adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2026 11:08
46
ƏDƏBİYYAT
A- A+

ADİLƏ ASLAN POEZİYASININ RUH VƏ ZAMAN QATLARI

(Həya və məsumluq sarayı və ya qadın qəlbinin səssiz fəryadı )

Poeziya insan ruhunun ən gizli qatlarından süzülüb gələn səmimi etirafdır. Qadın şairlərin yaradıcılığında isə bu etiraf xüsusi bir zəriflik, daxili ədəb-ərkan və dərin psixoloji incəliklə yoğrulur. Həqiqi poeziya bəzəkli ifadələrdə deyil, müəllifin öz vicdanı və xatirələri ilə təklikdə qaldığı anlarda doğulan səmimiyyətdə yaşayır.

Çağdaş ədəbi mühitimizdə özünəməxsus səsi, kövrək lirizmi və səmimi duyğular dünyası ilə seçilən Adilə xanım Aslanın poeziyası məhz belə bir təmiz mənəvi qaynaqdan su içir. Onun şeirlərində insan qəlbinin ən incə titrəyişləri, zamanla sınanan ümidlər və saf qadın ləyaqəti bədii sözün qüdrəti ilə əbədiləşir.

Bu yazımızda Adilə xanım Aslanın "Şagird dəftərində qalan şeirlər"indən başlayaraq poetik ömür yoluna nəzər salmağa çalışacağıq. "Şagird dəftərində qalan şeirlər"  müəllifin öz keçmişinə, ilk yaradıcılıq çırpıntılarına və zamanla sınanan duyğularına retrospektiv fəlsəfi baxışıdır. Bu şeir şairənin sənət yolunun başlanğıc nöqtəsini, ilk ilham pıçıltılarının necə saf və təmənnasız olduğunu göstərən poetik sənəddir. Ruhun kərpic-kərpic ucaltdığı söz sarayıdır.

 Şeirin ilk bəndində poeziya müəllifin daxili dünyasında ucaltdığı müqəddəs bir məbəd kimi təqdim olunur:

Ruhumdan süzülüb gələn harayım!
Kədərim, nisgilim, sevgi, eşq payım!
Kərpic-kərpic hörüb, quran sarayım!
Şagird dəftərində qalan şeirlər!

Burada Adilə xanım ilk misralarını həm ruhun saf harayı, həm də zəhmətlə, sevgi və nisgillə ucaldılan "söz sarayı" kimi dəyərləndirir. Lakin illər keçdikdən sonra həyat təcrübəsi zirvəsindən həmin ilk qələm təcrübələrinə boylanan şairənin keçirdiyi utancaqlıq ("Üzünə baxmağa utanır üzüm, / Siz mənim ilk nəğməm, ilk ürək sözüm!") əsl şair təvazökarlığının və saf qəlbin ifadəsidir. O, gənclik şeirlərini "kəlməsi zamantək məsum misralar" adlandıraraq, həmin dövrün duyğularının toxunulmaz saflığını vurğulayır. Bu misraların taleyi şeirin dördüncü bəndində  dərin psixoloji boyalarla açılır:

Gizlində yazılıb ünvan tapmayan,
Həyatın dadını heç çıxartmayan,
Üzülü əlləri kama çatmayan,
Həyası içinə dolan şeirlər!

Azərbaycan qadın mənəviyyatında həya və gizlilik daxili saflığın ən ali göstəricisidir. Ünvanına çatmayan, qüruruna sığınıb içindəki utancaqlıqla "həyası içinə dolan" bu şeirlər, əslində Adilə xanım Aslanın bütün sonrakı yaradıcılığını qidalandıran təmiz mənəvi bulaqdır.

Şeirin  gənclik xəyalları ilə həyatın sərt gerçəkləri arasındakı əbədi fəlsəfi təzad üzərində qurulan final bəndinə nəzər salaq:

Hər sətir içindən bir tənə baxır,
Kövrək hislərimi yandırır, yaxır,
Dəyişən zamantək süzülüb axır,
Gerçəyə dönərmi, yalan şeirlər?!

