KAŞ MÜBARİZ ƏHMƏDOĞLU PROBLEMİN YARANMA SƏBƏBLƏRİNDƏN DƏ DANIŞAYDI
Azərbaycanda son vaxtlar qəribə bir tendensiya yaranıb: yaradıcılığı, şəxsi nümunəsi, ölkənin ictimai-siyası həyatında müsbət imici ilə fərqlənməyi bacarmayan bəziləri tarixi şəxsiyyətlərə, yaxud tariximizin ayrı-ayrı məqamlarına daş atmaqla gündəmə gəlmək istəyir və yazdıqları, danışdıqları ilə bir neçə gün də olsa, sosial şəbəkələrdə gündəmi zəbt edirlər. Çox vaxt onların bu hərəkəti bumeranq effekti verir – özləri qınaq obyektinə çevrilirlər.Belələrindən biri də son vaxtlar varlığı ilə yoxluğu bilinməyən (bunu təkcə mən demirəm, onun Borçalı və borçalılarla bağlı işlətdiyi təhqiramiz ifadələrə sosial şəbəklərdə rəy yazanların çoxu bu fikirdədir), bu günlərdə isə borçalıların ünvanına həqarət dolu ifadələr işlədən Mübariz Əhmədoğlu oldu. Birdən-birə yadına Borçalı və borçalılar düşən bu politoloq Gürcüstanda, konkret desək Borçalı bölgəsində İranın dini baxımdan fəallaşdığını dilə gətirdi və nəinki politoloqun, heç orta təhsilli sıravi bir vətəndaşın da özünə rəva bilməyəcəyi tərzdə Borçalı kişisini və qadınını təhqir etdi, ekrandan barmaq silkələyərək – “ar olsun o Borçalıda oturan kişilərə, xəcalət çəksin ordakı qadınlar”, – dedi.
Əlbəttə, bu sözlərinə görə kifayət qədər təpki gördü, özü də haqlı olaraq gördü. Ondan tələb olundu ki, bu ifadələrinə görə borçalılardan üzr istəsin. Facebook sosial şəbəkəsindəki hesabımda mən özüm də buna münasibət bildirdiyimdən, bəlkə də mövzuya son qoymaq olardı. Lakin…
Bəli, söhbəti bağlamaq olardı, əgər Mübariz Əhmədoğlunun 2026-cı il noyabrın 21-də pravda.az-a verdiyi açıqlama olmasaydı.
Əvvəlcə onu deyim ki, Borçalı və borçalılar haqqında danışmağı nəinki kimsəyə qadağan etmək olmaz, əksinə lazımdır, sağlam mükaliməyə ehtiyac var və vacibdir. Və əgər Mübariz Əhmədoğlu da toxunduğu mövzuya obyektiv münasibət sərgiləyib, yalnız İranın Borçalıda dini nöqteyi-nəzərdən həyata keçirdiyi siyasətin nəticələrindən deyil, həm də bunun başvermə səbəblərindən danışsaydı, nəinki kimsə onu qınamaz, hətta “sağ ol” deyənlər də olardı.
Mübariz Əhmədoğluna qarşı qınağın da səbəbi o deyil ki, Borçalıda İranın təsiri ilə bağlı dedikləri yalandır. Bəli, bütünlükdə Borçalının hər yerində olmasa, da bəzi yerlərdə bu problem var. Politoloqa qarşı qıcıq doğuran isə onun bu məsələyə peşəkar politoloq münasibətinin olmaması, fikirlərini ifadə edərkən bütövlükdə Borçalı kişilərinin ünvanına təhqir yağdırmasıdır. Sanki bu məsələyə münasibət bildirən illərin politoloqu Mübariz Əhmədoğlu yox, hansısa sıradan bir Əhmədin oğlu Mübarizdir.
