adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2026 11:38
54
ƏDƏBİYYAT
A- A+

ARZU YILMAZ DAĞDEMİR

ARZU YILMAZ DAĞDEMİR-  Örnək ola biləcək milli və dünyəvi düşüncə tərzinə malik, Atatürk sevdalısı, türk milliyyətçisi, TRT kanalının aparıcısı və ssenaristi... Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı filmin də müəllifidir. Onu ilk dəfə Bursa tədbirimizdən tanıdım. Sonra Özbəkistanda yenidən bir araya gəldik. Bir ay yarım öncə isə Bakıya qonaq gəldi. Dəyərli dostlarla birlikdə unudulmaz günlər yaşadıq. Bu günlərdə Bodrum və Didimdə gerçəkləşdirdiyimiz tədbirin aparıcısı da məhz o idi. Arzu xanım o qədər mehriban, səmimi və istiqanlı insandır ki, adam onun söhbətindən, xoş ünsiyyətindən doymaq bilmir. Hər kəsin olduğu mühitə özünəməxsus bir istilik, bir doğmalıq gətirir. Onu hər yerdə sevənlərin çoxluğuna təəccüblənmirəm. Çünki bu sevginin arxasında gözəl bir qəlb, zəngin mənəviyyat və səmimi insanlıq dayanır. Mən də onu bir Atatürkçü, bir Bozqurdçu, türk milli düşüncəsinə bağlı, milliyyətçi ruhlu, əsl türk xanımı kimi sevdim və doğmam kimi sayğı duydum. Türkiyə səfərimizin yorğunluğu hələ tam çəkilib getməyib. Bodrumun, Didimin xoş xatirələri, dostlarla yaşadığımız unudulmaz anlar hələ də yaddaşımızda təzədir. Tədbirlərimizin ərsəyə gəlməsində, təşkilati işlərşn uğurla həyata keçirilməsində böyük əməyi olan Arzu Yılmaz Dağdemir haqqında bir təşəkkür məktubu yazmaq istəyirdim. Sonra düşündüm ki, bəzən sözün ifadə edə bilmədiyini misralar daha gözəl söyləyir. Bir də baxdım ki, onun gözəl qəlbinin, nəcibliyinin və könül oxşayan xarakterinin vəsfi artıq misralara düzülüb, bulaq kimi çağlayır... Elə buna görə də təşəkkürümü bu dəfə sözlərlə deyil, şeirlə ifadə etməyi üstün tutdum. Sizə sonsuz təşəkkürlərimi sunuram, əziz ablacığım Arzu Yılmaz Dağdemir! Var olun, həmişə belə gözəl, belə nurlu qalın!

O, Xan qızı, o, Bəy qızı,

Günəş yoldan əylər qızı.

Göy ulduzu, göylər qızı,

Ha yalvar, yerdə qalmaz-

Arzu Yılmaz, Arzu Yılmaz!

 

Yüzlər gedər qalar "ən"i.

Hər yerdə dost dostun təni.

Bax, beləcə sevdik səni,

Ad-sanına kölgə salmaz-

Arzu Yılmaz, Arzu Yılmaz!

 

Cəngi üstə saz havası,

Qoy çalınsın naz havası.

Nə gözəldi yaz havası!

Qəlbindəki çiçək solmaz-

Arzu Yılmaz, Arzu Yılmaz!

 

Bahar ötüb, may çıxmadı,

Bir gecə də ay çıxmadı.

Yarışdılar, tay çıxmadı,

Gözəllik də belə olmaz-

Arzu Yılmaz, Arzu Yılmaz!

 

Gedib-gələk dönə-dönə,

Can Vətəndən can Vətənə.

Türkoğlutək hər ötənə

Salam verməz, salam almaz-

Arzu Yılmaz, Arzu Yılmaz!

 

Hörmətlə, İlqar TÜRKOĞLU