Burada, şairənin ilk gənclik şeirlərini "yalan şeirlər" adlandırması onların saxtalığına deyil, gənclik romantizminin xəyali, hələ həyatın sərt həqiqətləri ilə üzləşməmiş saf illüziyalarına işarədir. Vərəqlərin arasından müəllifə "tənə ilə baxan" o misralar gənclik ideallarının bu gün nə dərəcədə gerçəkləşdiyini sorğulayan vicdan səsinə çevrilir.

Adilə xanımın poeziyasında sevgi sadəcə romantik hissiyyat deyil, insan ruhunu zamanın fövqünə qaldıran, günah və savab, ayrılıq və vüsal anlayışlarını yenidən mənalandıran dərin fəlsəfi bir haldır. Şairənin "Gəlmə olduğun yerə" şeiri zahirən sevgiyə və ayrılığa həsr olunmuş kimi görünsə də, əslində klassik Şərq irfanının "vəhdəti-vücud" (sevilənin aşiqin qəlbində yaşaması) fəlsəfəsinə yüksələn mükəmməl poeziya  nümunəsidir.

Şeir xəyalla gerçəklik arasındakı incə sərhəddə, "kitabın vərəqində aranan" və "kəpənək sorağında açılan çiçək" təşbehləri ilə başlayır. Lakin ötən ömür və "gəlin duvağında geri dönməyən fəsil" şairəni zamanın fəlsəfi mahiyyəti üzərində düşünməyə sövq edir:

Zamana ölçü olmur, qurulmayan saatda,
Hey qaçdım arxasınca, mən piyada, o atda,
Çox aldatdım özümü, cəhənnəmlə, “sırat”la,
Günahı çidarlayıb, bağlamışam zəncirə,
Batarsan günahıma, gəlmə olduğun yerə…

Burada, "Zamana ölçü olmur, qurulmayan saatda", - misrası yüksək fəlsəfi ümumiləşdirmədir. Sevgi və həsrət məqamında mexaniki zaman dayanır, ruh öz daxili saatı ilə yaşayır. Şairənin öz günahlarını zəncirləyib sevdiyini bu yükdən qorumağa çalışması ("Batarsan günahıma, gəlmə olduğun yerə") qadın qəlbinin fədakarlığını və məsuliyyət hissini əks etdirir. Şeirin bütün psixoloji gərginliyi və "gəlmə" xəbərdarlığının sirri son bənddə, böyük bir fəlsəfi aydınlanma anında açılır:

Çəkə bilsən yükümü, dəyişək yerimizi,
Ətəyindən uzunsa, tutmayaq əlimizi,
Qoy Allah bağışlasın, ən böyük səhvimizi!
Axtarma bundan belə, yalvarıram min kərə,
Axı özün burdasan, gəlmə olduğun yerə…

"Axı özün burdasan, gəlmə olduğun yerə…" misrası şeirin fəlsəfi zirvəsidir. Fiziki olaraq uzaqda olan sevgili mənəvi olaraq hər zaman  şairənin qəlbindədir, onun ruhunun içindədir. İnsanın zatən var olduğu bir məkana yenidən gəlməsi mənasızdır. Bu poetik tapıntı Adilə xanım Aslanın lirikasına dərin irfani məna və bədii kamillik qazandırır.

Adilə xanım Aslanın yaradıcılığında diqqətimi cəlb edən məqamlardan biri də şairənin öz mənəvi halını birbaşa poetik kateqoriyalarla, vəzn və qafiyə anlayışları ilə, eyniləşdirməsidir. Şairənin "Qafiyəsiz şeir kimi olmuşam..." şeiri insan ruhunun qəliblərə sığmayan iztirabını, zamanın fövqünə qalxan sınaqları və zahiri sükutun arxasında gizlənən daxili üsyanı əks etdirir.

Şeirin başlanğıc misraları lirik "mən"in özünü nə "sərbəst"ə, nə də "heca"ya aid edə bilməməsi ilə başlayır:

Qafiyəsiz şeir kimi olmuşam,
Nə sərbəstə, nə hecaya yaxınam.
Misralarım ayaq tutan uşaqtək,
Hardan tutsam, elə billəm yıxıllam.