Pravda.az-a mövzu ilə bağlı aşıqlamasında M.Əhmədoğlu deyir ki, “Borçalı ilə bağlı dediklərim doğrudur, zərrə qədər geri çəkilmək fikrim yoxdur. … Borçalı kişisini, qadınını təhqir etməmişəm.” Fikir verin, adam deyir ki, dediklərim doğrudur, və zərrə qədər də geri çəkilən deyiləm. Dedikləri isə budur: “ar olsun o Borçalıda oturan kişilərə, xəcalət çəksin ordakı qadınlar”. Adam bu təhqirlərinə görə üzr istəmək əvəzinə, bir az da dərinə gedib, bu hərəkətinə görə onu qınayan Borçalı ziyalılarının ünvanına görün nə deyir: “bugünkü Borçalı ziyalısı deyilən şəxsə baxın. Görün nə qədər cılızlaşıb”. Və deyir ki “mənim üstümə İranın sözü ilə kimsə qışqırır”.
Bəyəm bu təhqir deyil? Yəni Borçalı ziyalısı ağı qaradan seçə bilmir, sizin nə dediyinizi, təhqirinizi anlamır və kiminsə sözü ilə oturub-durur? Görəsən, cılız kimdir: Borçalı ziyalısı, yoxsa, bu ziyasız politoloq?
Bütün bunlardan sonar isə deyir: “məqsədim vəziyyətin çox strateji və cari təhlükəli olmasına diqqəti çəkməkdir”.
Görəsən politoloq bilmirmi ki, “strateji” və “təhlükəli” hesab etdiyi bir məsləyə belə atüstü münasibət bildirmək, bütöv bir bölgənin insanlarını təhqir etmək olmaz? Bilmirmi ki, onun Borçalı və borçalılar haqda səsləndirdiyi bu fikirlərlə təkcə Azərbaycanda yox, həm də qonşu ölkələrdə də tanış olacaqlar və bu, onlarda həm də Azərbaycan politoloqunun səviyyəsi ilə bağlı təsəvvür formalaşdırcaq? Heç olmasa anlayırmı ki, indiki halda diqqəti mövzuya yox, olsa-olsa özünün necə bir “politoloq” olmasına, danışıq tərzinə yönəltmiş oldu?
Mübariz Əhmədoğlunun diqqətinə çatdırmaq istəyirəm ki, Borçalıda yaşayan azərbaycanlılar Gürcüstan Respublikasının vətəndaşı kimi, hər zaman bu ölkənin dövlətçiliyinin dəstəkləyib, separat meyillərdən uzaq olub, eyni zamanda milli dövlətimizi kimi Azərbaycan Respublikasının hər uğuruna sevinib, onun müstəqil dövlət kimi dünya birliyində öz mövqeyini möhkəmlətməsi işində bacardığı töhfəni verməyə çalışıb. Qarabağ münaqişəsinin başlandığı ilk illərdə Borçalıda soydaşlarımızrın yaşadığı bütün kəndlərdən yardım toplanaraq Azərbaycana göndərilib. Bu yardım kompaniyası sonrakı illərdə də davam etdirilib: həm qaçqın və məcburi köçkünlər üçün, həm də cəbhə üçün.
Ötən əsrin 90-cı illərinin əvvəllərində o zamankı SSRİ-nin müxtəlif şəhərlərindəki ali hərbi məktəblərdə oxuyan Borçalı əsilli gənc soydaşlarımız təhsillərini yarımıçıq qoyaraq Azərbaycana gəlib, ordu quruculuğuna öz töhfələrini veriblər. Bu addımı atmağa onları sövq edən kimsənin dəvəti, yaxud təhriki yox, Azərbaycan sevgisi idi. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində, eyni zamanda 2023-cü ildəki birgünlük əməliyyatda yüzlərlə Borçalı gənci əsasən könüllü olaraq iştirak edib. Borçalıda soydaşlarımız yaşayan elə bir kənd tapmaq çətindir ki, oradan hər iki Qarabağ müharibəsində iştirak edən şəhid və qazi olmasın. Mübariz Əhmədoğlu bilirmi ki, bu gün ar olsun dediyi Borçalı kişilərindən dörd nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Tərəfimizdən hazırlanıb nəşr etdirilən ikicildlik “Borçalıdan Şuşaya gedən yol” adlı kitabda da məhz canlarını Azərbaycan torpaqlarınım bütövlüyü uğurunda qurban vermis Borçalı şəhidlərindən, qazilərdən və müharibə veteranlarından bəhs olunur.
