Xalq şairi Səməd Vurğunun 120 illik yubleyi qeyd olundu - FOTOLAR
3 mart 2026-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında dramaturq, tərcüməçi Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir keçirilmişdir.
Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Muzeyin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı görkəmli söz ustadı Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolundan, üslubundakı sadəliyin Səməd Vurğunun şeirinə xalq ədəbiyyatından, Aşıq Ələsgərdən və klassik poeziya nümunələrindən, Vaqif qoşmalarından gəlməsindən, şairin əlinə qələm aldığı gündən folklora, aşıq sənətinə bağlı olmasından, ədəbi fəaliyyətində onların tükənməz gücünə arxalanmasından bəhs etdi. Yaqut Bahadurqızı eyni zamanda, çıxışında şairin doğulduğu, böyüdüyü torpağın onun aşıq poeziyası ilə ünsiyyətini daha da artırmasını və inkişaf etdirməsini, şairin dövrünün bir neçə tanınmış aşığı ilə ünsiyyət qurmasını, deyişməsini və onlardan bəhrələnməsini də qeyd etdi. Tədbirdə Səməd Vurğun yaradıcılığının əsas məziyyətlərindən, onun dünyanı, təbiəti duymaq, qavramaq qabiliyyətindən, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirməsindən, məhsuldar şair olaraq yazdıqları əsərlərə görə dövlət tərəfindən ən yüksək ad və mükafatlara layiq görülməsindən də söhbət açıldı.
Məclisin bədii hissəsində M.Rəsulzadə adına Kürdəmir şəhər 2 saylı tam orta məktəbin şagirdləri Mehri Ağazadə, Nurbanu Cəbrayılova, Famil Mehdiyev adına 3 saylı tam orta məktəbin şagirdi Zəhra Məmmədli, Qacar Sadıqov adına Mollakənd tam orta məktəbin şagirdi Behbud Alıyev şairin dillər əzbəri olan şeirlərindən nümunələr səsləndirdilər.
Xanəndə Səfalı Əliyevin şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət canlı ifaları məclis iştirakçılarının alqışlarına səbəb oldu. Canlı ifalarla yanaşı, şairin sözlərinə bəstələnmiş sevilən mahnılardan Azərbaycan Xalq artististləri Zeynəb Xanlarovanın ifasında “Azərbaycan”, Tükəzban İsmayilovanın ifasında “Şəfqət bacısı”, bəstəkar-müğənni Tünzalə Ağayevanın ifasında “Sevdi can səni” mahnılarının lent yazıları səsləndirildi.
Tədbirdə Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən videoçarx, şairin ölməz əsəri “Vaqif” dramından bir parça və “Komsomol” pomasının motivləri əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmindən bir epizod nümayiş etdirildi.
Tədbirin sonunda iştirakçılar böyük həvəslə Səməd Vurğunun “Azərbaycan” şeirindən hərə bir beyt söyləyərək bahar ətirli məclisdən məmnun ayrıldılar.


Bakı -°C

