Müddətsiz sənədlər - Pərvanə Bayramqızı yazır
Yazıçı bəzən gördüyü, şahidi olduğu məqamlardan yazmağa tərəddüd edir, düşünür ki, bu, filankəsin taleyidir, oxuyanda bir dəfə də sözlə göynəyəcək, oxucu isə nə oxusa, hamısını yazıçının öz həyatına aid edir. Əsərdən nə duysa, müəllifin özündən "şübhələnir". Elə bilir, yazıçı ya yalnız özündən yazır, ya da yalnız özündən yazmalıdır.
Belə olsa, onun “yazıçı” yox, "özüçü" sayılacağını nəzərə almır. Yaxınlar, yadlar istedad sahibinin müstəqil şəkildə, azad duyğularla yazıb-yaratmağına, inkişaf etməyinə hər vasitə ilə mane olurlar. Bizim cəmiyyətdə real hadisələri ədəbiyyata çevirmək çətin olur. Gərək adamda istedad, yazmaq eşqi, azadlıq hissi o qədər güclü olsun ki, mühitin ehkamını yarıb keçməyi bacarsın. Demək, istedadla cəsarət qoşa olmalıdır. Cəsarəti istedad doğur, o da öz yaradanına borclu qalmır, daim onun yaratdıqlarını qaragüruhun qara fikirlərindən müdafiə edir.
Cəsarətli yazıçının ruhu titrəyəndə, mənəvi ehtiyacdan əlinə qələm götürüb yazanda həmin mətni kimin oxuyacağı, oxuyub nə düşünəcəyi ağlından keçmir.
İstedad olandan, ona güvənəndən sonra digər şirnikləşdirici şeylər ona əhəmiyyətsiz görünür, daha dəqiq desək, vız gəlir. (İfadəni türklərdən öyrənməmişəm, nənəm həmişə işlədirdi) O yazanda düşünmür ki, bunu oxuyub tərifləsinlər, yaxud bu mətn onu tanıtsın. İstədiyi yalnız yazıb ağrılardan xilas olmaqdır.
Əyər-əskiklər yalnız mətn ərsəyə gələndən sonra ayıq başla düzəldilir. Qəribədir, yazıçının zülm çəkərək yazdığı mətnə hərə öz baxışı ilə qiymət verir. Söhbət interpretasiyadan getmir, zədəli düşüncə sahibləri yenilik-filan bəhanəsi ilə abırla yazılmış mətnləri “ütülü” adlandırıb bəyənmirlər. Əsəri təhlil edən şəxsin mənəvi görüşləri, şəxsi keyfiyyətləri və müəllifə münasibəti mütləq resenziyasına yansıyır.
İstedadlı insanın qələmini nizə kimi görənlərin problemi gözlərində deyil. Bataqlığa bənzəyən daxili dünyaları, kefiyyətsiz sinir hüceyrələridir ki, belələrinə reallığı yox, görmək istədiklərini göstərir.
İstedadın gücündən, qələmin qüdrətindən yaranan əsərlər isə müəllifin ədəbiyyat dünyasına təqdim edə biləcəyi ən vacib və etibarlı sənəddir. Bu sənədin hazırlanma prosesi qaydasız qaydalara söykənsə də müddətsizdir.


Bakı -°C