Qeyd edək ki, burada "qafiyəsiz şeir" metaforası sadəcə ədəbi forma məsələsi deyil, insan ruhunun həyatın sərt qaydalarına, zahiri ölçülərə və uyğunluqlara sığmayan tənhalığının rəmzidir. Misraların "ayaq tutan uşaqtək" təqdim olunması isə şairənin söz qarşısındakı müqəddəs məsuliyyətini, duyğularının saf və kövrək təbiətini bədii ustalıqla ifadə edir. Növbəti misralarda isə fiziki məkanla metafizik aləm arasında qalan, "qıfıllanmış ruhun" və dodaqdan silinməyən bir adın əbədi yaddaşı ön plana çıxır:

Bax, haçandır qıfıllanıb ruhum da,
Yerdəyəmmi, göydəyəmmi, bilmirəm.
Ha çırpındım sevinmədi yuxum da,
Bir ad var ki, dodağımdan silmirəm.

"Çox sınaqlar vaxtdan uca olurmuş, / Günahların dara çəkən dəmi var" misraları şeirin fəlsəfi ağırlıq mərkəzidir. Şairə sübut edir ki, insanın mənəvi imtahanları zamanın axarından daha güclüdür və vicdan məhkəməsinin, "günahları dara çəkən dəmin" hökmü qaçılmazdır.

Şeirin final bəndi zahiri təmkinin arxasındakı böyük mənəvi enerjini üzə çıxarır:

Elə bilmə, lal sularım durulmuş,
Zaman-zaman hayqırtısı, nəmi var.

Xalq hikmətindəki "lal axan suların dərinliyi" obrazı misralarda yeni psixoloji məna qazanır; Adilə xanım Aslanın sakit və səbirli görünən poetik dünyası, əslində zaman-zaman coşan böyük bir duyğu fırtınasını və sönməyən həyat nəmini özündə yaşadır.

Onun yaradıcılığında kədər acizlik və ya ümidsizlik əlaməti deyil, insan ruhunu saflaşdıran, onu dərin düşüncələrə sövq edən ali mənəvi kateqoriyadır. Şairənin "Kaş ki…" şeiri fərdi yaşantıların kosmik miqyas qazandığı, ürəklə ağlın əbədi mühakiməsinin aparıldığı proqram xarakterli lirik-fəlsəfi əsərdir.

Şeirin əsas ideyası dördüncü bənddə, paradoksal olduğu qədər də həqiqi bir fəlsəfi düsturla ifadə olunur:

Möhtəşəm olurmuş sevilən kədər,
Varlığı təsəlli, yoxluğu əzab.
Fəsillər dövr edib dəyişən qədər,
Ürəyim ağlımla çəkir haqq-hesab.

"Möhtəşəm olurmuş sevilən kədər / Varlığı təsəlli, yoxluğu əzab" misraları klassik Şərq eşq və hüzn fəlsəfəsinin (Füzuli ənənəsinin) çağdaş qadın qəlbindəki orijinal təzahürüdür. Burada kədər o qədər doğmalaşır və müqəddəsləşir ki, onun yoxluğu belə ruh üçün boşluq və əzab doğurur. Təbiətdəki fəsillərin dövri dəyişməsi ilə daxili aləmdəki ürək-ağıl hesablaşmasının paralelliyi şairənin psixoloji müşahidə gücünü göstərir.

Adilə xanım sevgi və ayrılıq məqamını kosmik təşbehlərlə ("Bəlkə orbitində yad planetəm?", "Asdım ulduzlardan lal düşüncəmi") məkan və zaman sərhədlərinin fövqünə qaldırır. Şeirin beşinci bəndində insan iradəsi ilə alın yazısı (qədər) arasındakı əzəli arzu səslənir:

Zamana oxşayır, xəyalımız da,
Bağlısı mürəkkəb, açığı müşkül.
Fələyin yazısı var alnımızda,
Qələmlər təzədən yonula kaş ki…

"Qələmlər təzədən yonula kaş ki…" arzusu insanın öz taleyini yenidən yazmaq, keçmişin səhvlərini və nisgilini silmək istəyinin poetik nidasıdır. Şeirin son bəndlərində şairə qəmin rəssamlıq tablosunu çəkir ("Rəsmini çəkərsəm qəmin, harayın, / Rənglər sərgi-sərgi boşalar, dolar"), gecəni "varlıya və kasıba" bölərək sosial-mənəvi həssaslıq nümayiş etdirir. Final bəndi isə bütün romantik illüziyalardan uzaq, sərt və təsirli bir həqiqət etirafı ilə tamamlanır:

Bu gecə dənizə töküldü, nə var,
Ölmüş qağayılar, susuz balıqlar.
Mənim pəncərəmin bircə adı var,
Burda gülümsəməz bağrıyanıqlar...