Bu gün borçalıları İran mollalarının təsiri altına düşməkdə günahalandıran Mübariz Əhmədoğlu deyir ki, “Göy məscidi erməni Azərbaycandan çıxarıb İran məscidi edib” və bunun da günhanı az qala borçalılarda görür.
M.Əhmədoğlu deyir ki, İranın adamları tanınır. Bəli, hörmətli politoloq, İranın adamları tanındığı kimi, rusun adamları da tanınır.
Mübariz Əhmədoğlu, özünün də dediyi kimi, bu kimi məsələlərlə məşğul olur, hesabatlar hazırlayırsa (hesabatları hara üçün hazırladığını deməsə də), o zaman Borçalı ilə bağlı danışanda gərək ən azından ötən əsrin 90-cı illərinin əvvələrindən başlayaydı. Səbəblərini araşdıraydı ki, həmin illərdə Borçalıdan əhəmiyyətli sayda insanlar niyə Azərbaycana, Rusiyaya və digər ölkələr köçmək məcburiyyətində qaldı? Həmin 90-cı illərin əvvəllərində Gürcüstanın Bolnisi rayonunda yalnız azərbaycanlıların yaşadığı 30-dan çox kəndin adı bir gündə necə gürcüləşdirildi? Bolnisi şəhərində yaşayan azərbaycanlılar öz evlərindən necə çıxmalı oldular, iş yerlərini necə itirdilər? Bu kimi sualları artırmaq da olar. Amma inanmıram ki, bunlar M.Əhmədoğlunu maraqlandırsın.
Şükürlər olsun ki, bu gün Gürcüstanda vəziyyət ötən əsrin 90-cı illərindəkindən müsbət mənada kəskin şəkildə fərqlənir və soydaşlarımız burada özlərini ölkənin tamhüquqlu vətəndaşı kimi hiss edirlər. Kəndlərin sosial inkişafına dövlətin dəstəyi var. Bununla belə, elə gürcülərin yaşadığı bəzi kəndlərdə olduğu kimi, soydaşlarımızın yaşadığı kəndlərdə də müəyyən problemlər var ki, M.Əhmədoğlunun toxunduğu problemin yaranmasında az rol oynamır. Kəndlərdə müəllim çatışmazlığı, son 20 ildə müxtəlif səbəblərdən (şagird azlığı və s.) təhsilin Azərbaycan dilində olduğu məktəblərin sayındakı azalma (206-dan 116-ya düşüb), kənd yerlərində kitabxanalrın və məıdəniyyət evlərinin demək olar ki, olmaması səbəbindən gənclərin və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirə bilməmələri, təbii ki, onların nəinki dini cərəyanların təsirinə düşməsinə, eyni zamanda digər zərərli vərdişlərə qurşanmasına gətirib çıxarır. Yaranmış vəziyyətdə yeddi ilə yaxındir Gürcüstanla quru sərhədlərin bağli olmasınnı təsiri də az olmayıb. Bütün bunlarda, xüsusən də dini məsələdə yaranan boşluğun digərləri tərəfindən doldurulmasında isə həm bizim Diasporla İş üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və digər əlaqədar təşkilatların üzərinə də böyük məsuliyyət düşür.
Sonda, demək istəyirəm ki, etdiyi təhqirə görə Borçalı əsilli ziyalıların güclü qınağına tuş gəlsə də, Mübariz Əhmədoğluna bir “sağ ol!” da düşür: Borçalı və orada yaşayan soydaşlarımızla bağlı mövzunu hansı cəhətdən olmasına baxmayaraq gündəmə gətirdiyinə görə!
Borçalı ilə bağlı deyiləsi, danışılası mövzular çoxdur və yəqin ki, heç olmasa bundan sonra həm M.Əhmədoğlunun qaldırdığı, həm də digər vacib məsələlərlə bağlı müvafiq qaydada geniş müzakirələr aparılar, vəziyyətdən çıxış yolları axtarılar.
Musa Nəbioğlu
Əməkdar mədəniyyət işçisi


Bakı -°C

