverdiyevdir. O, həmin gecə üç körpə balasını evdə qoyub Azadlıq meydanına yollanır. 

Sovet tanklarının qarşısını kəsməyə gedən, son nəfəsində də qızlarının adını çəkən şəhid Aslan Ağaverdiyev  1952-ci ildə Bakıda anadan olub.  O,  Zevin (indiki Əziz Əliyev) küçəsindəki müəssisədə anbardar işləyib. Hərbi xidmətini başa vurduqdan sonra Zərifə adlı xanımla ailə qurub. Onların bu nigahdan  üç qızı dünyaya gəlib. Əməkdar artist Məsmə Aslanqızı şəhid Aslan Ağaverdiyevin qızıdır. 

Ailəsi onu həmişə mehriban, mülayim, ailəcanlı insan kimi xatırlayır. 1988-ci ildə Azadlıq meydanındakı  mitinqlərdə həyat yoldaşı ilə birlikdə iştirak edib.  O, 1990-cı ildə  Keçmiş Sovet ordusunun hissələri Bakıya daxil olanda tankların, qoşunların qarşısına çıxır. 

Şəhidin qızı həmin dəhşətli gecəni belə xatırlayır:“Yanvarın 19-u atam gecə evə gəldi.  Anama dedi ki, şəhərdə çaxnaşma var. Bu gecə nəsə baş verəcək. Gecə saat 12 idi. Birdən partlayış səsi eşdildi. Atışmalar başladı. Atam dedi ki, mən gedirəm. Bu günə qədər yadımdadır atam elə deyəndə anam atama şərfini verdi ki, Aslan, şərfini götür. Sənə soyuq olar. Paltosunu geyinib evdən çıxdı. Atam gedəndən sonra babam onun arxasınca getdi, amma tapa bilməyib geri qayıtdı. Evə gələndə bizi qorxutmamaq üçün deyirdi ki, boş güllələrdir, qorxmayın. Biz də ona inanmışdıq”.

Aslan Ağaverdiyev  “Naxçıvan” mehmanxanasının qarşısına gedir. Sovet əsgərləri ilə üz-üzə dayanan əlikörpəli qadınları geri çəkir. Onların qarşısında cavanlarla birgə səd çəkib dayanır. 

Yanvarın 20-si səhər saatlarında “Semaşko” xəstəxanasından onun evinə zəng gəlir. Həyat yoldaşı Zərifə xanıma  Aslanın ayağından yüngül yaralandığı deyilir. Bunu eşidən xanımı xəstəxanaya gedənə qədər dua edir ki, Aslanın 2 ayağı olmasa da, yaşasın. Övladlarının yanında olsun. Amma onun yarası o qədər də yüngül deyildi. Ağır yaralanmışdı. Dəyən güllələr onun daxili orqanlarını darmadağın etmişdi. 

Xəstəxanaya gətiriləndə baş verənləri ətrafındakı insanlara danışır:

“Mən tank üzərində dayanan əsgərə dedim ki, bizi güllələməyin. Həmin sözümdən sonra üzümə baxıb güldülər. Avtomatı üzərimə boşaltdılar”. Huşu gedəndən  gedəndən sonra ancaq qızlarının adını çəkən  Aslan Ağaverdiyev çoxlu qan itirir və şəhid olur. Yanvarın 21-i izdihamla Dağüstü Parkda  dəfn edilir.