"Susuz balıqlar" və "ölmüş qağayılar" obrazları ümidlərin tükəndiyi məqamın dramatik mənzərəsini yaradır; şairənin dünyaya açılan pəncərəsi isə saxta təbəssümlərin deyil, yalnız həqiqi dərd çəkən "bağrıyanıqların" məkanıdır.

Qeyd edək ki, Adilə Aslanın yaradıcılığında təbiət obrazları, xüsusilə çinar və dəniz sadəcə peyzaj detalı deyil, insan ruhunun mənəvi dayaqları və eyni zamanda sınaq məkanlarıdır. Şairənin "Arzularım dəniz idi" şeiri həyat yolunun çətinlikləri, cavabsız sualların fəlsəfi müdrikliyi və ən çox sevilən dəyərlərin insanı sarsıtması paradoksu üzərində qurulmuş yüksək poetik-fəlsəfi əsərdir.

Şeir "qolu-budağı qırılmış" ağacların sırası ilə "sənsizliyə aram-aram uzanan" ömür yolunun dramatik mənzərəsi ilə başlayır. Lirik "mən" itmiş xəyallarını kürəyinə şələləyərək təbiətin əzəmət və tənhalıq rəmzi olan çinarla dərdləşir:

Qarşımdakı tənha qalan
Bir çinarla dərdləşirəm!
Təzələnir yenə yaram!
Bu yolun da üzü bozdu!
Mənə gələn ağır gələr!
Kökü yanmış ağacların
Dibində olmaz pöhrələr!

Burada "Kökü yanmış ağacların / Dibində olmaz pöhrələr!" misraları həm fərdi ümidsizliyin, həm də mənəvi köklərindən qopan varlığın gələcəksizliyinin sərt fəlsəfi ifadəsidir.

Şeirin ən dərin intellektual-fəlsəfi zirvəsi insan idrakının sərhədlərini və sualın müqəddəsliyini açan misralarda cəmlənir:

Qəlbimdəki suallarım
Bir az dəli, bir az çılğın!
Onsuz cavab gözləmirəm!
Cavabsız qalan suallar,
Bəzən bizdən müdrik olur!
Gəlişi gözəl olmayan,
Hikmət olur, böyük olur!

"Cavabsız qalan suallar bəzən bizdən müdrik olur", - hökmü dünya fəlsəfi lirikası səviyyəsində səslənən aforizmdir. Şairə sübut edir ki, insanı kamilləşdirən hazır və bəzəkli cavablar deyil, bəlkə cavabını tapa bilmədiyi, lakin onu ömür boyu düşünməyə və mənən böyüməyə vadar edən ağır, hikmətli suallardır.

Şeirin finalı insan taleyinin ən incə psixoloji təzadını üzə çıxarır:

Arzularım dəniz idi!
Sənsizliklə aramızda,
Dərya durdu, dəniz durdu.
“Dəli qız”ın ürəyini
Çox sevdiyi dəniz qırdı.

İnsan bəzən yadların zərbəsindən deyil, məhz ən çox sevdiyi, arzularını bənzətdiyi və sığındığı ünvandan, "çox sevdiyi dənizdən" yaralanır. "Dəli qız" obrazının səmimiyyəti ilə "dəniz"in sərt həqiqəti arasındakı bu toqquşma şeiri yüksək lirik-dramatik zirvədə tamamlayır.

 "Bu gecə şipşirin şeir yazacam" şeiri isə yaralı ruhun şirin sözü və illüziyalardan qurtuluşudur. Şairənin poetik dünyasında "şirin şeir" yazmaq əslində qəlbin ən ağrılı qaysaqlarını qoparmaq, özünü hər cür zahiri bəzəkdən təmizləyərək çılpaq həqiqətlə üz-üzə qalmasıdır.    "Bu gecə şipşirin şeir yazacam" şeiri Adilə Aslanın yaradıcılıq prosesinin psixoloji anatomiyasını və mənəvi oyanış məqamını əks etdirən proqram xarakterlidir.

Şeir paradoksal bir təzadla başlayır. Müəllif "şipşirin şeir" yazmağa hazırlaşdığını bəyan etsə də, bu şirinliyin mənbəyini "ruhumun yarımçıq qalan yerindən" və "ciyərin qaysaqlarını çıxarmaqdan" alır:

Bu gecə şipşirin şeir yazacam,
Ruhumun yarımçıq qalan yerindən.
Çıxarıb ciyərin qaysaqlarını,
Büsbütün qovrulan, talan yerindən.
Pərvanə eşqinə yanan şəm kimi,
Adını unudan bir sərsəm kimi,
Cığası dağılan bir sənəm kimi,
Mehrimin dağ-daşa salan yerindən.

Klassik Şərq poeziyasının əzəli şəm və pərvanə rəmzi burada özünü unutmaq ("adını unudan bir sərsəm kimi") və eşq yolunda yanmaq fəlsəfəsi ilə birləşir. Şeirin üçüncü və dördüncü bəndləri isə Adilə xanım Aslanın sənət manifesti kimi səslənir:

Qütbü bilinməyən, qədəri sonsuz,
Ənliksiz, kirşansız, bəzəksiz, donsuz,
Dəyişmir şüarı, nidası onsuz,
Özümü özümdən alan yerindən.
Kölgələr günəşi gizlətməz daha,
Satdım kədərimi bahadan baha.

"Ənliksiz, kirşansız, bəzəksiz, donsuz", - ifadəsi şairənin söz sənətinə münasibətini səciyyələndirir. Onun poeziyası süni bəzəklərdən uzaq, bütün çılpaqlığı və səmimiyyəti ilə görünən ruhun özü, kədərini ucuzlaşdırmayıb "bahadan baha satması" isə yaşanan ağrılara verilən ali mənəvi dəyərin göstəricisidir.

Şeirin final bəndi demək olar ki, keçmişin saxta illüziyaları ilə vidalaşma və daxili azadlıq aktıdır:

Asacam özümü köhnə nağıldan,
Məchul qəhrəmanlar çıxıb ağıldan,
Qurtarıb canımı quru "sağ ol"dan,
Tutacam dilimin yalan yerindən.

"Asacam özümü köhnə nağıldan" misrası çox güclü poetik tapıntıdır. Burada insanı keçmişin xəyallarına bağlayan "köhnə nağıl"dan xilas olmaq, "quru sağ ol" kimi riyakar təsəllilərdən uzaqlaşmaq və öz dilinin "yalan yerindən" (özünü aldatmaqdan) tutaraq gerçəkliyə qayıtmaq iradəsi ifadə olunmuşdur.

Adilə xanım Aslanın yaradıcılıq yoluna yekun vurarkən onun "Mənə şair deyirlər" şeiri şairənin bütün poetik dünyagörüşünün, səmimiyyətinin və söz qarşısındakı müqəddəs məsuliyyətinin ən parlaq ifadəsi kimi diqqəti cəlb edir. Bu şeir zahirən bir inkar ("Deyiləm, Allah haqqı!") üzərində qurulsa da, mahiyyət etibarilə müəllifin nə qədər həqiqi, ilahi ilhamla yoğrulmuş bir şair olduğunu təsdiqləyir.

Şeir həsrətlə göy üzünə uzanan əllərin, bəxtinə doğan on dörd günlük Ayın və ümid zərrələrindən pərvazlanan "yaşıl kəpənək" obrazının zərif təsviri ilə başlayır:

Hər ümid zərrəsindən
Yaşıl kəpənək uçur.
Gen açıb qollarını,
Bəxtsiz dünyanı qucur.

Burada "yaşıl kəpənək" həyatın, yenilənmənin və şəfqətin rəmzidir; o, "bəxtsiz dünyanı" öz qolları ilə qucaraq ona sevgi və ümid bəxş etməyə çalışır. Bu, şair qəlbinin təkcə öz ağrısını deyil, bütöv dünyanın dərdini qucaqlayan humanist böyüklüyünün göstəricisidir.

Şeirin fəlsəfi ağırlıq mərkəzi dördüncü bənddə, yüksək gərginlik və metafizik diriliş ideyasında cəmlənir:

Öz ölçümdən, biçimdən,
tarım çəkilmiş ipəm.
Bir toxunuş bəsimdir,
Ölüb yenidən bitəm.

"Tarım çəkilmiş ip" kimi hər an qopmağa və ya ən incə səs çıxarmağa hazır olan şair ruhu "bir toxunuşla ölüb yenidən bitmək" məqamına çatır. Klassik Şərq irfanındakı "ölmədən öncə ölmək" və yenidən doğulmaq fəlsəfəsi burada qadın qəlbinin kövrək, lakin yenilməz poetik duyumu ilə ifadə olunur.

Şeirin final bəndi Tanrıya üz tutan səmimi dua və sənətkar təvazökarlığının zirvəsidir:

Tanrı, al qanadına!
Göstər haqqı, nahaqqı.
Mənə şair deyirlər,
Deyiləm, Allah haqqı!

"Mənə şair deyirlər, / Deyiləm, Allah haqqı!" misraları zahiri təvazökarlıq pərdəsi altında əsl şairliyin fəlsəfəsini açır. Adilə xanım Aslan üçün şairlik sadəcə titul və ya ad deyil, Tanrı qanadında haqqı və nahaqqı görmək məsuliyyətidir. Məhz bu böyük məsuliyyəti dərk etdiyi və özünü bu uca zirvə qarşısında təvazökar hiss etdiyi üçün o, sözün əsl mənasında həqiqi şairdir.

Adilə xanım Aslanın  poeziyası çağdaş Azərbaycan qadın lirikasında özünəməxsus səsi, səmimiyyəti və dərin daxili mədəniyyəti ilə seçilir. Şagird dəftərlərindən başlayan saf və həyalı ilk misralardan ("Şagird dəftərində qalan şeirlər") üzü bəri şairənin keçdiyi yaradıcılıq yolu insan ruhunun zamanla, sınaqlarla və həqiqət axtarışları ilə zənginləşən mənəvi təkamül yoludur. Müəllif "Gəlmə olduğun yerə" şeirində sevginin məkan və zaman sərhədlərini aşan irfani vəhdətini, "Qafiyəsiz şeir kimi olmuşam" əsərində zahiri qəliblərə sığmayan ruhun azadlığını və "lal suların" gizli hayqırtısını, "Kaş ki…" şeirində "sevilən kədərin" estetikasını və ürək-ağıl hesablaşmasını, "Arzularım dəniz idi" şeirində  "cavabsız qalan sualların müdrikliyini", "Bu gecə şipşirin şeir yazacam" şeirində isə "ənliksiz, kirşansız, bəzəksiz" çılpaq həqiqət manifestini bədii ustalıqla ortaya qoymuşdur.

Nəhayət, "Mənə şair deyirlər" şeirində "Deyiləm, Allah haqqı!" deyərək böyük sənətkar təvazökarlığı nümayiş etdirən Adilə xanım Aslan, əslində elə bu misralarla özünün əsl şair olduğunu bütün oxuculara təsdiqləyir. Çünki onun poeziyası süni pafosdan uzaq, Tanrı dərgahına uzanan, haqqı və nahaqqı ayıran, "bəxtsiz dünyanı yaşıl kəpənək şəfqəti ilə qucaqlayan" həqiqi şair ruhunun səsidir.

Sonda dəyərli söz ustadı və incə qəlbli şairə Adilə xanım Aslana möhkəm cansağlığı, tükənməz ilham və yeni yaradıcılıq uğurları arzulayıram. Arzu edirəm ki, "şagird dəftərindən" başlayan o saf və həyalı söz sarayı hər zaman yeni incilərlə zənginləşsin, ümid zərrələrindən pərvazlanan "yaşıl kəpənəkləri" bütün dünyaya sevgi və şəfqət daşısın, "ənliksiz, kirşansız, bəzəksiz" həqiqət səsi isə Azərbaycan poeziyasında daim ucalıqla səslənsin!!!

 

Lütviyyə Əsgərzadə, 

Filologiya elmləri doktoru